Bir daha dərsliklər haqqında - Ekspert dərslikləri tənqid atəşinə tutud...

14-07-2019, 21:30           
Bir daha dərsliklər haqqında - Ekspert dərslikləri tənqid atəşinə tutud...
Teref.az yazır ki, təhsil eksperti Etibar Əliyev dərsliklərlə bağlı fikirlərini bölüşüb. Etibar Əliyev yazır:
Uzun illərdir dərsliklərdəki qüsurlarla bağlı geniş müzakirələr aparılır. Əvvəllər səhvlər hədsiz çox idi və olduqca kobud səhvlər vardı. Bu səhvlər o qədər qabarıq idi ki, çox vaxt onları ekspertlər yox, valideynlər, müəllim olmayanlar, hətta şagirdlər tapa bilirdi. Hamıya elə gəlirdi ki, diqqətlə baxsa, istənilən dərsliyin istənilən səhifəsindən səhv tapa bilər.
Bu səhvlərin arasında ciddi məzmun yanlışlıqları da vardı, bayağı üslub, qrammatika, korrektura, vergül-nöqtə səhvi dediyimiz punktasiya səhvləri də.
Dərslikdən nümunələr cəmiyyətdə gülüş yaradırdı. Çünki adekvat olmayan situasiyalar və mətnlər dərsliklərə yol tapmışdı.
5-ci sinif "Ata Yurdu" dərsliyində yazılmışdı ki, Şirvanşah İbrahim qocalanda oğlu Xəlilullahı yanına çağırıb vəsiyyət edir. İbrahim şah oğluna deyir ki, “Baku-Kubənin mənzərəli yerində özünə bir saray tikdir. Metronun “İçərişəhər” stansiyası Şirvanşahlar sarayının yanındadır”.
Camaat dərslikləri ələ salıb gülürdü.
2012-ci ildə dərsliklərin monitorinqi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (indiki Dövlət İmtahan Mərkəzi) tapşırıldı.
Təhsil Nazirliyi isə səhvlərlə bağlı heç bir iradı qəbul etmirdi onacan. Müəlliflər də iradlar qarşısında təkəbbürünü qorumaq istəyirdi. Yadımdadır, bir müəllifin dərsliyindən 120 səhv tapılmışdı, 18-ni etiraf etmişdi. Bir dərslikdə 18 səhv biabırçılıqdır, halbuki səhvlər elə 120 idi.
Başqa bir misal: Ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün "Ədəbiyyat” dərsliyi-2012-ci il nəşri: müəlliflər: Nizami Cəfərov, Teymur Kərimli (hər ikisi akademikdir)
Məzmunun işlənməsi baxımından – 36 qüsur
Dil və yazı üslubu baxımından – 24 qüsur.
Vəziyyət o həddə gəlib çatmışdı ki, keçmiş Təhsil naziri M. Mərdanov yazdığı kitabların sayını itirmişdi.
Mən bu yazımda tamam başqa bir şeyi demək istəyirəm. Bu cür qüsurlar o qədər çox və bayağı idi ki, dərsliklərin əsl problemi yaddan çıxırdı.
İndi də korrektura və üslub səhvləri tapılır, onları düzəltmək də olur. Amma dərsliklərin əsl problemi qalır. Nədir əsl problem?
Birinci və ən vacib məsələ. Dərsliklər ən faydalı öyrənmə mənbəyi deyil.
Baxın, götürək riyaziyyat dərsliklərini. Öz müşahidəmə görə deyirəm, müəllimlərlə söhbət etmişəm, şagirdlərlə söhbət etmişəm.
İzah bəs etmir. İzahlar aydın deyil. Çalışmalar bəs etmir.
