Qarabağ veteranı ölkə prezidentinə müraciət etdi: "Hörmətli, cənab Prezident!.." ŞİKAYƏT

19-06-2019, 10:22           
Qarabağ veteranı ölkə prezidentinə müraciət etdi: "Hörmətli, cənab Prezident!.." ŞİKAYƏT
Teref.az müharibə veteranının ölkə prezidentinə şikayətini təqdim edir:
Azərbaycan Respublikasının prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarına
Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikasının müharibə veteranı, Azərbaycan Respublikasının DİN-nin Daxili Qoşunlarının ehtiyatda olan baş giziri, Bakı şəhəri, Nərimanov rayonu, Y. V. Çəmənzəminli 129 ünvanda yaşayan Məhərrəmov Akif Hüseyn oğlu tərəfindən
Əlaqə telefonu: (055) 222-87-88


Hörmətli, cənab Prezident!
Mən 01.11.1973 tarixdə Tovuz rayonunun Xatınlı kəndində anadan olmuşam, Xatınlı kənd orta məktəbini 1990-cı ildə bitirib, 1992-ci ilin aprel ayında Daxili Qoşunların Montində yerləşən hissəsində əsgəri xidmətə başlamışam. 12 iyun 1992-ci ildən etibarən Ağdam rayonuna ezam olunmuşam və 07.02.1999-cu il tarixədək döyüş bölgəsində xidmət etmişəm. Ağdam rayonunun Aranzəmin, Naxçıvanik kəndləri istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı olmuşam. Həmin döyüşlər zamanı 1992-ci il iyun ayının 30-da döyüşlərdə kontuziya almışam. Müalicədən sonra yenidən Ağdama qayıdıb xidmətimə davam edərək, Ağdam rayonu ərazisində keçirilən hücum əməliyyatlarının fəal iştirakçısı olmuşam.
1993-cü ilin payızında xidmət etdiyim alay Fizuli isiqamətinə göndərilib. Füzuli istiqamətində döyüşlərdə fəal iştirak etmişəm. Xüsusilə də ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə keçirilən və Ordu quruculuğumuzun uğurlu təməli hesab edilən Horadiz əməliyyatında əvvəldən sonadək iştirak etmişəm. Həmin döyüşlərdə güllə yarası alaraq “Sağ bazunun aşağı 1/3-nin güllə yarası” diaqnozu ilə müalicə olunduqdan sonra, yenidən döyüş yoldaşlarımın yanına qayıdaraq, Vətənimi müdafiə etməyi özümə şərəf bilmişəm. Beləliklə də cəbhə bölgəsində 1999-cu ilin fevral ayına qədər xidmət etdikdən sonra Daxili Qoşunların müxtəlif bölmələrində xidmətimi 2018-ci ilin oktyabr ayına qədər davam etdirmişəm. Cəbhə bölgəsində xidmətdən sonra Ölkəmizin müxtəlif bölgələrində ictimai asayişin mühafizəsində və separatizmə qarşı mübarizədə Daxili Qoşunların qarşısında qoyulan vəzifələrin icrasında iştirak etmişəm. Xüsusilə də Bakı şəhərində 2003-cü ilin oktyabr ayında prezident seçkilərindən sonra ölkəmizdə çaxnaşma yaratmaq, sabitliyi pozmaq məqsədilə törədilən kütləvi iğtişaşların qarşısının alınmasında bilavasitə iştirak etmişəm. Bundan əlavə 2005-ci ildə parlament seçkiləri, məlum Nardaran hadisələri zamanı ictimai təhlükəsizliyin təmin edilməsi üzrə mühüm tapşırıqların fəal iştirakçısı olmuşam. Qeyd edim ki, xidmətim ərzində dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılmışam, qüsursuz xidmətlərimə görə bütün dərəcə medallarla təltif edilmişəm.
