Məhkəmə icraçıları Xaçmaz sakinini aldadırlar – “Dedilər ki, cibimizdən ödəyəcəyik...”

6-07-2020, 18:38           
Məhkəmə icraçıları Xaçmaz sakinini aldadırlar – “Dedilər ki, cibimizdən ödəyəcəyik...”
Məhkəmə icraçıları Xaçmaz sakinini aldadırlar
İyunun 15-də saytımızda “Xaçmaz sakini nazirdən kömək istəyir” başlıqlı xəbər dərc etmişdik.

Xəbərdə qeyd edilirdi ki, Xaçmazın Yaquboba kənd sakini Fizuli Murtuzayev 2019-ci il iyunun 28-də sonuncu məhkəmə instansiyasında da təsdiqlənmiş qərarla inzibati xəta nəticəsində dəymiş zərərin kompensasiya edilməsinə nail olub. Lakin aradan 1 il vaxt keçsə də, ümumi məbləği 2630 manat olan kompensasiya hələ də tam ödənilməyib. Belə ki, məbləğin yarısını sığorta şirkəti ödəyib, yerdə qalan məbləği isə xətanı törədən Xudaverdi Məmmədov adlı şəxs ödəməlidir. O isə bunu etməkdən boyun qaçırır.

Maraqlısı isə odur ki, işə məsul olan Bakının Qaradağ rayon məhkəmə icraçıları məsələnin həllini bilərəkdən yubadır. Məhz buna görə də Fizuli Murtuzayev Ədliyyə Naziri Fikrət Məmmədova müraciət etməyə, məsələni ictimailəşdirməyə məcbur olub.

Bu xəbər saytımızda yayıldıqdan dərhal sonra Qaradağ rayon icra və probasiya şöbəsindən Abuzər Əlizadə Fizuli Murtuzayevi Bakıya dəvət edib ki, gəlib pulunu götürsün. O da düz 250 km-lik yolu qət edərək iyunun 18-də Qaradağ rayonuna gəlib. Lakin burada sürprizlə üzləşib. Ona hələ pulu ödəyə bilməyəcəklərini bildiriblər. Bu isə zərərçəkənin əlavə stres yaşamasına səbəb olub. Çünki bir tərəfə 250 km olmaqla 500 km-lik yolu qət etməsi, nəticədə aldadılması, əlbəttə ki, yaxşı hal deyil. Buna görə də zərərçəkən Nazir Fikrət Məmmədova növbəti müraciət etmək qərarına gəlir. Lakin bir gün sonra – iyunun 19-da poçt vasitəsilə Fizuli Murtuzayevə 700 manat pul göndərən məhkəmə icraçıları söz veriblər ki, yerdə qalan 591 manatı da iyunun 29-na kimi ödəyəcəklər.

Maraqlısı odur ki, məhkəmə icraçıları pulu öz ciblərindən ödəyəcəklərini deyiblər.

Fizuli Murtuzayev Yenisabah.az-a deyib ki, iyunun 29-da söz verilən məbləğ ödənmədiyi üçün icraçılarla yenidən əlaqə saxlayıb: “Bu dəfə də iyulun 5-nə kimi mütləq ödəyəcəklərinə söz verdilər. Lakin bu vəd də yerinə yetirilməyib”.

Belə anlaşılır ki, Qaradağ rayon icra və probasiya şöbəsində məqsədli şəkildə vətəndaşı get-gələ salır, incidir və narazılıq yaradırlar. Ona görə də Fizuli Murtuzayev növbəti dəfə Nazir Fikrət Məmmədova müraciət edib bu şəxslərin cəzalandırılmasını, eyni zamanda kompensasiyanın tam ödənilməsinin təmin edilməsini xahiş edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.