Artım var, rəqəm yox: Rəqəmlər statistikadan gizlədilir?

20-09-2019, 00:35           
Artım var, rəqəm yox: Rəqəmlər statistikadan gizlədilir?
Azərbaycanda illik iqtisadi artımın sürəti 2,5 faizdən 2,4 faizə geriləyib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2019-cu ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 50,9 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilib. Qeyd edək ki, 2019-cu ilin yanvar-iyul aylarında ölkədə 44 milyard 473 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilmişdi.

Yanvar-avqust aylarında iqtisadiyyatın qeyri-neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,0 faiz, neft-qaz sektorunda isə 1,6 faiz artıb. Əlavə dəyərin 43,6 faizi sənayedə, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,0 faizi tikintidə, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrində, 14,6 faizi isə digər sahələrdə istehsal edilmişdi. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,9 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5145,1 manata bərabər olub.

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, iqtisadi geriləmə və ya artım müxtəlif ölçü vahidləri ilə müəyyənləşir:
“Hər bir iqtisadçı öz tədqiqat metodlarının göstəriciləri əsasında rəy verə bilir. Azərbaycanda bu göstəricilər statistik məlumatlar ətrafında formalaşır. Statistik rəqəmlərin təhlilini apardıqda iqtisadi artımın və yaxud geriləmənin olduğu müəyyən olunur. Paralel olaraq digər tədqiqat metodları da var. Bəzən rəqəmlərdə iqtisadi irəliləyişin olduğu görünür, amma iqtisadi pasivlik müşahidə olunur. Baxmayaraq ki, iqtisadi aktivlik yoxdur, amma buna iqtisadi geriləmə demək mümkün deyil. Hazırkı statistik göstəricilərə, əsasən, Azərbaycanda iqtisadi irəliləyiş var”.

Analitik hazırda biznes mühitində aktivliyin müşahidə olunmadığını da deyib:

“Sahibkarlarla vergi orqanları arasında ünsiyyətdə elastiklik yaranıb. Ancaq bu, statistik göstəricilərdə özünü göstərmir. Bu, çox ziddiyyətli tədqiqat növüdür. Belə olduğu halda, birmənalı şəkildə fikir söyləmək çox çətindir. Biznes mühitində aktivliyi artırmaq üçün makroiqtisadi səviyyədə sabitlik mövcud olmalıdır. Bununla yanaşı, iqtisadiyyatda sürətli liberallaşma getməlidir. Hər hansı inhisarçılığa qarşı köklü şəkildə mübarizə aparılmalıdır. Liberallaşma prosesi şəffaf şəkildə getməsə, ilk növbədə ölkənin daxili bazarına daxili investorların cəlb olunması və iştirakı mürəkkəbləşəcək. Bu zaman imkanı yaranan kimi sahibkar məcbur olub biznes üçün əlverişli olan digər ölkələrə sərmayə yatırmaqda maraqlı olacaq. Gərək ilk növbədə bu paralellər sabitləşsin ki, ölkə daxilində yerli sahibkarların fəaliyyətinin reallığı haqqında danışmaq mümkün olsun”.

Fuad İbrahimovun qənaətincə, Azərbaycanda xarici investorlar üçün vəziyyəti əlverişli hesab etmək olar:

“Azərbaycanın müasir dövrün tələblərinə uyğun olaraq bütün qanunvericilik bazası var. Xarici investorun da Azərbaycanda iştirakı üçün ilk növbədə qanunvericilik bazası, maliyyə-bank sistemi, eyni zamanda geostrateji nöqteyi-nəzərdən təhlükəsiz olmalıdır. Yəni hər hansı bir münaqişə baş verməməlidir. Bu nöqteyi-nəzərdən Azərbaycanın xarici siyasətində çətinlik yoxdur, bu istiqamətdə işlərin əla getdiyini demək olar. Xarici investorları ölkəyə cəlb etmək üçün sadalanan faktorlar mütləq mənada olmalıdır. Əks halda, nəinki xarici, hətta daxili investorlar da başqa ölkələrə maraq göstərəcəklər”./Cebhe.info/шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.