Lakin xidmət dövrü ərzində sağlamlığıma dəymiş zərərlər nəticəsində bir çox xəstəliklərə düçar olmağım, 2018-ci ilin oktyabr ayında hərbi xidmətdən ehtiyata buraxılmağıma səbəb olmuşdur. Belə ki, döyüşlər zamanı aldığım güllə yarası, kontuziya kimi döyüş travmaları, malyariya və s. kimi infeksion xəstəliklər, 7 il fasiləsiz döyüş bölgəsində xidmətin sağlamlığımda yaratdığı digər fəsadlar xidmətimi davam etdirməyə imkan verməmişdir. Hərbi-həkim komisiyyasının rəsmi rəyinə görə, müayinələr zamanı məndə “Qarın boşluğunda güclənmiş meteorizm əlamətləri, xroniki pankreatit, sinustaxikartiyası, OU-qeyri proliferative diabetik netipatiya, diabetik polineropatiya, simptomatik arterial hipertenziya, diabetik nefropatiya, arterial hipertenziya, xroniki böyrək çatışmazlığı birinci mərhələ müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, məndə şəkərli diabet, 2-ci tip, insulin tələbli forma, ağır gedişli. Diabetik polineropatiya. Xroniki böyrək çatışmazlığı birinci mərhələ ilə müşahidə olunan diabetik nefropatiya. Arterial hipertenziya. OU-qeyri proliferative diabetik retinopatiya vardır.
Mənim barəmdə tərtib edilmiş xəstəlik haqqında şəhadətnamədən göründüyü kimi aldığım xəsarətlər və travmalar “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı və hərbi xidmət dövründə qazanılmışdır. Məhz DİN DQ HHK-nın 1353 nömrəli 14.09.2018-ci il tarixli qərarına əsasən “D” – Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmişəm.
Hörmətli, cənab Prezident!
Mənim sağlamlığım təhlükə qarşısındaır. Nə edəcəyimi bilmirəm. Özümü çarəsiz hiss edirəm. Bununla belə ümidsiz deyiləm. Müraciət etdiyim ixtisaslı həkimlərin bildirdiyinə görə, səhətimdə yaranmış yuxarıda qeyd olunan problemlərin həlli üçün böyük miqdarda vəsait və uzun sürən prosedurlar tələb olunur. Əgər qeyd olunan ixtisaslı tibbi yardım göstərilməsə qısa zaman ərzində səhhətimin daha da pisləşəcəyi və hətta həyatımın təhlükə altında qalacağı bildirilmişdir. Mən isə həyatımla vidalaşmaq istəmirəm. Övladlarım həddi buluğa çatmamışdır, onların sərbəst qazancları yoxdur.
Hərbi xidmət müddətində ailə üzvlərimin normal yaşayış şəraitini təmin etmək imkanım olmadığından, həyat yoldaşım Şirinova İlhamə Şahniyar qızı 2-ci qrup əlillik dərəcəsi almış və mənim himayəmdə olan oğlum Məhərrəmov Akşar isə şəraitsizlikdən 2-ci qrup əlillik dərəcəsi almışdır. Həm öz sağlamlığımda həm də ailə üzvlərimin sağlamlığında olan problemlər mənə həm maddi, həm mənəvi həm də fiziki cəhətdən əziyyət verir.
Əlbəttə ki, Hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması nəticəsində Daxili Qoşunların Komandanlığı tərəfindən 2006-cı ildə Daxili Qoşunların hərbi qulluqçuları üçün tikilmiş binada xidməti mənzillə təmin edilmişəm və hal hazırda da həmin mənzildə ailə üzvlərimlə birgə yaşayıram. Lakin yuxarıda qeyd etdiyim kimi, xəstəliyimlə əlaqədar hərbi xidmətdən tərxis olunduğum üçün, fəaliyyətdə olan hərbi qulluqçuların yaşaması məqsədilə nəzərdə tutulmuş həmin mənzili tərk etmək məcburiyyətindəyəm.
