“Nazir deyib ki, hər adamı qəbula yazmayın” - Pənah Hüseynin Təhsil Nazirliyində GÖRDÜKLƏRİ

21-08-2019, 02:24           
“Nazir deyib ki, hər adamı qəbula yazmayın” - Pənah Hüseynin Təhsil Nazirliyində GÖRDÜKLƏRİ
Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Təhsil Nazirliyindəki süründürməçilikdən şikayət edib.

Cebhe.info xəbər verir ki, P.Hüseyn bu barədə özünün "Facebook" səhifəsində yazıb: “Bu gün saat 11:00 radələrində həyatımda ilk dəfə olaraq Təhsil Nazirliyinin qəbula yazılma şöbəsində oldum. Qəbula yazılmaq istəyən qadın ailə üzvlərimdən birini müşayiət edirdim. Və gəlmişkən, özüm də, təhsillə bağlı problemlər haqqında nazirliyin rəhbər işçilərindən - mümkün olsa nazirin və ya nazir müavinlərindən birinə məni narahat edən, düşündürən problemlər barədə danışmaq üçün qəbula yazılmaq qərarına gəldim... Və elektron növbə məni 1-ci masada əyləşən Elçin Qasımov adlı əməkdaşa yönləndirdi. Nə məlum oldu?! Əvvəla nazirin qəbuluna düşməkdən ümumiyyətlə söhbət gedə bilməz. Nazirin məlum olmayan cədvəllə rayonlarda qəbul günləri var və ora gedib, yaxud "qaynar xət"lə yazılmaq lazımdır. Bu bir neçə il də çəkə bilər. Nazir müavinləri isə hər qəbulda 23 vətəndaş qəbul etdiklərinə görə bu il üçün ümumiyyətlə qəbul yerləri dolub. Qəbula gələn il başladıqdan sonra yazılmaq olar...“

P.Hüseynin sözlərinə görə, problemin operativ həlli üçün nazir müavini şikayətçini vaxtında qəbul etməlidir: “Mənimlə gələn ailə üzvüm kadr şöbə müdirinin qəbuluna yalnız 14 oktyabra yazıla bildi ki, bu da əslində onun müraciətini mənasızlaşdırdı. Ən maraqlısı və acınacaqlısı mənim qəbul müraciətimə cavab oldu. “Nə üçün qəbulda olmaq istəyirsiniz” sualına cavab verdim ki, təhsil problemləri barədə təklif-müraciətim var. Son illərdə ölkədə təhsilin bərbad vəziyyətə düşməsi və bunun da təhsilə rəhbərliyin olduqca spesifik sahə olan və bu səbəbdən xüsusi yanaşma tələb edən təhsilin təhsillə heç bir əlaqəsi olmayan adamlara tapşırılması ilə bağlı olması fikriləri ilə opponentlik edən, bu cür idarəçilik ekspermentinin alınmasını istəyən azsaylı şəxslərdən biri olaraq, tənqidçilərin, idarəetmədə mühafizəkar metod və forma tərəfdarlarının mövqelərinin möhkəmlənməsini, sıralarının genişlənməsini, dəlillərininin getdikcə daha çox adamı inandırdığını təəssüflə müşahidə edirəm...”

Sabiq baş nazir deyib ki, nazirlik işçilərinin vətəndaşa qarşı bu cür süründürməçiliyi qanunlara ziddir: “Elçin Qasımov ad, soyadlı cavan əməkdaş saymazyana şəkildə, heç bir ağlabatan görünən dəlil göstərmədən, “nazir deyib ki, hər adamı qəbula yazmayın” sözlərini təkrarlayaraq məni nazirin, nazir müavinlərinin yox ümumiyyətlə hər hansı vəzifəli şəxsin qəbuluna yazmaqdan imtina etdi.

Mənim Konstitusiyanın 57-ci maddəsinin "vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək hüququ vardır, "Vətəndaşların müraciətləri haqqında" AR Qanunu şəxsən müraciət etmək anlayışının məzmununu qəbulda olmaq kimi nəzərdə tutur, həmin qanunun "Vətəndaşların qəbul edilməsi qaydası"na dair 11-ci maddəsinə görə "Müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ayda bir dəfədən az olmamaqla təmin etməlidirlər", təklif dedikdə "qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciətlər" nəzərdə tutulur və buna əsasən hər bir vətəndaşın bu təşəbbüsdə olma hüququ vardır və s. bu kimi müddəalardan bəhs etmə cəhdlərimə cavan təhsil nazirinin cavan əməkdaşı dövlət qulluqçusu etikası bir tərəfə təhsil - tərbiyə nazirliyinin texniki işçisinə belə yaraşmayan tərbiyəsizlik, nümayiş etdirərək... hara istəyirəm ora... yolladı və mənim opponentlərimin xeyrinə xeyli xal və sıralarına bir nəfər də qazandırdı..."












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.