Xəstəxana 11 yaşlı uşağın pulsuz müalicəsindən imtina edib? - İcra Hakimiyyətindən CAVAB

4-11-2019, 15:50           
Xəstəxana 11 yaşlı uşağın pulsuz müalicəsindən imtina edib? - İcra Hakimiyyətindən CAVAB
Hüquq müdafiəçisi Kəmalə Ağazadə sosial şəbəkədə Ağdaş rayonu Məşəd kəndində Polad adlı 11 yaşlı oğlanın səfil vəziyyətdə yaşadığını , təhsildən yayındırıldığını vurğulayıb.

Onun sözlərinə görə, Polad hazırda xəstədir və xəstəxana onu müalicə etməkdən boyun qaçırır:

“Bir xanımın müraciəti ilə Ağdaş rayonu Məşəd kəndinə getdim. 11 yaşlı oğlanın adı Poladdır. Səfil şəraitdə yaşayan Polad xəstədir. Başının yaraları gündən günə artır. Qonşuların dediyinə görə, atalığı onu təhsildən yayındırıb, günü 7 manata heyvan otartdırıb ,balaca oğlan tövlədə yaşayıb və xəstəliyi də ordan başlayıb. Atalığı tərəfindən şiddət görür, dəfələrlə qaçıb qəbiristanlıqda gizlənib. Anası həkimə müraciət etdiyində "Mən cibimdən pul verib uşağını müalicə edəsi deyiləm ki?" cavabını alıb. Ağdaş Rayon İcra Hakimiyyəti yanında aidiyyatı komissiya bu günədək onun durumunu nə görüb, nə qiymətləndirib, bir sözlə, görməzlikdən gəlmə modundadır! Xəstəxana müalicə etməkdən imtina edir, çünki Poladın anasının pulu yoxdur. Ağdaş Təhsil İdarəsinin vecinə deyil ki, bir azyaşlı təhsildən yayınıb! Ana dediyim adam da uşaq böyütmək əvəzinə 11 yaşlı Poladı və daha 1 yaşlı Adəmi bir şərəfsiz atanın "sevgisinə" qurban verib...”

Məsələ ilə bağlı Ağdaş Rayon İcra Hakimiyyətindən Cebhe.info-ya bildirilib ki, onlara bu haqda indiyədək müraciət olunmayıb, rəsmi şəkildə müraciət edilərsə, Poladın müalicəsi və təhsili ilə bağlı lazımi tədbiri görüləcək:

“Bizə bununla bağlı müraciət olunmayıb. Bir az əvvəl Məşəd kəndinin bələdiyyəsinin nömrəsini istəmişdilər, onu verdim. Nə vaxt müraciət etsələr, əlbəttə ki, biz lazımi tədbiri görərik. Xəstəxanamız sığorta sistemi ilə işləyir, hər şərait var. Mərkəzi xəstəxanada dövlət tərəfindən Ağdaş sakinlərinə pulsuz müayinə, müalicə şəraiti yaradılıb. Kim bu xəstəxanada pulsuz müalicə olunmağın mümkün olmadığını deyirsə, səhv deyir, çünki bu, yanlış məlumatdır. Kim olmasından asılı olmayaraq xəstələrin müalicəsinə xüsusi diqqət göstərilir. Bizə bu məsələ ilə bağlı rəsmi müraciət etsələr, biz tədbir görərik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.