Rayonlarda arpa bahalaşıb – məhsulun İraq və İrana aparıldığı deyilir

1-07-2019, 16:28           
Rayonlarda arpa bahalaşıb – məhsulun İraq və İrana aparıldığı deyilir
Quşçuluq təsərrüfatı ilə məşğul olan fermerlərin verdiyi məlumata görə, bu il arpa ötən illə müqayisədə daha bahadır. Belə ki, fermerlərdən arpanın 1 kiloqramını 35 qəpiyə alırlar, ötən il isə bu rəqəm 20 qəpik olub.

Halbuki bu il məhsulun daha bol olduğu bildirilir. Bəs görəsən, bu qiymətin səbəbi nədir? Bu il kənd təsərrüfatında taxıl məhsullarının biçini necə gedir?

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu sahədəki son yeniliklər müsbət nəticələr yaradıb: “Son vaxtlar əsas taxılçılıq rayonlarımızda biçin prosesinin gedişini yaxından müşahidə etməyə çalışıram. Bu müşahidələrə əsasən deyə bilərəm ki, 50 hektara qədər olan sahələrin ilk növbədə biçilməsi, eyni zamanda kombaynların günlük iş rejiminin CPS vasitəsi ilə izlənməsi haqqında qərarlar müsbət nəticələr verib. Ümumilikdə, biçin prosesində ötənilki kimi gərginlik, texnika çatışmazlığı yoxdur. Rəsmi məlumatlara əsaslansaq, sahələrdə 1700-dən çox texnika işləyir. Bu il iri təsərrüfatlar sahələrinin biçilməsini kiçik təsərrüfatların hesabına həyata keçirmirlər, bu müsbət haldır. Görünür, KTN onlara izah edə bilib ki, öz texnika parkınınızı yaratmalısınız. Yoxsa, mövsümdə xırda fermerlərı sıxışdırmaq olmaz. Biçin başlamazdan əvvəl bir neçə iri təsərrüfat xarici ölkələrdən kombaynlar alıb gətirdilər, gələn il bu prosesi daha da gücləndirəcəklər. Ağır texnikaların avtomobil yollarında təhlükəsiz hərəkətini təmin etmək üçün kombaynlar dislokasiya yerlərini gecə vaxtları, yollarda hərəkətin minimuma endiyi vaxt həyata keçirir ki, bu da müsbət haldır”.
N.Nəsirli bildirdi ki, artıq biçin 70 faiz həyata keçirilib: “Rəsmi rəqəmlərə görə, bu il iyun ayında biçilmiş taxıl sahələri ötən ilin iyun ayındakından 210 min hektardan çoxdur ki, bu da prosesin sürətli aparıldığını deməyə əsas verir. Artıq 1 milyondan çox taxıl sahəsinin 70 faizi biçilərək götürülüb. Hər il dağlıq ərazilərə texnika ilə bağlı narazılıq olurdu, amma bu il Lerik, Yardımlı kimi rayonlara da yeni kombaynlar cəlb edilib”.

Ekspertin sözlərinə görə, arpanın qiymətinin qalxmasının əsas səbəbi xaricə ixracdır: “Amma bu sahə problemsiz də deyil. Sahələrdə aşağıdakı problemləri görürük: Sertifikatlaşdırılmış toxumlardan istifadə olunmadığı üçün əksər sahələrdə, əsasən xırda təsərrüfatlarda məhsuldarlıq aşağıdır, ikincisi, bu il ilkin yaz mövsümi yağıntılı keçdiyi üçün sahələrdə alaq otlarına qarşı, xüsusən də taxıl üçün təhlükəli alaq olan vələmirə qarşı mübarizə tədbirləri ugurlu aparılmayıb. Elə sahələr var ki, heç ora kombayn salınmayacaq. Üçüncüsü, ötən ilə nisbətən bu il xüsusən arpanın qiyməti xeyli qalxıb. Adətən, biçin vaxtı arpa sahədən 0.21-0.24 qəpiyə satılırdı, bu il isə 0.28-0.34 qəpik arasındadır. Deyilənə görə, məhsul İran və İraqa aparılır. Arpa heyvandarlıq üçün ən əsas yem bitkilərindən biridir, heyvandarlıq və quşçuluqda çox istifadə olunur. Proses davam etsə, sonrakı aylarda bunu ətin qiymətində hiss edəcəyik. Onsuzda yem məhsullarında idxaldan ciddi asılılığımız var, ilboyu xaricdən böyük həcmdə yem gətirilir, biçin vaxtı ölkədən daşınıb aparılması yaxşı əlamət deyil. Bu məsələnin dövlət səviyyəsində ciddi təhlili aparılmalıdır, faktdırsa ixracına məhdudiyyət tətbiq etmək lazımdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.