İnflyasiyada artım gözləntisi: Reallıq, yoxsa? - TƏHLİL

8-07-2019, 10:17           
İnflyasiyada artım gözləntisi: Reallıq, yoxsa? - TƏHLİL
Sadə vətəndaşların ən çox müzakirə etdiyi mövzulardan biri də qiymətlərdir.

Bu günlərdə Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov bildirdi ki, hazırda inflyasiya göstəricisi 2,3-2,4% səviyyəsindədir: “Baxmayaraq ki, martın 1-dən Azərbaycanda əməkhaqları artırılıb, istehlak bazarında hər hansı bir qiymət artımı müşahidə etməmişik.

Güman edirəm ki, istehlak bazarına nəzarətlə bağlı, qiymətlərin süni artırılmasının qarşısının alınması ilə bağlı görülmüş tədbirlər, kənd təsərrüfatı yarmarkalarının təşkili, rəqabət mühitinin daha da yaxşılaşdırılması nəticəsində elə bir qiymət artımı olmayacaq. Hazırda inflyasiyanın faktiki səviyyəsi proqnozlaşdırılandan xeyli aşağıdır”. Qeyd edək ki, rəsmi orqanların açıqladığı bu cür rəqəmlər etibarlılığını itirib. Müstəqil ekspertlər illərdir ki, bu cür rəqəmlərin reallıqdan qat-qat aşağı olduğunu bildirir. Digər tərəfdən isə bazar iqtisadiyyatı tələb və təklif münasibətlərinə əsaslanır ki, burada da alıcılıq qabiliyyətinin artması inflyasiya yaradan amil hesab olunur.

İqtisadçı ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, istər ilin əvvəli ilə, istərsə də ötən ilin müvafiq dövrü ilə müqayisədə inflyasiya həddinin daha çox olması bazar qiymətlərindən aydın görünür:

“Azərbaycanda inflyasiya həddi, nəinki 3 faiz, ikirəqəmli ədədlə ölçülməlidir. Ən azı 10 faizdən çoxdur. İnflyasiya göstəricilərinin müəyyənləşməsi ilə peşəkar səviyyədə məşğul olunmalıdır ki, müqayisələrin aparılması mümkün olsun. Əvvəllər bununla İqtisadi Tədqiqatlar Mərkəzi ABŞ Dövlət Departamentinin dəstəyi ilə müstəqil qurum kimi məşğul olurdu. Həmin dövrdə vətəndaş cəmiyyətinin açıqladığı rəqəmlərlə Statistika Komitəsinin rəqəmləri arasında iki dəfə fərq olurdu. İndi də inflyasiya həddinin müəyənləşməsi ilə məşğul olan alternativ qurum olsa, nəticələr arasındakı fəqrlərin kifayət qədər böyük olduğunu görərik. Bunu bazara, dükana gedən hər bir vətəndaş hiss edir. Doğrudur, ayrı-ayrı məhsulların qiymətinin bahalaşması ilə dəqiq nəticə əldə etmək olmaz, amma hər halda qiymətartımı inflyasiyanın göstəricisidir”.

İqtisadçı bildirir ki, ilin birinci yarısında qiymətlər sürətlə artıb, ikinci yarısında isə inflyasiya göstəriciləri daha yüksək olacaq:

“Çünki əməkhaqları, pensiyalar artıb və sentyabr, oktyabr aylarından etibarən əhali həmin pul kütləsini əldə etməyə başlayacaq. Bununla alıcılıq qabiliyyəti yüksəlir, bu isə sahibkarlarda daha çox qazanmaq istəyi yaradır. Birbaşa xərc inflyasiyası yüksək həddə artacaq”.

Akif Nəsirli qeyd edib ki, bu məsələdə Azərbaycanı digər ölkələrdən fəqləndirən ən başlıca səbəb ölkədə rəqabət mühitinin olmamasıdır:

“Ona görə də ölkədə sahibkarların qiymət artımı həvəsini cilovlayacaq hər hansı mexanizm mövcud deyil. Hökumətin əlində yeganə mexanizm inzibati vasitələrdir. Həmin inzibati vaistələr də uzun müddət təsirə malik ola bilməz. Çünki hər an, hər yerdə satıcıya nəzarət edərək, bununla qiymətləri tənzimləmək mümkün deyil. Biz tez-tez məmurların dilində “süni qiymət artımı” sözünü eşidirik. Amma bazar iqtisadiyyatı mühitində süni qiymət artımı olmur. Ona görə ki, qiyməti bazar özü tənzimləməlidir. Bunun üçün isə bütün mexanizmlər işləməlidir. Bizdə çatışmayan ən vacib cəhət rəqabət mühitinin olmaması, ölkədə inhisarçılığın yüksək həddə olmasıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.