Bakıda sürüşmə zonasında 40 ailə təhlükədədir

10-11-2019, 10:25           
Bakıda sürüşmə zonasında 40 ailə təhlükədədir
Bakı Şəhər İcra Hakimiyyəti Suraxanı rayonu, Zığ kəndi Hətəm Allahverdiyev ünvanında, sürüşmə zonasında yaşayan 40 ailənin köçürülmə ilə bağlı tələbinə cavab verib.
Qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov açıqlamasında bildirib ki, həmin ailələrin sözügedən ərazidən köçürülməsi üçün Nazirlər Kabinetinin (NK) qərarı olmalıdır: "Həmin ünvanda yaşayan sakinlərin köçürülməsi üçün Fövqəladə Hallar Nazirliyi və digər qurumlar rəy verməlidir. Prosedura görə, Nazirlər Kabineti qərar verir. Daha sonra kvadrat sahəyə görə kompensasiyanın məbləği müəyyən edilir. Həmçinin, orada yaşayan 40 ailənin sənədlərinin qaydasında olub-olmadığı da yoxlanılmalıdır. Yəni Nazirlər Kabinetinin köçürülmə ilə bağlı qərarı olmandan bu mümkün olan iş deyil. Bu qərar olandan sonra yerli qurumlar icra etməlidirlər. Səbail rayonunda o vaxt müəyyən olundu ki, 98 ailə köçürülməlidir. NK-nın qərarında da göstərildi ki, həmin ailələrə nə qədər kompensasiya verilməlidir. Hər kvadrata görə ödəniləcək kompensasiya məbləği müəyyən olunduqdan və təsdiqləndikdən sonra ayrılan vəsait Səbail Rayon İcra hakimiyyətinə köçürüldü. Bu gün NK-nın Zığdakı sürüşmə zonasında yaşayan 40 ailə ilə bağlı belə bir qərarı olmadığından onların köçürülməsi mümkün deyil".
Qeyd edək ki, Suraxanı rayonu Zığ kəndi Hətəm Allahverdiyev ünvanında yerləşən evlər 2016-cı ildən sürüşmə zonasına aid edilib. Sakinlər bildirir ki, 2019-cu ilin mart ayında Fövqəladə Hallar Nazirliyi orada yaşayan 40 ailə üçün ciddi təhlükə yarandığı barədə rəy verib. Rəydə göstərilib ki, bu ailələr təcili olaraq sürüşmə zonasından köçürülməlidir. Buna baxmayaraq, hələlik heç bir tədbir görülməyib.(Sputnik Azərbaycan)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.