Əlillik dərəcəsi necə alınır: “Nə cavab verirlər, nə özləri hazırlayır” - Ağcabədidən ŞİKAYƏT var

20-06-2019, 10:04           
Əlillik dərəcəsi necə alınır: “Nə cavab verirlər, nə özləri hazırlayır” - Ağcabədidən ŞİKAYƏT var
“Ağcabədi rayon Mərkəzi Xəstəxanasında pasientlərə etinasız yanaşırlar”.

Bunu Cebhe.info-ya şikayətində rayon sakini Emin Şahverənov deyib. O, atasına əlillik dərəcəsi almaq üçün müraciət etdiyi xəstəxana rəhbərliyinin onları düzgün istiqamətləndirmədiyini bildirib. Onun sözlərinə görə, Ağcabədi rayon Mərkəzi Xəstəxanası 3 ildir ki, əlillik üçün lazımi sənədlərin alınmasını yubadır:

“Atam Şahverənov Məhəmməd 1959-cu il 21 fevralda Ağcabədi rayonu Qaraxanlı kəndində anadan olub. 25 il əmək fəaliyyəti ilə məşğul olub. 2016-cı il oktyabrın 24-də Topçubaşov adına Xəstəxanada açıq ürək əməliyyatı keçirib və bundan sonra iş qabiliyyətini tamamilə itirib. Hazırda heç bir yerdən gəliri yoxdur. Atam əməliyyat oldunqdan sonra bir müddət Ağcabədi rayon Mərkəzi Xəstəxanasında müalicə aldı. Biz əlillik dərəcəsi almaq üçün xəstəxana rəhbərliyi ilə əlaqə saxladıq. Çünki konkret olaraq hansı sənədlər lazım idisə, onları toplamalıydıq. Əlillik dərəcəsi almaq üçün lazımi sənədləri Ağcabədi rayon Mərkəzi Xəstəxanası verməlidir. Lakin üç ildir bizi bu gün, sabah deyərək yubadırlar. 3-4 baş həkim dəyişib və hələ də ortada nəticə yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik, imtina cavabı gəldi, səbəbi isə natamamlıq idi. Bu, bizim günahımız deyil, xəstəxanada sənədlər natamam hazırlanıb”.

Şikayətçi bildirib ki, baş həkim dəyişdikdə təxminən 5-6 ay işlər “donub”:

“Nazirlikdə əlilliyin təyin olunması ilə bağlı şöbə mövcuddur. Orda həmin şöbənin müdiri Gülnarə Hacıyevayla danışdım. O, məni Mətanət xanıma istiqamətləndirdi, amma Mətanət xanımın qəbuluna düşə bilmədik. Atam daim üstündə dərman saxlayır, heç bir iş qabiliyyəti yoxdur. Mən rayonda lazımi yerlərə bununla bağlı dəfələrlə müraciət etmişəm. Son olaraq rayonun indiki baş həkiminin qəbulunda olduq. Bizə hər şeyi həll edəcəyini, sənədlərin tam şəkildə hazırlanacağını, təsdiq sənədinin gələcəyini bildirdi. Sonuncu dəfə may ayının 3-də atamla birgə xəstəxanada olduq. İşçilərdən biri baş həkimin orada olmadığını dedi. Bir müddət sonra baş həkim bizə bildirdi ki, ondan əvvəlki həkimlər sənədlərə nə edibsə, düzgün məlumat yoxdur. Mən bundan sonra Topçubaşov adına Xəstəxanaya getdim. Arxivdən atamın bütün sənədlərini iki -iki çıxartdırdım. Sənədləri təzədən yığmalı olduq, amma ikinci dəfə də imtina gəldi”.

Şikayətçi bildirib ki, yenidən baş həkimlə danışdığı zaman həmsöhbəti ona “Mən ancaq sənədləri göndərə bilərəm. Mən kimə müraciət edim? Bütün səlahiyyət onlardadır” deyib:

“Məni o həddə çatdırdılar ki, onlardan şikayət etməli oldum. Bir işimi qanunla normal həll edə bilmədilər. Baş həkimlə son dəfə də danışmaq istədim, o isə mənimlə təhqiramiz danışdı. Bizə nə konkret almalı olduğumuz sənədləri deyirlər, nə hazırlamalı olduqları sənədləri hazırlayırlar. İmtina cavabı gəlib, bunu da bizə xəbər vermirlər. Bu dərəcə etinasızlıq olmaz. Mən Səhiyyə Nazirliyinin 9103 qaynar xəttinə də bütün məlumatları verdim. Ondan da bir xəbər gəlmədi”.

Qeyd edək ki, məsələ ilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fövzi Tahirovun mövqeyini öyrənmək istəsək də, o, gün ərzində telefon zənglərinə cavab vermədi.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.