Siraqəddin Cabbarov işini-gücünü buraxıb... - QALMAQAL

21-08-2019, 13:10           
Siraqəddin Cabbarov işini-gücünü buraxıb... - QALMAQAL
Bir müddət bundan öncə Sabirabad rayonu, M.H.Şəhriyar adına kənd sakini, 72 yaş həddində çatmış el ağsaqqalı Əhədov Abuzər Fərrux oğlu, ölkə rəhbəri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Zakir Qaralova və digər yüksək çinli vəzifə sahiblərinə yazmış olduğu şikayət ərizəsinin bir surətini, Nyus.az saytının redaksiyasına da təqdim etmişdi. Abuzər Əhədovun redaksiyamıza təqdim etdiyi şikayət ərizəsi əsasında “Sabirabadda RİH başçısının zülmü dözülməz həddə çatıb- VİDEO” başlıqlı açıqlama dərc etmişdik. Məsələnin maraqlı və təəccüb doğuran tərəfi o olur ki, məqalənin dərcindən sonra adı çəkilən şəxsə qarşı təpki və təzyiqlər artır. Sözsüz ki, belə bir addımları RİH başçısının “dobro”su olmadan bir kimsə ata bilməz. 19 avqust 2019-cu il tarixdə bir daha redaksiyamıza üz tutan və doğulub boya-başa çatdığı kənddə yaşamağın mümkün olmadığını dilə gətirən Abuzər Əhədov bizimlə söhbətində bildirdi ki, “Son günlər məni avtomobil qəzasına saldırmaq, spirtli içkilərə meylli insanların vasitəsilə hansısa formada, daha dəqiq desəm puçaqla xəsarətlər yetirmək, polisin əmrinə tabe olmamaq və digər planlar əsasında oyuna salmaq planı qururlar. Bütün bunlar haqda mən müəyyən məlumatları əldə etmişəm. Düşdüyüm vəziyyətdən xilas olmaq üçün, bir neçə gün bundan öncə siyasi sığınacaq almaq məqsədilə Norveçin Azərbaycandakı diplomatik korpusuna müraciət etdim. Belə bir müraciətimə baxmayaraq, son anda nəsə əldə edə bilmədim. Mən YAP-ın dayaq dəstələrinin qurucularından biri olmuşam və ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində müəyyən xidmətlərim olub. Çünki, mən ilk gündən Ulu Öndərin siyasi kursunun müdafiəçilərindən olmuşam və bu gün də həmin kursu müdafiə etməkdəyəm. Necə olur ki, belə bir yolda əvəzsiz əziyyətlərim olduğu halda, bu gün Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov məni YAP-ın sıralarından çıxartdırmaq istəyir və bu məqsədlə yanıma “emissar”larını göndərib qarşıma şərt də qoydurur. Hal-hazırda 72 yaşımın içindəyəm və mən əqidəmi dəyişən insanlardan deyiləm. Ona görə də ölkə rəhbərimiz cənab İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan və səlahiyyətli dövlət qurumlarının rəhbər şəxslərindən xahiş edirəm ki, məni Siraqəddin Cabbarovun təzyiq və təpkilərindən xilas etmək üçün, mənə öz köməkliyinizi göstərəsiniz”.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun ünvanına gətirən Abuzər Əhədovun səsləndirdiyi belə bir ittihamlarla bağlı hələlik konkret nəsə deyə bilməsək də, deyəcəyimiz fikir o olacaq ki, biz bu yöndə araşdırmalarımızı davam etdirəcəyik. Əgər yetərincə təsdiq olunmuş məlumatları əldə edə biləriksə, o halda hər kəsi baş verən olaylarla bağlı daha ətraflı məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.