"GƏLƏCƏKDƏ İŞLƏYƏNLƏRİN DƏ BİR ÇOXU PENSİYA ALA BİLMƏYƏCƏK" – Ekspert Gürcüstan modelinə keçməyi təklif edir

7-12-2019, 00:00           
"GƏLƏCƏKDƏ İŞLƏYƏNLƏRİN DƏ BİR ÇOXU PENSİYA ALA BİLMƏYƏCƏK" – Ekspert Gürcüstan modelinə keçməyi təklif edir
“Azərbaycanda pensiya sitemi ədalətli deyil və bu sahədə islahatlar aparılmalıdır”. Ölkədəki pensiya sistemini “AzPolitika.info”-ya şərh edən keçmiş deputat, iqtisadçı ekspert Nazim Bəydəmirli belə düşünür.

Xatırladaq ki, Azərbaycanda son illər davamlı pensiya islahatları aparılıb. Belə ki, pensiya yaşı artırılıb, əvvəlki hesablama sistemindən imtina olunub və s.

Nazim Bəydəmirli xatırladır ki, Azərbaycanda minimum əməkhaqqı 250 manat təşkil edir. İqtisadçı qeyd edir ki, vətəndaşdan tələb olunan pensiya kapitalı 28,800 manat olmalıdır, yaxud da vətəndaşın 25 il sığorta stajı olmalıdır.

Bu kapitalı toplamaq üçün isə təxminən 25 il ərzində hər ay 96 manat sığorta haqqı ödəmək lazım gəlir: “Nəzərə alaq ki, Azərbaycanda işləyənlərin əksəriyyətinin rəsmi gəlirləri minimum əməkhaqqı səviyyəsindədir. Bu maaşla tələb olunan pensiya kapitalını toplamaq üçün təxminən 37 il işləmək lazımdır. Gələcəkdə pensiya kapitalının miqdarı daha da artırılacaq.

Çünki minimum əmək haqqı artdıqca, tələb olunan pensiya kapitalı da artır.Bu da işləyənlərin bir çoxunun pensiya almasında problem yaradacaq. Beləliklə, hazırda minimum əməkhaqqı alanların heç birinin şansı yoxdur ki, pensiya ala bilsinlər. Onlara 67 yaşdan sonra yalnız qocalıq müavinəti veriləcək”.

Rəsmi məlumatlara görə, ölkədə 3.7 milyon nəfərin sığorta edildiyini bildirən iqtisadçı, muzdla çalışanların sayının 1.620 min nəfər olduğunu vurğuladı: “Onların ödədikləri sığorta haqları yetərli deyil ki, gələcəkdə pensiya ala bilsinlər. Ona görə də pensiyaların baza hissəsi hər il büdcədən verilir və DSMF-ə büdcədən transfertlərin həcmi ildən-ilə artır. Bu transfertlərin həcmi 275 milyon manatdan artaraq 1.5 milyard manatı keçib. Bu da onu göstərir ki, Azərbaycanda “kölgə iqtisadiyyatının” həcmi çox böyükdür”.

Nazim Bəyədmirli hesab edir ki, ölkədəki sığorta sistemi yaxşı qurulmayıb: “Bu sistemlə ikili mühasibatlıq aradan qalxmır. İkili mühasibatlığın ləğv olunması üçün Gürcüstan modeli tətbiq olunmalıdır. DSMF ləğv edilməli, əmək haqqından tutulan vergi birləşdirilib sosial vergi alınmalıdır. Bu verginin də 10 faizi işə götürəndən, 10 faizi isə işçinin maaşından tutulmaqla həyata keçirilməlidir. Məsələn, işçi 1000 manat maaş alırsa, 100 manat iş verən, 100 manat isə işçi vergi ödəyir. Bu, gələcəkdə hamıya bərabər pensiyanın təyin olunmasını təmin edən sistemdir.

Azərbaycanda isə təəssüf ki, belə deyil. Hüquq-mühafizə orqanlarında və s. yüksək maaşlı yerlərdə çalışanlar yüksək pensiya alır, əksəriyyət isə az təqaüdlə dolanmağa məhkum edilir. Bu da onu göstərir ki, bizdə pensiya sistemi ədalətli deyil”.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.