Aptekdən tibbi maska alanda ehtiyatlı olun - “Almırsan alma” təfəkkürü

21-10-2020, 17:47           
Aptekdən tibbi maska alanda ehtiyatlı olun -
Başımız cəbhə xəbərlərinə elə qarışdı ki, bir də gördük, COVID-19 bəlasının nəfəsini yenidən qulağımızın dibində hiss edirik. Lakin bu dəfə hər kəs daha ehtiyatlı olmalı olduğunun fərqindədir, ən azından düşünən və özündə məsuliyyət hiss edən hər kəs üçün bu, belədir. Əvvəla, cəbhədə mənfur düşmənlə savaşırıq və bu savaşda qalibiyyət üçün də bizə sağlamlıq lazımdır, digər məqama qaldıqda isə, həkimlərin də daim bildirdiyi kimi, artıq payız mövsümündəyik. Bu mövsümdə isə həmişə qripə yoluxma halları daha çox olur.

COVID-19 virusu yayılana qədər insanlar adi soyuqdəymə, qriplə mübarizə aparmağın yolunu az-çox bilirdi. Kimi türkəçarə yolu ilə, kimi də tibbin köməyi ilə özünü sağaltmağı bacarırdı. İndi isə kim qripdir, kim koronavirus (COVID-19) - bəlli deyil. Test etdirmədiyi halda, daha dəqiqləşdirici simptomlar özünü büruzə verənəcən demək olar ki, heç kəs koronavirusa yoluxduğunun fərqində olmur.

Belə olduqda isə biz hər birimiz məsuliyyətimizi dərk etməliyik. Birdəfəlik qəbul etməliyik ki, bu bəla simptomları ilə özünü ələ verənədək daha yoluxucu olur. Bu da o deməkdir ki, yoluxduğumuz halda, maska taxmasak, sanitar-gigiyenik qaydalara əməl etməsək, başqalarını da yoluxdura bilərik. “Başqaları” ifadəsinə sevdiyimiz, ayağına daş dəysə, ürəyimizi göynədəcək insanlar da daxildir.

Lakin təəssüf ki, hələ də bunu dərk etməyən insanlar çoxdur. Keçən günlərdə isə daha acınacaqlı bir başdansovduluqla qarşılaşdım. Tibbi maska almaq üçün üz tutduğum bir neçə aptekdə əczaçının nə taxdığı maska ağız-burun boşluğunu tam bağlayırdı, nə də əlində əlcək var idi. Məndən əvvəlki müştəridən pul aldığı əli ilə mənə maska verdiyində isə buna etiraz etmək məcburiyyətində qaldım. Və qarşılığında “Hə, mənim əlimdən sənə virus keçəcək, almırsan, alma”, - deyə cavab verdi. Əczaçıya nə qədər izah etməyə çalışsam da ki, mən bu maskanı virusdan qorunmaq üçün alıram, bunu bu cür satmağınız düzgün deyil, amma xeyri olmadı.

Uzun zamandır müşahidə etdiyim “bu halla tək mən qarşılaşıram, yoxsa başqaları da bununla qarşılaşır?”, - deyə bir çox insandan da soruşdum. Məlum oldu ki, bu, çoxdan belədir. Sadəcə çoxları əczaçı ilə mübahisə etməkdən özünü sığortalamaq üçün etiraz etməkdə maraqlı deyil. Lakin infeksionist həkimlərin fikrincə, əczaçının maska ilə birbaşa təması yolverilməzdir.

Bu barədə AYNA-ya danışan infeksionist həkim Nicat Əzimli bildirib ki, COVID-19 təmas yolu ilə keçən infeksiya olduğuna görə bu cür məqamlarda ehtiyatlı davranmaq lazımdır: “Biz maska ilə ağzımızı, burnumuzu bağlayırıq. Aptekə isə ancaq sağlam adamlar girmir, müştərilər arasında təbii ki, xəstə olanlar da olur. Bu halda isə əczaçı həmin müştərilərlə kontaktda olduğuna görə, kontaminasiya olma ehtimalı yüksəkdir. Buna görə də maska alanda hər bir müştəri tələb etməlidir ki, əczaçı maskanı “pinqivin” selofanla götürüb versin, maska ilə əllə təması olmasın”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da AYNA-ya açıqlamasında eyni həssasiyyətə diqqət çəkib: “Belə hallarda istehlakçı müvafiq dövlət qurumlarına məlumat verməlidir. Bu hal COVID-19 virusu ilə bağlı Nazirlər Kabinetinin qarşıya qoyduğu tələbin pozulması sayılır. Belə olan halda həmin istehlakçı dövlət orqanlarına məlumat verməlidir və həmin aptek işçisinin işdən uzaqlaşdırılması qədər radikal tədbir görülə bilər”.

“Bu hal birmənalı şəkildə istehlakçı hüququnun pozulması və ölkədə COVID-19 virusunun yayılmasına rəvac verən hallardan biridir. Mütləqdir ki, əczaçı maskaya əli ilə toxunmamalıdır. Ya istehlakçının gözü qabağında əczaçı əlcək dəyişməlidir, ya da təzə selofan torba ilə götürərək verməlidir. Belə hal yaşanarsa, istehlakçı İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə zəng edə bilər”, - deyə AİB sədri vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.