Müəllimlər açıq deyirlər ki, bəsit və dərsliklərin bir az geniş təkrarı olan Namazov vəsaitlərinin ümidinə qalıblar. Çünki dərslikdə hər şey azacıq verilib. İzah da, nümunələr də, çalışmalar da. Dərsliklər sadəcə çox rənglidir. Məzmun baxımından solğun və mahiyyətcə dərslikdən uzağa getməyən Namazov vəsaitinə möhtac qalıb.
Məsələn, 5-ci sinifdən bir dərs götürək. Say sistemləri. Mən fizika fakültəsini bitirmişəm. Mövzu maraqlı gəldi. Burada onluq say sistemi çox bəsit izah edilir və deyilir ki, başqa say sistemləri də var, kompüterlər 2-lik say sistemi ilə işləyir. Daha heç nə deyilmir. İzah yoxdur ki, onluq say sistemindəki ədəd ikilik say sistemində necə olur, bir sistemdən digərinə necə keçmək olar və s. Yuxarı siniflərdə də yoxdur. Onda bu dərs niyə lazımdır? Nə verir?
Fizika dərslikləri sanki Ali məktəb tələbələri üçün yazılıb. 10-cu sinfin fizika dərsliyinin “Mənbələr” səhifəsində göstərilən bütün ədəbiyyatlar (B. Əsgərov, N. Qocayev, İ. Savelyev və s.) Ali məktəblər üçün nəzərdə tutulmuş ədəbiyyatlardır.
İkinci məsələ. Dərsliklərdə situasiya yoxdur.
Biz qəbula açıq suallar və situasiya məsələləri salmışıq. Dərsliklərdə situasiya yoxdur. Açıq sualları isə standart işçi çalışmalar əvəz edir. Həmişə eyni məsələlərdir, eyni dükan məsələləri, eyni hərəkət məsələləri. Bütün dünyada məişət məsələləri çox geniş tətbiq edilir. Bilirsiniz ki, Harvard keysləri çox faydalıdır. Məişət və həyati situasiyalardan məsələlər Harvard keyslərini əvəz edir. Biliyə yaşam qazandırır. Bizdə yoxdur.
Üçüncü məsələ. Dərslərin izahı dar və bəsit olduğu üçün və situasiya izahları olmadığı üçün onlar quru məzmuna sahibdir, itələyicidir, yaxşı anlada da bilmir.
Dördüncü. Şifahi nitqlə yazılı dilin ciddi fərqi var. Bizim dərsliklərdə dil bunların heç biri deyil. Daha çox cib formatında olan sorğu kitablarının dilinə oxşayır. Hətta dil və ədəbiyyat dərsliklərində gözəl mətn olmalıdır, amma elə bil qəsdlə mətni gözdən salmağa çalışırlar.
Nəticə olaraq onu qeyd edim ki, dərsliklərin qüsuru oradakı xətalarla ölçülə bilməz. Xətalar aradan qalxa bilər. Amma dərslik faydalı öyrənmə mənbəyinə, sevimli müəllimə çevrilməyəndən sonra bu xətaların aradan qaldırılması nəyə gərəkdir?
Dərslik özü kökündən xətalıdırsa, öz funksiyasını yerinə yetirmirsə, orada gülüş yaradan səhvin olmaması nəyi dəyişir ki?
Məktəb, müəllim kitab axtarır. Repetitorlar belə əlavə vəsait axtarırlar. Necə olur ki, bir müəllimin bir repetitorun stolunun üstündə dərslik olmur. Məktəbdə məcburdurlar stolun üstünə qoysunlar. Çünki dərsliklər Öyrənmə mənbəyi kimi faydalı deyil.
Elmin sosiologiyasının banilərindən biri Robert Merton tədqiqatlarında “Matvey effekti”nin adını çəkir. Nədir "Matvey effekti?"
“Kimin varıdırsa ona yenə veriləcək və çoxalacaq, kimin yoxudursa ondan olanını da alacaqlar.” Elə etmək lazımdır ki, olanlarımız çox olsun və əlimizdən alınmasın.
Qarşı tərəfin fikirlərini dinləməyə hazıərıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.