KİÇİK SAHİBKARLARDAN SUPERMARKETLƏR DƏ “HAQQ” ALIR - Hansı market nə qədər tələb edir?

25-01-2020, 20:54           
KİÇİK SAHİBKARLARDAN SUPERMARKETLƏR DƏ “HAQQ” ALIR - Hansı market nə qədər tələb edir?
Hələ bir neçə gün əvvəl Azərbaycanda iri marketlərin satışa çıxarılan istənilən məhsulun sistemə daxil edilməsi üçün iş adamlarından böyük məbləğdə pullar tələb etməsinə dair məlumatlar dərc edilmişdi. Həmin məlumatlardan aydın olurdu ki, ölkədəki demək olar bütün iri market şəbəkələrinin kiçik sahibkarlardan onların mallarını satışa çıxarmaları müqabilində müxtəlif məbləğlərdə vəsait alırlar.

Konkret olaraq, «Mister B» bal istehsalçısı şirkətinin rəhbəri Cavid Kərimovun adından yayılan məlumartda deyilirdi ki, müxtəlif marketlərin bu xidmətə görə tələb etdiyi məbləğ fərqlidir: “Qaydalara görə, hər barkod üçün 500 manat ödənməlidir və bu qiymətə ƏDV daxil deyil».

Onun dediyinə görə, məhsulun yalnız market sistemindəki satışda olan malların siyahısına daxil edilməsi – yəni barkod alınması üçün pul tələb edilmir: «Barkod üçün ödəniş sistemdə məhsulu tanıtmaq üçün istənilir. Məhsulun yerləşdiyi rəflər üçün icarə haqqı isə ayrıca hesablanır».



İş adamı bildirib ki, söhbət təkcə bir məhsuldan getmir: «Bir marketdə təmsil olunmaq üçün minimum 10-15 məhsul çıxarmaq lazımdır. Bunların hər biri üçün də barkod almaq lazımdır».

Başqa sözlə, 10 adda məhsulun marketdə təkcə satışa çıxarılması üçün bir neçə min manat tələb olunur.

İş adamı bildirir ki, «barkod haqqı” «Bazar Store»də 200-300 manat arasında dəyişir, «Araz» marketdə isə vaxtilə 100-150 manat olub. İndi onlar da qiymətləri qaldırıblar. Hazırda «Araz» marketdə də barkod qiyməti demək olar «Bravo» ilə eynidir, yəni 500 manatdır.

C.Kərimovun sözlərinə görə, bu tələblər zamanı mal satıcısının böyük və ya kiçik olmasına, yerli və xarici istehsalçı olmasına fərq qoyulmur. Nəticədə xüsusilə yerli kiçik istehsalçılar əlavə xərcə düşürlər və bu xərclər satılan məhsulun üzərinə əlavə edilir, yerli məhsullar xaricdəki daha ucuz analoqlarına uduzurlar.

Göründüyü kimi bu fakt, ölkədəki kiçik biznes üçün ciddi problemdir və sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinə olduqca mənfi təsir edir. Digər tərəfdən iri şəbəkələrin həmin məbləğləri tələb etməsinin nə dərəcədə doğru, şəffaf və qanuni proses olduğu da suallar yaradır.

Maraqlıdır ki, bu məsələyə qida sənayesinə həsr olunan toplantıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbəri Orxan Məmmədov da toxunub. O, çıxışında deyib ki, kiçik sahibkarların iri market şəbəkələrinə girişində problemlər mövcuddur.


KOBİA rəhbəri bildirib ki, ortada bəzi obyektiv və subyektiv səbəblər var. Bunun qarşısını almaq üçün tənzimləmə mexinzmlərinə və dövlət dəstək mexanizminin tətbiqinə ehtiyac var və bununla bağlı təkliflər hazırlanıb: “Məsələn bu, bazar araşdırmaları mexanizmidir 20 min manatədək dəstək var, İxracın subsidiyalaşması mexanizmi var “Azpromo” tərəfindən - sahibkarlar bundar yararlana bilərlər . Çünki bu sahədə aktivlik lazımi səviyyədə deyil”.

Əslində, KOBİA rəhbəri kiçik sahibkarların supermarketlərə buraxılmasında əsas maneə kimi onların qida istehsalı və satışı ilə bağlı normativ prosedurlar və sanitar gigiyena qaydalarına lazımi səviyyədə riayət etməməsini nəzərdə tutub və bu sahədə maariflənməyə ehtiyac olduğunu deyib.

Ancaq yaxşı olardı ki o, həm də iri şəbəkələrin kiçik sahibkarlardan haqq tələb etməsi məsələsini də qaldıraydı. Məsələ ondadır ki, sözügedən iri supermarket şəbəkələrinin sahibləri hər kəsə məlumdur və hər halda həmin şəxslər onların obyektlərində kiçik sahibkarlara yaradılan əngəllərdən xəbərdardırlar.

Deməli, hansı formadasa bu məsələni onların qarşısında qaldırmaq daha düzgün olardı. Və çətin ki, bu problemi Orxan Məmmədovun dediyi “bazar araşdırmaları mexanizmi” vasitəsilə çözmək olsun...
azpolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.