1, 5 və 50 manatlıqların dəyişməsinin səbəbi – İqtisadçı

22-10-2020, 07:04           
1, 5 və 50 manatlıqların dəyişməsinin səbəbi – İqtisadçı
Dövriyyədə olan milli pul nişanlarının tədavülə buraxılmasından 14 il keçir. Bu dövrdə pul nişanlarımız öz estetik görünüşünə, konseptual mövzusuna və mühafizə sistemlərinə görə özünəməxsusluğu ilə seçilib. 1, 5 və 50 manatlıq əsginazların dəyişdirilməsindən öncə 10 manatlıq əsginazların dizaynının dəyişməsinin şahid olduq. Yəni zaman-zaman bu kimi dəyişiklik edilir.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda 2021-ci ildə dövriyyəyə buraxılacaq yeni 1, 5 və 50 manatlıq pul nişanları haqda danışarkən deyib.

N.Cəfərli bildirib ki, əsginazların yeni dizaynı bir çox ölkələrdə tətbiq olunur:

“Dünyanın ən aparıcı valyutası olan dolların son 20-30 ildə dizaynında əhəmiyyətli dərəcədə dəyişiklik baş verib. Ümumiyyətlə, milli valyutaların dizaynının dəyişməsinin bir neçə səbəbi ola bilər.

Birincisi, müasir texnologiyalar sürətlə inkişaf edir. Bu da öz növbəsində identifikasiya və qorunma kodlarının ştrixlərinin qorunma ehtiyacı yaradır. Bu mənada vaxtaşırı bu kimi dəyişikliklər edilə bilər. Beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yeniliklər tətbiq edilir.

İkincisi, ölkədə əhəmiyyətli hadisələr baş verirsə, bu, öz növbəsində pulların dizaynına əsaslı təsir edə bilir.

Üçüncüsü, əsginazlar uzun müddət dövriyyədə olarsa, bu, onların köhnəlməsinə səbəb ola bilər. Bu mənada pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın müasirləşdirilməsini dövrün tələbi kimi başa düşmək olar.

Düşünürəm, gələcəkdə nağd pul dövriyyəsinin artması üçün əsaslı işlər görüləcək. Çünki köhnə əsginazlar birdəfəyə yox, tədricən dövriyyədən çıxarılmalıdır. Bundan əlavə, işğaldan azad edilən ərazilərin yenidən qurulması üçün ciddi bir maliyyə resursuna ehtiyac duyulacaq. Bütün bunlar əlavə pul dövriyyəsinə ehtiyac yaradır. Mənə elə gəlir ki, bu, dekabr ayında daha çox müzakirə ediləcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.