“Sizin nüfuzunuzdan, hörmətinizdən sui-istifadə edərək, mənim külli miqdarda vəsaitimi mənimsəyiblər” - BƏYLƏR EYYUBOVA AÇIQ MƏKTUB

20-09-2019, 00:34           
“Sizin nüfuzunuzdan, hörmətinizdən sui-istifadə edərək, mənim külli miqdarda vəsaitimi mənimsəyiblər” - BƏYLƏR EYYUBOVA AÇIQ MƏKTUB
Məmmədəli İsmayılov: “Sizə bir ağsaqqal kimi müraciət etməyim çevrənizdə olan insanların nüfuzunuzdan sui-istifadə etməsinə imkan verməyəcəyinizə olan əminliyimdən irəli gəlir”
“Məndən mənimsənilən vəsait satmağa məcbur oldğum evimin, maşınımın pulu və xaricdə oxuyan övladımın təhsil haqqı idi. Bu pul mənimsənildiyi üçün ailəm evsiz, mən maşınsız, övladım təhsilsiz qalıb”
Babək rayon Cəhri kənd sakini İsmayılov Məmmədəli Oqtay oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubova müraciət edən M.İsmayılovun məktubunu olduğu kimi diqqətinizə çatdırırıq:
“Hörmətli Bəylər müəllim!
Diqqətinizə çatdırım ki, “Hürriyyət” qəzeti vasitəsilə bu açıq məktubu ünvanlamazdan öncə, dəfələrlə öz problemimi Sizə müəyyən vasitələrlə, eləcə də canlı olaraq çatdırmağa cəhd etdim. Amma çox təəssüf ki, bütün bu cəhdlərim nəticə vermədi. Hətta dəfələrlə Prezident Administrasiyasında olub, rəsmi şəxslərlə görüşsəm də, görünən odur ki, mənim məktubumu və şifahi xahişimi kimsə Sizə çatdırmaqda maraqlı olmayıb. Bu səbəbdən də öz problemimi mətbuat vasitəsilə diqqətinizə çatdırmağa məcbur oldum.
Dəyərli Bəylər müəllim!
“Hürriyyət” qəzeti vasitəsilə Sizə ünvanladığım bu müraciətdə kimsənin adının çəkilməsini məsləhət bilmədim. Qəzet rəhbərliyinə də minnətdaram ki, başıma gələnləri dinlədikdən sonra bu cür qapalı müraciətin dərcinə şərait yaratdılar. Düşündüm ki, bu məktubum Sizə çatarsa, haqqında bəhs edəcəyim problemləri araşdırmaq Sizin üçün heç də çətin olmaz. Hətta bu məqsədlə şəxsən Sizin qəbulunuzda olub, bu haqda daha ətraflı məlumat verməyə də hazıram.
Onu da qeyd etməyi özümə borc bilirəm ki, mən Sizə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi kimi yox, hörmətli ziyalı, ağsaqqalı kimi müraciət edirəm. Çünki mənim qarşılaşdığım problem Sizin barənizdə hər zaman AĞSAQQAL deyə bəhs edən, özlərini yaxın çevrənizə aid şəxslər kimi təqdim edən insanlardan qaynaqlanır. Hansı ki, bu insanlar məhz Sizin nüfuzunuzdan, hörmətinizdən sui-istifadə edərək, mənim külli miqdarda vəsaitimi mənimsəyiblər. Və çox təəssüf ki, onlardan hər dəfə pulumu tələb etdikdə, “get kimə istəyirsən, şikayət et” cavabı ilə qarşılaşıram.
Hörmətli Bəylər müəllim!
Mən çox yaxşı bilirəm ki, Siz cənab Prezidentimizə və Azərbaycan xalqının dəyərlərinə sadiq olan Ağsaqqalsınız. Vəzifədə olduğunuz illərdə adınızın bir dəfə də olsun çirkli işlərdə hallanmaması mənə bu qənaətə gəlməyə əsas verir. Sizə bir ağsaqqal kimi müraciət etməyim də çevrənizdə olan insanların nüfuzunuzdan sui-istifadə etməsinə imkan verməyəcəyinizə olan əminliyimdən irəli gəlir. İnanıram ki, bu müraciətimi araşdırıb, ədalətin bərpa olunmasına göstəriş verəcəksiniz.
Son olaraq diqqətinizə çatdırmaq istəyirəm ki, məndən mənimsənilən vəsait satmağa məcbur oldğum evimin, maşınımın pulu və xaricdə oxuyan övladımın təhsil haqqı idi. Bu pul mənimsənildiyi üçün ailəm evsiz, mən maşınsız, övladım təhsilsiz qalıb.
Müraciətimə diqqətlə yanaşacağınız üçün Sizə öncədən təşəkkür edirəm!”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.