AQTA-dan aktual suala gecikən cavab...

19-06-2019, 00:08           
AQTA-dan aktual suala gecikən cavab...
Son dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiya Federasiyasına göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması halları artıb.

Sonuncu dəfə Rusiya Federasiyasına göndərilən xeyli miqdarda pomidor geri qaytarılıb. Ölkəyə buraxılmayan məhsulun bir hissəsi isə tamamilə zay olub. Səbəb olaraq pomidorun tərkibində Amerika güvəsinni aşkarlanması göstərilib.

Maraqlıdır, həmin pomidorlaırn aqibəti necə olur, Azərbaycan bazarına daxil olan məhsul yoxlanılır? Tərkibində zərərli maddə olarsa, geri qaytarılma halları baş verir?

Məsələ ilə bağlı Cebhe.info-nun sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarətini həyata keçirildiyini bildirib: “Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartların tələblərinə və milli qanunvericiliyə uyğun olaraq, hər bir idxalçı ölkə tərəfindən ərazisinə daxil olan fitosanitar karantin nəzarətində olan materiallara, o cümlədən məhsullara fitosanitar karantin baxışı tətbiq olunur (yükü müşaiyət edən sənədlərə, nəqliyyat vasitələrinə, qablaşdırma materiallarına, bitki və bitkiçilik məhsullarına).



Karantin baxışı zamanı uyğunsuzluq aşkar edilməsə, yükün idxalına icazə verilir. Aşkar edilmiş hər hansı bir uyğunsuzluq Fitosanitar Tədbirlər üzrə 13 nömrəli Beynəlxalq Standartla tənzimlənir. Həmçinin ölkədən ixrac olunan bitki və bitkiçilik məhsullarına idxalçı ölkə tələb edərsə, Agentlik tərəfindən fitosanitar sertifikatı verilir. Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartların tələblərinə və milli qanunvericiliyə uyğun olaraq idxal olunan yükdə karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, yük zərərsizləşdirilə, emal edilə, məhv edilə və ya geri qaytarıla bilər. Fitosanitar Tədbirlər üzrə 13 nömrəli Beynəlxalq Standartın tələbinə əsasən uyğunsuzluq aşkar edildiyi təqdirdə idxalçı ölkə ixracatçı ölkəyə dərhal rəsmi bildiriş verir”.

Qida Təhlükəsizlik Agentliyi eyni zamanda Amerika güvəsnin tərkibi haqqında da məlumat verib: “Amerika güvəsi adlandırılan zərərli orqanizm pomidor güvəsidir. Azərbaycan üçün xarici karantin hesab olunur. Azərbaycanda daxili karantin olaraq qeydə alınmayıb.

Zərərvurma potensialı yüksək olan bu növ zərərverici, açıq və istixana şəraitində yetişdirilən pomidorun əsas zərərvericilərindəndir. Sürfələri pomidor bitkisinin kökündən başqa bütün hissələrinə inkişaf mərhələlərində ziyan vurur. Yumurtadan çıxan sürfə meyvə, yarpağ, zoğ və gövdəyə girərək qidalanmağa başlıyır. Sürfə pomidorun yarpaqlarında iki epidermis arasına daxil olub lağımlar açaraq qidalanır. Sürfənin yarpaqda açdığı lağımlar geniş olub şəffaf boşluqlar şəklində özünü biruzə verir. Bu lağımlar daha sonra nekrotik (çürümə) qəhvəyi ləkələrə çevrilərək quruyur. Yarpaqda və meyvədə açılan lağımlarda zərərvericinin qara rəngli ifrazatını topa şəklində görmək mümkündür. Bitkinin yaşıl hissəsində açılan lağımlar nəticəsində bitki bütünlüklə quruya bilir. Zərərverici daha çox yetişməmiş pomidor meyvələrini üstünlük verərək, kasa yarpaqlarından keçir. Zərərvericinin meyvədə açdığı lağımların görüntüsü qarışıq olub, meyvənin hər tərəfindən görülə bilir. Meyvədə açılan lağımlara fərqli mikroorqanizmlərin daxil olması ilə çürümələr meydana gəlir. Kütləvi çoxalma zamanı pomidor məhsulunda 50-60% itkiyə səbəb olur”.

Qeyd edək ki, Rusiyadan qaytarılan pomidorlarla bağlı sual Azərbaycan Qida Təhlükəsizlik Agentliyinə 10 iyun tarixində ünvanlansa da, cavab 18 iyunda verilib. Və bundan sonra daha bir dəfə Rusiya ölkədən ixrac edilən 36 ton pomidoru eyni səbəblə geri qaytarıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.