Bakıda mənzil bazarında qəribə mənzərə: - yenilər ucuzlaşır, köhnələr bahalaşır

19-08-2019, 12:35           
Bakıda mənzil bazarında qəribə mənzərə: - yenilər ucuzlaşır, köhnələr bahalaşır
Yeni binalarda mənzillər ucuzlaşıb, köhnələrdə isə bahalaşıb
Bu ilin iyul və avqust aylarında Bakıda mənzillərin ucuzlaşması qeydə alınıb.

Dia.az bildirir ki, bunu "Oxu.Az"a daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, mənzil bazarındakı ucuzlaşma mövsümi xarakter daşıyır:

"Demək olar ki, hər il iyul və avqust aylarında mənzillərin ucuzlaşmasının şahidi oluruq. Adətən, insanlar bu aylarda istirahətə getdiyi üçün mənzil bazarında da boşluq yaranır. Yəni bu ucuzlaşma müvəqqətidir.

Sentyabrın ikinci həftəsindən sonra mənzil bazarında yenidən qiymət artım müşahidə ediləcək. Bu artımın 2 və ya 4 faiz civarında olması qaçılmazdır. Ümumiyyətlə, daha çox artım oktyabr və noyabr aylarında müşahidə edilir".

Ekspert ucuzlaşmanın daha çox yeni tikilən binalardakı mənzillərə aid olduğunu əlavə edib:

"Hazırda daha çox yeni tikilən binalarda bir kvadratmetri 2500 manatdan yuxarı qiymətə satılan mənzillərdə ucuzlaşma hökm sürür. Kv.m-i 2000 və ya 2500 manat arasında satılan mənzillərdə isə elə bir dəyişiklik yoxdur. Köhnə binalardakı mənzillərin qiymətində isə əksinə, artım var".

N.İbrahimov qeyd edib ki, ümumiyyətlə, bu il mənzil bazarında 4,7 faiz qiymət artımı olub:

"Yəqin ki ilin sonuna kimi bu rəqəm 5 və ya 6 faiz olacaq. Eyni zamanda, bu il həyət evlərinin və torpaq sahələrinin satışında 4 faizdən yuxarı artım müşahidə edilib".

O əlavə edib ki, bu illə müqayisədə gələn il daşınmaz əmlak bazarında qiymətlər beynəlxalq maliyyə bazarlarındakı proseslərdən asılı olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.