İranla sərhədin bərpası Azərbaycana hansı iqtisadi imkanlar açır? - Ekspert rəyi

28-10-2020, 00:55           
İranla sərhədin bərpası Azərbaycana hansı iqtisadi imkanlar açır? - Ekspert rəyi
Sentyabrın 27-də Dağlıq Qarabağ və ətraf bölgələrdə döyüşlər başlayandan sonra Azərbaycan 27 il öncə İranla sərhəddə əldən verdiyi ərazilərini də geri qaytarıb.

"Ağbənd qəsəbəsinin (Zəngilan rayonunda) azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu. Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm", - Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 22-də rəsmi “Twitter” səhifəsində yazmışdı.

Azərbaycanın İranla dövlət sərhədi 765 kilometrdir. Onun 132 kilometri işğal nəticəsində nəzarətsiz qalmışdı. İndi İranla bütün sərhədboyu ərazilərə tam Azərbaycan sərhədçilərinin nəzarət etdiyi bildirilir.

Bəs bu, ölkə iqtisadiyyatına, nəqliyyat, kommunikasiya əlaqələrinə necə təsir edəcək?

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev “Azadlıq” radiosuna bildirib ki, Arazboyu sərhəd bölgəsinin işğaldan azad olunması Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır: "Artıq Araz çayı üzərində həm elektrik alınması, həm də suvarma üçün su bəndləri tikilməsi kimi məsələlər var. İki ölkə bu imkanlardan ayrı-ayrılıqda yararlanır".


Mehtiyevin fikrincə, birgə fəaliyyətin baş tutması isə daha çox İranın bunda nə qədər maraqlı olmasından asılıdır.

İqtisadçı hesab edir ki, burada birgə iqtisadi layihələrin icrası üçün kifayət qədər imkanlar vardır. Onun qeyd etməsinə görə, azad edilən bölgə təbii resurslar, emal sənayesinin inkişafı baxımından da çox əlverişlidir: "Burada həm də sənaye şəhərlərinin yaradılması mümkün olacaq və yəqin ki, Azərbaycan buna cəhd edəcək".

İqtisadçının fikrincə, İran tərəfinin razılığı olduğu halda Azərbaycan bərpa edilən imkanlardan yararlanaraq Naxçıvanla quru və dəmiryol əlaqəsi də yarada bilər. O hesab edir ki, bu, Azərbaycan üçün blokadada qalan Naxçıvanla əlaqə baxımından vacibdir.

Mehtiyev habelə vurğulayıb ki, İran hökuməti xoş niyyət göstərərsə, həmin bölgə sərhədyanı ticarət baxımından da çox faydalı ola bilər.


Milli Məclisin sədr müavini Fəzail İbrahimli də "Turan" agentliyinə deyib ki, bəhs edilən 132 kilometrlik sərhədi nəzarətə götürməklə Azərbaycan dövlət sərhədinə tam sahiblənib.

O, əlavə edib ki, Azərbaycan dövləti həmin ərazini iqtisadi baxımdan inkişaf etdirəcək.

Sədr müavininin deməsinə görə, İran Azərbaycanla qonşu dövlətdir, odur ki, qonşuluq münasibətləri saxlanmalıdır: "İndi artıq Azərbaycan dövlət sərhədlərinə sahiblik edir, iqtisadi əlaqələr də güclənəcək, bölgənin iqtisadi inkişafı da baş verəcək...".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.