“Evi dağıdıb-tökür, viran qoyurlar...” - tələbə oğlanların kirayə dərdi

11-11-2019, 11:54           
“Evi dağıdıb-tökür, viran qoyurlar...” - tələbə oğlanların kirayə dərdi
Bakıda kirayə ev tapmaq tələbə oğlanlar üçün ən müşkül problemə çevrilib.

Bunu kirayə mənzil elanlarındakı xüsusi anonslarda da görmək olur. Mülk sahibləri kirayə evi qızlara verdiklərini elan edirlər.
Musavat.com üçün reportaj hazırlayarkən öyrəndik ki, buna yeganə səbəb tələbə oğlanların pinti və intizamsız olması göstərilir. Onlar evi tör-töküntü içində saxlayır, vaxtı-vaxtında təmizləmir, kommunal ödənişlərdə məsuliyyətsizlik edirlər və s. ilaxır.

Söhbətləşdiyimiz ev sahibələrindən biri - Nazilə xanım deyir ki, qızlar səliqəli olurlar, pintilik etmirlər, öz ata evi kimi baxırlar:

“Bundan qabaq oğlan tələbələrə evimi kirayə vermişəm. Onların elədikləri mənə dərs olub, acından da ölsəm, qız tələbələr gəlməsə, evimi heç kəsə kirayə vermərəm.

Çünki oğlanlar gah dostlarını evə yığır, məclis düzəldirlər, siqaret çəkib evi tüstü ilə boğurlar. Ayda bir dəfə gəlib evə baxırsan, siqaret qoxusu divarlara yapışır, içəri keçmək olmur.

Evi yaxşı silib-süpürmürlər, hər yer dağınıq olur. Yəni oğlan tələbələrlə işləmək çətindir, ev fəlakət olur. Kirayədən çıxıb başqa yer tapmağa gedəndə də evi dağıdıb-tökürlər. Başıma gəlib deyə mənə dərs olub”.

Kirayə evi olanların bəziləri də xarici, türkiyəli oğlan tələbələrə ev verməkdən imtina etmir. Ancaq azərbaycanlı oğlan tələbələrə ev vermək istəmirlər. Evini kirayə verənlərin bu düşüncəsini başa düşmək olar.

Məsələn, türk tələbələr adətən özləri üçün cədvəl tərtib edir və bu cədvələ əsasən ev işlərini növbəli şəkildə görürlər. Belə olduğu halda ev də təmiz qalır.

Bu gün kirayə evi olanlar xüsusilə türk tələbələrə məhz bu cür qayda, təmizlik səbəbindən üstünlük verir.
Oğlanlar bəzən kirayə götürdükləri evin pulunu vaxtlı-vaxtında vermirlər. O cümlədən, qonşularla müəyyən problemlərin yaşanmasına səbəb olurlar.

Amma o demək deyil ki, tələbə oğlanlar kirayə tapa bilmirlər. Sadəcə, şəhərdən kənarda, əsasən Sulutəpə, Binəqədi və s. ərazilərdə məskunlaşırlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.