Azərbaycanın yeni reytinqi: Beynəlxalq agentliyi nə qane etmədi?

24-07-2019, 08:08           
Azərbaycanın yeni reytinqi: Beynəlxalq agentliyi nə qane etmədi?
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb.

Reytinq üzrə proqnoz "stabil" olaraq "BB+" səviyyəsində təsdiq olunub. Azərbaycanın "BB+" güclü xarici balansı və aşağı səviyyədə olan xarici borcun olmasını, iqtisadiyyatın neftdən asılılığını, idarəetmənin aşağı olmasını və zəif bank sektorunun olmasını əks etdirir. Hesabata əsasən, yaxın illərdə qaz hasilatını artması Azərbaycanın icmal büdcəsinin dayanıqlı profisitini təmin edəcək.

Agentlik analitiklərinin hesablamalarına görə, bu il Azərbaycanda iqtisadi artım 2,7 faiz təşkil edəcək. 2018-ci ildə bu göstərici 1,4 faiz olub.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, reytinq agentliyinin hesabatına əsasən, bu il Azərbaycanda iqtisadi artım tempi ötən ilə nisbətən daha yüksək olacaq:

“Agentlik həmçinin Azərbaycanın qaz hasilatının artması nəticəsində gəlirlərin çoxalacağını bəyan edir. Amma bunların hamısı qısamüddətli proqnozlardır. Uzunmüddətli proqnozlarda isə heç nə dəyişmir. Yenə də neft və qazdan asılılıq əsas problemlərdən biridir. Əgər dünya enerji bazarında neft, eləcə də qazın qiyməti düşsə və ya digər iqtisadi amillər olsa, o zaman Azərbaycan iqtisadiyyatının vəziyyəti ağırlaşacaq. Artıq bir neçə ildir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafından danışılır. Bu gün qeyri-neft sektorunda az da olsa, inkişaf var, amma ciddi sıçrayış yoxdur. Hələ də milli valyutamızın məzənnəsi neftdən asılıdır. Qeyri-neft sektorunun inkişafı sahibkarlığın inkişafı deməkdir. Bunun üçün ilk növbədə ölkədə normal institutsional mühit yaranmalı, məhkəmələr savadlı və ədalətli olmalı, qanunlar işləməlidir ki, qoyulan investisiyalar qorunsun”.

Analitik bazar iqtisadiyyatının üç təməl prinsipinin olduğunu da diqqətə çatdırıb:

“Birincisi, mülkiyyətin qorunmasıdır. Hər bir sahibkar istəyir ki, əmlakı qorunsun. Tutaq ki, sahibkar nəyisə alır, sabah ondan xoşu gəlməyən biri məhkəmə yolu ilə qanunsuz olaraq onun əmlakını əlindən ala bilər. Mülkiyyətin qorunması prinsipi işləmirsə, ölkəyə heç kəs pul qoymayacaq. Azərbaycanda, nəinki sahibkarın, hətta sadə vətəndaşın belə, mülkiyyət hüququna təminat yoxdur. Bu gün yeni bina inşa etmək məqsədilə mənzilləri sökülən kifayət qədər sadə vətəndaşlarımız var”.

Ekspert bildirib ki, bazar iqtisadiyyatının ikinci təməli müqavilələrin icrasıdır:

“Müqavilə bağlanırsa, icra olunmalıdır. Əks halda, məhkəmə yolu ilə hüquqları bərpa edilməlidir”.

Üçüncü təmələ gəlincə, həmsöhbətimiz bunun, sağlam rəqabət olduğunu qeyd edib:

“Sağlam rəqabət o halda olur ki, heç kəs dövlətdə tutduğu vəzifədən sui-istifadə edib hansısa sahəni özünə götürmür. Azərbaycanda bu mühit yoxdur. Ölkədə bəzi məmurlar iqtisadiyyatın bəzi sahələrini ələ alıblar, ora girməyə heç kəsə imkan vermirlər. Belə bir mühiti olan ölkəyə heç bir sahibkar pul qoyub öz biznesini inkişaf etdirmək istəmir. Buna görə də neftdən tam asılı vəziyyətdəyik.

Bu il aprelin 3-də Prezident "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzaladı. Bu mühitin yaranması üçün gözləntilər var”.//Cebhe.info//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.