Göyçayda narazılıq yaradan kimdir? - GİLEY

6-07-2019, 19:30           
Göyçayda narazılıq yaradan kimdir? - GİLEY
“Qoyun-quzunun, mal-qaranın yemlənməsi üçün otlaq sahələrimiz qalmayıb. Kəndin kənarındakı 5 hektardan çox örüş yeri zəbt olunub. Bələdiyyə sədri saxta sənədlə həmin sahələri iş adamlarına icarəyə verib, aylıq haqq alır. Həmin adamlar da ərazini çapıb, talayıb, daşını, torpağını daşıyırlar. O ərazi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində həmin ərazi örüş sahəsi kimi qeydiyyatdadır”.

Göyçayın Qaraməryəm kənd sakinləri kəndin ərazisindəki örüş sahələrinin əllərindən alınaraq daş karxanaları işlədən sahibkarlara verilməsindən gileylənirlər. Onların deməsinə görə, hazırda daş karxanaları kimi isitifadə olunan ərazilərdə uzun illər yüzlərlə mal-qara, qoyun-quzu otarılıb. İndi həmin ərazilər heyvanlar üçün təhlükəyə çevrilib:

“Hər yeri çapıb töküblər. Heyvanlar yaylaq kimi istifadə olunan ərazilərə qalxa bilmirlər. Çünki oraları çapırlar, iritonajlı yük maşınları gedib-gəlir. Heyvanlar otlamağa gedəndə istər-istəməz daş karxanalarına çevrilmiş nöqtələrdən keçməli olurlar. Təsəvvür edin ki, eyni yerdə həm daş karxanaları fəaliyyət göstərir, həm də qoyun-quzu otlayır. Səs-küy heyvanları hürküdür, pərən-pərən düşürlər. Səsdən hürküb qaçanda qayalardan yıxılıb tələf olurlar. Günün çox hissəsini karxanaların tozunu udan heyvan necə sağlam qala bilər? Sonra da o xəstə heyvan kəsilir, bazarda əhaliyə satılır...”



Başqa kənd sakini Vidadi Babayev də durumdan narazıdır. Deyir, illərdir ki, heyvanların otarıldığı ərazilər indi təhlükəyə çevrildiyindən kəndlilər heyvanları tövlələrdə saxlamağa məcburdular. Bu isə kəndlilərə maddi zərər vurur:

“Heyvanlarını otlaq sahələrinə buraxmayan kəndlilər məcburdular ki, heyvanlarını qapalı şəraitdə saxlayıb yemləsinlər. Yemi də pulla alırlar. Çöldə isə heyvan təbii, təzə otla qidalanır, arxlardan su içir... Əlbəttə ki, indiki şəraitdə saxlanan heyvan nə ət verər, nə bala, nə süd... Bir neçə adam karxanadan pul qazanır deyə, bütün kənddə heyvandarlıq məhv olur. O karxanaların icarəhaqqısı, vergisi ödənilirmi, bu da sual altındadır. Çünki o ərazilər sənəd üzərində otlaq sahələri kimi qeyd olunub, realda isə karxana kimi istifadə edilir”.

Sakinlər deyir, karxanaların fəaliyyəti üstəlik, təbiətə də zərər vurur. Qazıntılar, çapmalar zamanı yaşıllıqlar məhv edilir. Bundan başqa, günün 24 saatı karxanalardan daş, torpaq daşıyan ağır tonajlı maşınlar kəndin yollarını da yararsız vəziyyətə salıb. Sakinlər deyir, torpaqla, daşla dolu yük maşınları hər gün Ucar, Zardab istiqamətinə yollanır. Daş və torpaqdan yol çəkilişlərində istifadə olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.