Yolun genişlənməsi üçün Xırdalan qəbirstanlığı köçürülməlidir - Bakı-Sumqayıt yolunun tıxacı...

2-11-2019, 10:37           
Yolun genişlənməsi üçün Xırdalan qəbirstanlığı köçürülməlidir - Bakı-Sumqayıt yolunun tıxacı...
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub. Sonra dövlət başçısı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovdan Bakı-Sumqayıt yolunun vəziyyəti ilə bağlı məlumat alıb.

Ölkə başçısı sözügedən yolda tez-tez tıxacların yaranması ilə bağlı xəbər aldığını, bunun aradan qaldırılması üçün yolun genişləndirilməsinin vacibliyinə toxunub. Prezident deyib ki, həmin magistralda tıxacların aradan qalxması məqsədilə yolun genişlənməsi üçün lazımi vəsait ayrılacaq.

“Sherq.az” a danışan nəqliyyat eksperti Fərhad Eyyubov da deyir ki, o yolda tıxacların aradan qaldırılması üçün tədbir görülməsi vacibdir. Ekspertin qənaətində həmin magistralda nəqliyyatın hərəkəti üçün optimal şəraitin yaradılması ən zəruri məsələlərdən biridir:

"Bakı-Sumqayıt magistralı ölkənin əsas yollarından biridir. Çünki Şimal istiqamətinə gedən bütün avtomobillər bu yoldan istifadə edirlər. Ona görə bu yolda mövcud vəziyyətin aradan qalxması çox vacibdir. Bunun üçün ilk növbədə alternativ yollar çəkilməlidir ki, nəqliyyat sıxlığı aradan qalxsın. Eyni zamanda tıxaca səbəb olan “düyün”lər aradan qaldırılmalıdır. Belə ki, bir çox hallarda kanalizasiyaların sıradan çıxması, gölməçələrin yaranması tıxaca səbəb olur.”

Yolun genişləndirilməsi məsələsinə gəlincə mütəxəssis qeyd edib ki, Xırdalan ərazisindəki qəbirstanlığın olması vəziyyəti daha da çətinləşdirir:

“Təbii ki, qəbirstanlıq salınanda yolun nə vaxtsa genişlənəcəyi nəzərə alınmamışdır. Lakin indiki şəraitdə yaxşı olar ki, əhalinin razılığı ilə qəbirstanlığın yeri dəyişdirilsin və bundan sonra qəbirsitanlıqlar salınanda bu cür məsələlər də əvvəlcədən nəzərə alınsın. İkinci bir məsələ ilə nəqliyyatın hərəkəti üçün təyin olunan orta sürətdir. Dünya ölkələri ilə müqayisədə bizdə nəqliyyatın orta sürəti aşağıdır. Bu isə əlbəttə, tıxacla nəticələnir. Unutmaq olmaz ki, bu məsələ ümumölkə səviyyəlidir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.