Bakıda məmurların qeyri-adi “bacarıqları” - Bu keçidlər nə üçün tikilib? (FOTOLAR)

25-01-2016, 09:26           
Bakıda məmurların qeyri-adi “bacarıqları” - Bu keçidlər nə üçün tikilib? (FOTOLAR)
Bakıda dövlət büdcəsindən ayrılan vəsaitlərin məmurlar tərəfindən aidiyyatı üzrə xərclənmədiyinin dəfələrlə şahidi olmuşuq. Bəzən büdcə pulları ilə tikilən və vətəndaşların istifadəsi üçün nəzərdə tutulan keçidlər, səkilər qısa müddət ərzində yararsız vəziyyətə düşür, bəzən isə elə görülən iş ilk başdan yarımçıq qalır. Məsələn, paytaxtın mərkəzi küçələrində tikilən yeraltı keçidlər kimi.

Musavat.com bu keçidlərin piyadalar, əsasən də fiziki məhdudiyyətli insanlar üçün istifadəyə demək olar ki yarasız olması haqda xəbər vermişdi. Paytaxtın mərkəzi küçələrində quraşdırılan yeni aparatlar əslində fiziki məhdudiyyətli şəxslərin hərəkətini asanlaşdırmalıdır. Ancaq bizdə hələ ki, bu mümkün olmur. Səbəb aparatların açarla bağlı olması və yalnız nəzarətçinin icazəsi əsasında istifadə edilməsidir.

Bu dəfə danışacağımız mövzu quraşdırılan yeni və müasir aparatlarla bağlı deyil. Haqqında danışacağımız problem yeraltı piyada keçidlərində heç bir məntiqə sığmayan, məmurlarımızın qeyri-adi “ideyasının” məhsulu olan işlərdir.

Müasirləşən Bakının bəzi mərkəzi yerlərində tikilən yeraltı keçidlərdə əlillərin hərəkətini asanlaşdırmaq üçün müasir aparatlar quraşdırılmasa da keçidlərin bəzilərində panduslar salınıb.

Diqqət çəkən və daha çox da gülüş doğuran məsələ bu keçidlərin əcaib şəkildə hazırlanmasıdır. Məsələn, keçidin bir tərəfində əlil arabalarının hərəkəti üçün pandus var, digər tərəfində isə yox. Yəni, əlil keçidin bir tərəfindən düşə bilirsə, digər tərəfindən qalxa bilmir. Belə bir sual yaranır ki, “bu keçidlər hansı məntiqlə və niyə tikilib?”
Bu cür qeyri-adi keçidlərdən biri də Bülbül prospektində, Heydər Əliyev sarayının qarşısındadır. Bu yeratlı keçidə düşən əlil nə yolun digər hissəsinə keçə, nə də geri qayıda bilər.

Belə keçidlərdən biri isə Azərbaycan prospektindədir. Yeni salınan bu keçidlərdən fiziki məhdudiyyətli vətəndaşlar istifadə edə bilmir. Burada da bir tərəfdə pandus var, digər tərəfdə yox.

Nəticədə isə əziyyət çəkən fiziki məhdudiyyətli insanlar olur.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.