Şeyx yenə ehsan qadağasından danışdı, reaksiyalar gəldi

23-08-2019, 09:02           
Şeyx yenə ehsan qadağasından danışdı, reaksiyalar gəldi
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə APA-ya müsahibəsində yas mərasimlərində israfçılığa yol verilməsi və bu mərasimlərin təmtəraqlı keçirilməsi məsələsinə münasibət bildirib.

Şeyx bildirib ki, bununla bağlı QMİ Qazılar Şurasının və Elmi-Dini Şuranın bəyanatı var: “Həmin bəyanatda bütün xırdalıqlarla İslam dinində israfın bəyənilməyən hal olduğunu insanların diqqətinə çatdırmışıq. Bunu qəbul edən insanlar da var, öz istəyi ilə hərəkət edənlər də. İnsanlar azaddır, öz mərasimlərinə dair istəkləri, niyyətləri, əhdləri olanlar var. Lakin dini mərkəz olaraq israf məsələsinin dinlə heç bir əlaqəsinin olmadığını, əksinə, dinin bunu bəyənmədiyini insanlara izah etdik. Qalan məsələlər insanların daxilində həllini tapmalıdır, yəni hər kəs bunun mahiyyətinə vararaq özü üçün qərar verməlidir. Zorla, məcburiyyətlə bu məsələnin həllini görmürəm”.

Yada salaq ki, 2014-cü ilin avqust ayında Azərbaycan hökuməti yas mərasimlərində həddən artıq israfçılıqla müşayiət olunan ehsan süfrələrini ləğv etməyə qərar verdi. Bununla bağlı xeyli təbliğat işləri aparıldı, hətta bəzi yerlərdə inzibati qaydada qadağalar tətbiq edildi. Bəzi bölgələrdə bütün bu proseslər öz nəticəsini verdi. Belə ki, hazırda Tovuz, Şəmkir, Qazax rayonlarında yas mərasimlərində ehsan süfrələrinin əsasən xurma, halva və çayla məhdudlaşdırıldığı söylənilir. Bakının bəzi kəndlərində isə ağsaqqallar ehsan süfrələrində israfa yol verməmək üçün müxtəlif qaydalar tətbiq ediblər. Ehsan olaraq yemək verilməsi yerinə, kəndin imkansız, sağlamlığı yerində olmayan sakinlərinə kömək etmək kimi qaydalar tətbiq olunur. Məlumatlara görə, Naxçıvanda yerli rəhbərliyin sərt qadağası nəticəsində ehsan süfrələri qənd-çayla məhdudlaşdırılıb.

Ancaq əksər bölgələrimizdə hələ də yas məclislərində israfa yol verənlər mövcuddur. Maraqlıdır ki, əksər hallarda adamlar bu halla bağlı mərasim evlərini günahlandırırlar. Bildirirlər ki, mərasim evləri kimlərinsə monopolyasındadır və qadağanın tətbiqinə imkan verilmir.

“Yeni Müsavat” olaraq bir neçə mərasim evi ilə əlaqə saxlayıb, yalnız çay, halva və xurma ilə məclisi təşkil edib-etmədiklərini soruşduq. Əksər mərasim evlərindən aldığımız cavab oxşar oldu. Söylədilər ki, yeri icarə verirlər. Qalan xidmətlərdən yararlanmaq isə yas yiyəsinin öz istəyinə bağlıdır. Yas mərasimi keçirilməsi üçün yerlərin icarəsi 200-250 manat arasında qiymətlərlə dəyişir. Bu qiymətə ofisiant personalı, aşpaz da daxil edilir.

Sərdar Cəlaloğlu: “Dövlət xadimlərinin dinlə bağlı hansısa fərman verməsi vicdan azadlığına ziddir”
Bəs yas qadağasının tətbiqi niyə mümkün olmur?

“Yeni Müsavat”a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, milli adət-ənənələrə müdaxilə millətin məhvinə səbəb olur: “Ona görə də tarixlərin sınağından keçmiş heç bir adət-ənənəni iqtidarın ixtiyarı yoxdur ki, dəyişsin. İkincisi də din dövlətdən ayrıdır. Məhz buna görə də dövlət dinə müdaxilə edə bilməz. Dinlə bağlı bütün fitvaları din xadimləri verə bilər. Burada isə Qurani-Kərim əsas götürməlidir. Quran nəyi qadağan edirsə, onların qarşısı alınmalıdır. Dövlət xadimlərinin dinlə bağlı hansısa fərman verməsi həm vicdan azadlığına ziddir, həm də İslam dininə əməl olunmaması deməkdir. Quranda Allah İslam dinində hansısa məcburiyyətin olmadığını elan edib. Bu, o deməkdir ki, hökumət insanları məcbur edə bilməz ki, ehsan verməsinlər. Eyni zamanda insanlar da ehsan verməyə məcbur deyillər”.

Deputat Fazil Mustafa isə “Yeni Müsavat”a bildirib ki, burada inzibati qaydada addım atılmasından başqa yol yoxdur: “Azərbaycanda ümumi dünyagörüşü fərqlidir. Əgər Azərbaycan cəmiyyəti doğruları olduğu kimi qəbul etsəydi, Qarabağı da itirməzdik. Biz Qarabağı ona görə itirmişik ki, vaxtında populist olmayan, xalqın xoşuna gəlməyən fikirləri həqiqət görüb deyənləri heç kim eşitməyib. Bu, dində də, ehsan məsələsində də belədir. Adamın xeyrinə deyirsən, adam sənə cavab verir ki, əzbərlədiyim mətn var, qoy onu oxuyum, təkrar edim. İnsanlar bundan o tərəfə çıxmaq istəmirlər. Ancaq hamı bilir ki, bu, mənasız şeydir. Ümumiyyətlə, yaslarda verilən ehsanlar birmənalı şəkildə yığışılmalıdır. Bu, insanların öz həyatlarını mürəkkəbləşdirməsidir. Elə etmək lazımdır ki, yaxını ölən öz dərdini yaşasın. Başqasını yedirtmək barəsində düşünməsin. Kim yemək istəyirsə, yaxınlıqdakı kafeyə üz tutub, yeməyini yesin. Bununla da insanlar bir-biriləri ilə bəhs etməkdən qurtularlar. Cəhalət içərisindən çıxmaq lazımdır. İnzibati qaydada qadağa olarsa, hər kəs razılaşar. Bunu tam məsuliyyətimlə deyirəm. Çünki biz sopadan, qadağadan qorxuruq. Ona görə də inzibati qaydada bu məsələni qadağan etmək gərəkdir”.

Fazil Mustafa: “Ehsanı inzibati qaydada qadağan etmək lazımdır”

Fazil Mustafa dövlət-din məsələsinə də toxunub: “Dövlət nə üçün bu işə qarışmasın? Dövlət həm də vətəndaşın marağını təmsil etməlidir. Bu məsələdə də dövlət vətəndaşına izah edir ki, dində bu cür qaydalar, adət-ənənələr yoxdur. Dövlət dinə qarışmır. Ancaq bildirir ki, bunu edənlər dinin adından istifadə edib, saxtakarlıqla, dələduzluqla məşğuldurlar. Əgər kimsə deyirsə ki, dində belə bir adət var, qarşıma çıxıb, sübut etsin ki, bu cür yemək vermə adəti var. Bu, kiminsə biznesidirsə, niyə imkan verməliyik ki, vətəndaş soyulsun?”

Əli RAİS,
“Yeni Müsavat”шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.