FHN və Dövlət Komitəsi "ev"lənməyə qarşı? - Fərmanın icrası yubanır

22-08-2019, 10:31           
FHN və Dövlət Komitəsi "ev"lənməyə qarşı? - Fərmanın icrası yubanır
Bu ilin fevralında ölkə başçısı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərman imzalayıb.

Prezidentin fərmanının icrası davam etdirilir. Artıq 4 minədək vətəndaşa mənzil üzərində çıxarışlar təqdim edilib.

Qeyd edək ki, həmin sənəd 2019-cu il yanvarın 1-dək tikilən, tam təhvil verilən, istismara qəbul olunmayan və faktiki olaraq insanların yaşadıqları binalara şamil edilir. Ümumilikdə, bu Fərman 400-dək yaşayış kompleksinə şamil olunub, 50 minədək mənzili əhatə edir. Əmlak Xidmətləri Məkanında müraciətlər davam edir. Prezident bu fərmanla evlərin qeyri-leqal yolla dövriyyəsinin dayandırılmasını nəzərdə tutub. Eyni zamanda həmin binaların istismara qəbulu qaydaları sadələşdiriləcək.

Məlumat üçün bildirək ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu prosesin yekun mərhələsində vətəndaşlara çıxarışlar təqdim edən qurumdur. Belə ki, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları, “Azərsu” ASC, “Azərişıq” ASC və “Azəriqaz” İB Fərmanın icrası ilə əlaqədar birgə fəaliyyət göstərir. Bu prosesdə Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə işlərin yalnız 20 faizi düşür. Digər sənədləri aidiyyəti qurumlar toplayır və təqdim edir.

İlk olaraq Fövqəladə Hallar Nazirliyi binanın müxtəlif parametrlər üzrə təhlükəsizliyini yoxlayır. Hər şey qaydasında olduğu təqdirdə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumat verilir. Daha sonra isə bina Əmlak Məsələləri Dövlət Komitəsinin reyestrində qeydiyyata alınır. Bu prosedurlar bitdikdən sonra vətəndaş çıxarışın alınması üçün müraciət etmək hüququnu qazanmış olur.

Uzun illər idi ki, Bakı Şəhər İcra Hakimiyyəti sənədləşmə işlərində müəyyən qüsürları olan binalara istismar aktı verməkdən imtina edirdi. Prezidentin budəfəki Fərmanında bu məsələnin də həll yolu verilib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin çoxmənzilli yaşayış binalarındakı dayanıqlılıqla bağlı rəy verdiyi bina istismara qəbul olunmalıdır. Bu halda Bakı Şəhər İcra Hakimiyyəti heç bir halda çıxarış verməkdən imtina edə bilməyəcək.

İstənilən halda “kupça”laşma prosesinin ləng getdiyi bildirilir. 8 ay ərzində 50 minədək evdən 4 minin sənədləşməsinin çox az rəqəm olduğu deyilir. Əslində isə Əmlak Məsələləri Dövlət Komitəsi bu məsələdə son ünvan olduğu üçün prosesi ləngidənlər komitəyə qədər olan digər qurumlardır. Daha doğrusu, belə iddialar var ki, konkret olaraq Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi çoxmənzilli binaların istismara verilməsi prosedurunu uzatmaqda davam edir. Halbuki ölkə başçısı imzaladığı bu fərmanla məsələnin ilk növbədə sadələşdirilməsini ortaya qoyub.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov Cebhe.info-ya açıqlamasında deyib ki, istismarına icazə verilən binalardakı mənzillərin rəsmi qeydiyyata alınması sürətli formada aparılır:

“4 min dinamik rəqəmdir. Bu statistika hər gün dəyişir. Ola bilsin ki, sabah 4300 və ya 5 min mənzilə çıxarış hazırlansın. Hər gün bizə sənəd təqdim olunduqca, çıxarış verilir. Bu sosial layihəni ona görə edirik ki, prosesi daha çox intensivləşdirək. Üstəlik 7 min müraciət də icra prosesindədir. Vaxtı çatan bütün müraciətlərə dərhal çıxarışlar hazırlanır. Hazırda “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Yasamal rayonunda keçirilir. Bu kampaniyanın birbaşa yerlərdə keçirilməsi ilə vətəndaşlar vaxta qənaət edərək daha rahat və intensiv şəkildə mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirir.

İstismarına icazə verilən binalardakı mənzillərin çıxarışla təmin olunmasının davamı olaraq bu gün səyyar qeydiyyat aksiyası Yeni Yasamal 2, bina 11 ünvanında keçirilib. Birgirişli, 10 mərtəbəli, 210 mənzilli binanın 131 sakini daşınmaz əmlaklarının dövlət qeydiyyatına alınması məqsədilə ilkin sənədlərini habelə şəxsiyyət vəsiqəsi, maliyyə arayışı, protokoldan çıxarış kimi sənədləri binanın həyətindəki səyyar ofisin əməkdaşlarına təqdim edilib.

Fərmana uyğun olaraq qeydiyyat xidmətlərinin ünvanlara gətirilməsi bina sakinlərinin vaxt itirmədən, elə ünvanlardaca müraciət etməsinə şərait yaradır, məmnunluğu təmin edir. Bu istiqamətdə xidmətlərin sadələşdirilməsi vətəndaşların geniş formada mülkiyyət hüquqlarından istifadəsinə şərait yaradır, o cümlədən ölkə üzrə rəsmi qeydiyyata alınmış leqal əmlakların sayını artırır.

Kampaniya zamanı bina sakinlərinə daşınmaz əmlakın qeydiyyata alınması ilə bağlı prosedurlar, tələb olunan dövlət rüsumu və xidmət haqqı, o cümlədən xidmətin icra müddəti ilə bağlı məlumatlar verildi. Elektron çıxarışın tətbiqi, istifadəsi və üstünlükləri barədə vətəndaşlar maarifləndirildi. Bildirildi ki, artıq mənzilini dövlət qeydiyyatına alınmış hər kəs elektron formada çıxarışla təmin edilir. Belə ki, çıxarış vətəndaşın Elektron hökumət portalındakı şəxsi kabinetinə yerləşdirilir, daha sonra isə mülkiyyət sənədi barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir.

Qulu Xəlilov qeyd edib ki, 80 MTK üzrə binaların istismarına icazə verilib və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb. Ümumilikdə 4 mindən çox çıxarış hazırlanıb:

“Bu həftə Yasamal rayonundakı istismarına icazə verilən binalarda keçirilən kampaniya 22 avqust tarixində Zahid Xəlilov küçəsi, 586-cı məhəllədə yerləşən ikigirişli, 10 mərtəbəli, 72 mənzilli binada, 23 avqust tarixində isə Əsəd Əhmədov küçəsi, 5-ci döngə ünvanında yerləşən ikigirişli, 19 mərtəbəli, 176 mənzilli binada davam edəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.