Aqil ABBAS: VAQİF ƏLİSOYUN 65 YOX, 60 YAŞI VAR

25-09-2020, 19:09           
Aqil ABBAS: VAQİF ƏLİSOYUN  65 YOX, 60 YAŞI VAR
(Təhsil naziri Emin Əmrullayevə açıq məktub)

Bu günlərdə Qarabağ qazisi Bakı şəhər Suraxanı rayonundakı 281 nömrəli məktəbin müəllimi Vaqif Əlisoyun təhsil naziri Emin Əmrullayevə ünvanladığı bir müraciətini ürək ağrısı ilə oxudum və həmin müraciəti də saytımızda yerləşdirdik, qəzetdə də dərc elədik.

Vaqif Əlisoy 65 yaşı tamam olduğuna görə təqaüdə göndərilib.

Hörmətli nazir, əvvəla Vaqif Əlisoyun 65 yox, 60 yaşı var, bu məsələyə qayıdacağıq.

Mən həmişə demişəm, bu mənim subyektiv fikrimdi, orta məktəb ali məktəb üçün kadr hazırlayan təşkilat deyil. Orta məktəbin birinci vəzifəsi vətəndaş hazırlamaqdı. Canı ilə, qanı ilə , ruhu ilə bu Vətənə, bu dövlətə bağlı olan VƏTƏNDAŞ!

Təbii ki, istedadlıları, savadlıları ali məktəbə daxil olacaq, orda həm mütəxəssis kimi, həm də bir vətəndaş kimi daha da yetkinləşəcəklər. Və bütün orta məktəbləri bitirənlər də ali məktəbə daxil ola bilmir, ya peşə məktəblərinə üz tutur ki, peşə sahibi olsun, ya da gedib digər sahələrlə – əkinçiliklə məşğul olur, sürücülük edir, bənnalıq edir, daş yonur və sair və ilaxır. Yəni bir vətəndaş kimi bu millətə, bu dövlətə qulluq edir.

Ağa Laçınlı «Səmimiyyət» adlı şeirində deyir:

Bir ölçü götürsək səmimiyyəti,

Alim var, çobandan aşağı qalar.

Və Ağa Laçınlının təbirincə desək:

Bir ölçü götürsək vətəndaşları

Alimlər var ki adi bir çobandan aşağı qalar.

Vaqif Əlisoy əsl vətəndaşdı və şagirdlərini də bir vətəndaş kimi yetişdirib. Şagirdlərinin başqa uğurlarını qoyuram bir kənara, şagirdləri bu Qarabağ qazisini məhz ona görə sevirdilər ki, onları bu millət, bu dövlət üçün yararlı bir vətəndaş kimi tərbiyə edirdi . Bu sirr deyil ki, orta məktəblərdə kişi müəllimlərin sayı heç 10-15 faiz təşkil etmir. Həm də məktəblərdə kişi müəllimlərinə ehtiyac var. Belə bir vaxtda bir kişi müəllimini təqaüdə göndərmək nə dərəcədə məqsədəuyğundur? Özü də həm müəllim kollektivinin, həm də məktəb direktorunun böyük hörmətlə yanaşdıqları bir Qarabağ qazisini, bir kişini.



Söhbəti uzatmayım, gələk yaş məsələsinə. Vaqif müəllimin 65 yaşı yoxdu, 60 yaşı var. Çünki o, ömrünün 5 ilini əlində silah səngərlərdə keçirib. Nə gecəsi olub, nə gündüzü, nə rahatlığı, nə yemək-içməyi, nə ailəsini görüb, nə şagirdlərini. Qanın-qadanın içində keçən 5 il. Əslində bu 5 il ən şərəfli bir ömürdü, amma bu 5 ili yaşamayıb ki.

Evi-eşiyi, kəndi-kəsəyi, yurdu-yuvası viran qalıb. Özü, ailəsi, nəsil-nəcabəti çöllərə düşüb. Nə qədər əzizi şəhid olub.

Vaqif Cəbrayılzadə Səttar Bəhlulzadə haqqında yazır:

Ölsəydi

bu dünyanın qara torpaqları

dolduramazdı

qocanın üz qırışlarını.

İndi Vaqif Əlisoyun sifətinə baxmaqla bir insanın nə qədər ağrı-acı çəkdiyini görmək olar.

Vaqif Əlisoy ümumiyyətlə, bəxti gətirməyən adamdı. Ermənilərlə müharibədə də heç bəxti gətirmədi, döyüşdə vurulub şəhid olsaydı indi Azərbaycanın Milli Qəhrəmanıydı.

Hörmətli Nazir!

Siz rəsmi ad almayan Azərbaycanın Milli Qəhrəmanı Vaqif Əlisoya bir müəllimliyi çox görməyin!

Sağ olun!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.