21 il öncə ölmüş Gürcüstan vətəndaşı Xızıda “xortlayıb” torpaq davasına başladı?... - QALMAQAL

10-12-2019, 10:08           
21 il öncə ölmüş Gürcüstan vətəndaşı Xızıda “xortlayıb” torpaq davasına başladı?... - QALMAQAL
Moderator.az 22 noyabr 2017-ci il tarixdə Xızı rayonu, Altıağac qəsəbə sakini Həsənov Aslan Güllü oğlunun mülkiyyət hüquqlarının tapdanmasıyla bağlı Prezident İlham Əliyevə ünvanlanmış müraciətini təqdim etmişdi. Müraciətdə adı çəkilən vətəndaşın 1997-ci il oktyabrın 30-da Xızı rayon İH başçısının sərəncamı əsasında fərdi mənzil tikintisi məqsədi ilə JN-00023 kod 30602018 saylı şəhadətnaməyə əsasən 0.20 ha torpaq sahəsi almasından və 16 il sonra -2014-cü ildə gözlənilmədən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Vurğun küçəsi, ev 49/41, mənzil 1-də qeydiyyatda olduğu deyilən İradə Mobil qızı Sadıqovanın adından bir qrup şəxsin guya həmin 0,20 ha torpaq sahəsinin bir hissəsinin o qadına aid olduğunu iddia etməsindən bəhs edilirdi(Ətraflı bax: https://www.moderator.az/news/200211.html)

Müraciətdə bildirilib ki, həmin iddia əsasında Xızı rayonunda keçirilən məhkəmə heç bir əsas olmadan 11 noyabr 2014-cü il tarixdə guya vətəndaş A.Həsənovun zəbt etdiyi və guya iddiaçı İ.M.Sadıqovanın mülkiyyətində olan 12 ha torpaq sahəsindən çıxarılması barədə qərardad qəbul edib. Amma mövcud qanunlara və normativ hüquqi sənədlərə əsasən ilkin sənədi olmadan, Xızı rayonunda yaşamayan, və daimi qeydiyyatı olmayan İ.M.Sadıqovaya verilmiş pay torpağı haqqında şəhadətnamə hüquqi sənəd sayıla bilməz. Təəssüf ki, bu əsassız iddia ilə bağlı vətəndaş A.G.Həsənov neçə illər məhkəmələrdə süründürməçiliyə məruz qalıb və ona külli miqdarda maddi-mənəvi ziyan vurulub.

Bu günlərdə Moderator.az-a bir daha açıqlama verən vətəndaş Aslan Güllü oğlu Həsənov bəhs edilən məsələ haqda daha heyrətamiz və biabırçı faktların üzə çıxdığını bildirib.

Saytımızdakı müraciətdən sonra A.Həsənov əlində olan bütün sənəd, fakt və dəlilləri toplayaraq daha geniş şikayət məktubu ilə 1-ci Vitse-Prezident Mehriban Əliyavaya müraciət edib. Onun sözlərinə görə, növbəti müraciətdən az sonra hüquq-mühafizə orqanlarının araşdırmalarından bəlli olub ki, Xızıda torpağının guya zəbt edilməsi iddiasıyla dəfələrlə məhkəmələrə müraciət edən şəxs - İradə Mobil qızı Həsənova heç Azərbaycan vətəndaşı da olmayıb...

“İ.M. Həsənova 1998-ci il aprelin 5-də Gürcüstanın Marneuli rayonunda vəfat edib. Məzarının foto-şəkli də polislərin əlindədir. Yəni bu ad-soyadda şəxs Gürcüstan vətəndaşı olub. Amma 2001-ci ildə həmin ölü Gürcüstan vətəndaşı gözlənilmədən Azərbaycanda “xortlayıb” və ona guya Xızı rayonu Altıağac qəsəbə sakini olması haqda sənəd verilib. 2017-ci ildə isə “o” gedib polisə şikayət edib ki, Aslan Həsənov, yəni mən, guya “o”nun üstünə tüfəng çəkərək hədələmişəm. Məsələni araşdıran müstəntiq məndən soruşur ki, sən belə bir “adam” tanıyıb-görmüsən, deyirəm, yox. O, dəhşətə gəlir ki, “dünya dağılıb, 19 il əvvəl Gürcüstanda ölüb dəfn olunmuş adama sən indi necə silah çəkmisən?..”

Araşdırmalar zamanı o da müəyyən olunub ki, istər Abşeron, istərsə də Sabunçu rayonlarında göstərilən ünvanlarda İradə Mobil qızı Sadıqova adlı vətəndaş yaşamayıb.

Və bir sözlə, Azərbaycan Respublikasının bu məsələ ilə əlaqədar müxtəlif qurumları 20 ilə yaxın müddət ərzində saxta əsaslarla müxtəlif şəxsiyyət vəsiqələri, ekspert rəyləri, məhkəmə qərarları və s. tərtib edərək mənə həm mənəvi, həm fizioloji, həm də külli miqdarda maddii ziyan vurublar. Bu haqsız süründürməçiliklər sayəsində mən şəkər xəstəliyinə düçar olmuşam. Odur ki, bir daha ölkə Prezidenti cənab İlham Əliyevdən, 1-ci Vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirəm ki, bəhs etdiyimiz məsələ bir daha dəqiqliklə araşdırılsın, günahkar, cinayətkar məmurlar müəyyən olunub haqlı və layiqli şəkildə cəzalandırılsın və mənə vurulmuş maddi və mənəvi ziyan ödənilsin”-deyə Xızı rayon sakini, vətəndaş A.G. Həsənov müraciətini tamamlayıb.

Məsələni nəzarətdə saxalayacağıq.

Qeyd. Materialda adı çəkilən və çəkilməyən sözügedən məsələ ilə əlaqədar şəxs və qurumların da mövqeyini dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.