Mənim isə həmin xidməti mənzili tərk edəcəyim halda özümün və ailə üzvlərimin yuxarıda qeyd etdiyim səbəblərdən yaşayışını təmin etmək imkanım yoxdur. Mənim və ailə üzvlərimin xəstəliyi, eyni zamanda maddi vəziyyətim mənzil kirayələməyə imkan vermir.
Onu qeyd edim ki, təqvim ili ilə 27 il, güzəştlə 34 ildən çox xidmət müddətim vardır. Buna görə də “Hərbi qulluqçuların statusu haqqında” Qanuna görə mənzillə təmin olunmalıyam. Bununla əlaqədar Daxili Qoşunlarda mənzil təminatı ilə əlaqədar növbəyə dayanmışam. Lakin qeyd etdiyim kimi tərxis olunduğum üçün həmin nöbvbəm ləğv olunaraq, yenidən yaşayış üzrə yerli icra hakimiyyəti orqanında növbəyə durmalıyam. Bu isə uzun çəkən proses olur. Mənim və ailə üzvlərimin sağlamlıq vəziyyəti həmin növbəni gözləməyə imkan vermir.
Bununla belə, Xəzər rayon İH –nə müraciətimə də laqeyd yanaşılır, balanslarında Müharibə veteranları üçün mənzilllərin olmadığını bildirirlər. Bu paradoksu anlamaq bir əlil, veteran kimi mənə çox çətindir. Qanunla mən evlə təmin olunmalıyam. Xidmət etdiyim Daxili Qoşunlar məni mənzillə təmin etmədən, tərxis edir, mənzilin Xəzər RİH tərəfindən verilməli olduğunu bildirir, Xəzər RİH isə öz növbəsində balansında mənə veriləcək mənzilin olmadığını bildirir.
Hörmətli, cənab Prezident!
Bu məktubu mən Sizə böyük ümidlərlə ünvanlayıram. Sizin tərəfinizdən dövlətimizin sosial siyasəti və veteranlara göstərilən qayğı daha da güclənmişdir. Bu sahədə gördüyünüz uğurlu və planlı dövlət siyasətini bəyənir və tam dəstəkləyirəm.
Son dövrlərdə bəzi qüvvələr tərəfindən veteranları Sizin siyasətinizdən narazı salmaq üçün qaraguruhçu işlər aparılır, konkret fərdi problemlər, bütün veteranların narazılığı kimi qabardılmağa çalışılır. Veteranların da belə destruktiv fəaliyyətlərə cəlb edilməsi üçün təbliğat aparılır. Lakin mən bildirirəm ki, həmişə olduğu kimi bu gün də Dövlətimin əsgəriyəm, həmişə dövlətçiliyin qorunmasında canımı və qanımı əsirgəməyəcəyəm.
Bildirirəm ki, qeyd etdiyim əsaslı səbəblər olmasaydı, bu müraciəti də ünvanlamazdım. Bununla belə bildirirəm ki, əgər sağlamlığım imkan verərsə yenə də bütün varlığımla AR prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Sizin istənilən əmrinizi yerinə yetirməyə hazıram.
Hörmətli, cənab president!
Yuxarıda göstərilənləri nəzərə alaraq Sizdən çox böyük ümidlə xahiş edirəm ki, mənim mənzillə təmin olunmağıma, mənzillə təmin olunanadək hazırda yaşadığım xidməti yataqxanda ailə üzvlərimlə birgə yaşayışıma icazə verilməsinə və səhhətimin bərpa olunması üçün dövlət hesabına ixtisaslı tibbi yardım göstərilməsinə kömək göstərəsiniz.
Çox böyük ümidlə və hörmətlə,
Məhərrəmov Akif Hüseyn oğlu

Bu məktub Daxili Qoşunlara göndərilib. Onlar isə əlil veteranın yataqxanada işığını kəsib, özünü də içəri buraxmırlar. Dünən birtəhər keçə bilib, gecə şam işığında oturub, indi faktiki həbs vəziyyətində yaşayır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.