“Leş mafiyası”nın bazarı hələ bağlanmayıb: - “Ciddi mübarizə aparılmır”

7-08-2019, 09:11           
“Leş mafiyası”nın bazarı hələ bağlanmayıb: - “Ciddi mübarizə aparılmır”
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində ölkə daxilində nə qədər mübarizə aparılsa da, bunların satışı və istifadəsi hələ də davam edir.

Ölü heyvan əti də bunların siyahısına daxildir. Bununla bağlı dəfələrlə araşdırmalar aparılsa da, ticarəti ilə məşğul olan şəxslər hələ də mövcuddur. Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bir neçə dəfə çıxışlarında İqtisadiyyat Nazirliyinin “cəmdək mafiyası”na qarşı lazımi mübarizəni aparmadığını bildirib.

Bəs görəsən, hazırda AQTA bu “mafiya”ya qarşı görülməli olan tədbirləri görürmü?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Eyyub Hüseynov AQTA-nın da bu məsələ ilə bağlı mühim addımlar görmədiyini qeyd edib. O, AQTA-nın sertifikatlaşdırma ilə qida təhlükəsizliyinə nəzarəti birgə apardığı üçün mühim olan tədbirlərin hələ də görülmədiyini vurğulayıb. Eyyub Hüseynov sertifikatlaşdırmanın ayrıca bir qurum tərəfindən həyata keçirilməsinin hazırkı vəziyyəti yüngülləşdirə biləcəyini diqqətə çatdırıb: “Cənab Prezidentin təsdiq etdiyi AQTA-nın əsasnaməsi çox mükəmməldir. Nəinki Azərbaycan vətəndaşlarının qida təhlükəsizliyinə nəzarət, həmçinin post-neft dövründə Azərbaycan məhsullarının xarici bazara çıxarılması məsələsini də AQTA həll etməlidir. Lakin AQTA bir ilə yaxındır ki, fəaliyyət göstərir. Mənə çoxlu şikayətlər gəlir, zəhərlənmələrin sayı da aşağı düşmür. AQTA-nın ən nöqsanlı cəhətlərindən biri budur ki, sertifikatlaşdırma və qidanın təhlükəsizliyinə nəzarət bir əldə cəmləşib. Sertifikatlaşdırma müstəqil bir qurumda olmalıdır. Elə sistem qurulmalıdır ki, onlar müxtəlif əllərdə olsun. Vaxtilə AQTA-dan öncə də sertifikatlaşdırma və təhlükəsizliyə nəzarət edən qurum Səhiyyə Nazirliyi olub və maraqlar konflikti olub. Yəni insan zəhərlənəndə gətirib istehsalçı sertifikatı ortaya qoyub ki, bunu siz vermisiniz.

Əgər sertifikatlaşdırma işi AQTA-dan götürülüb müstəqil bir quruma verilsə, düşünürəm ki, vəziyət dəyişər. Elə tədbir görülməlidir ki, cəld reaksiya mexanizmi olsun. Təhlükəli malların geri çağırılma mexanizmi olmalıdır. Dəfələrlə AQTA-ya təkliflər vermişik, lakin AQTA böyük ictimai qurumla heç bir əlaqə yaratmaq fikrində deyil. Düşünürəm ki, cəmiyyət AQTA-ya kömək etməlidir ki, vəziyyət düzəlsin. Ölü heyvan ətinə qarşı düşünürəm ki, hələ də ciddi, effektli mübarizə aparılmır. Nə qədər ki, tələb var, təklif də olacaq. Ona görə də tələb olunan yerləri tapmaq lazımdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.