Hökumət manatı yaxın 3 ildə sabit saxlamaq niyyətindədir

30-09-2022, 08:24           
Hökumət manatı yaxın 3 ildə sabit saxlamaq niyyətindədir
Mərkəzi Bank riskləri önləyəcəyini bəyan edir
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsi layihəsində manatın dollar qarşısında məzənnəsi 1 dollar = 1,7 manat həddində proqnozlaşdırılır. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda hətta 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb. Büdcə layihəsində həmçinin Azərbaycanın əsas gəlir mənbəyi olan xam neftin orta bazar qiyməti 50 dollardan hesablanıb.

Bu isə o deməkdir ki, hökumət yaxın 3 il ərzində Azərbaycanda manatın məzənnəsinə ciddi təsir göstərəcək amil görmür. Lakin 2015-2016-cı illərdə baş verənlər göstərir ki, belə amillər bir neçə həftənin içindəcə formalaşa və manatı kəskin dəyərsizləşdirə bilər. Söhbət, əlbəttə, ölkədə makroiqtisadi sabitliyin qarantına çevrilmiş xam neftin dünya bazar qiymətlərindən gedir. Bu ilin fevralından - Ukraynada müharibə başlayandan neft bazarında qiymətlərin yüksəlməsi müşahidə olunur. SOCAR-ın məlumatlarına görə, 2022-ci ilin birinci yarımilində “Azeri Light” markalı neftin qiyməti orta hesabla 110 ABŞ dolları olub ki, bu da illik ifadədə 68 faiz yüksəkdir. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yüksək enerji qiymətlərinin yaxın perspektivdə Azərbaycanda iqtisadi artımı dəstəkləyəcəyini proqnozlaşdırır. Bankdan qeyd edilir ki, Azərbaycanda qeyri-neft sektorunun güclü göstəriciləri 2022-ci ilin ilk yeddi ayı ərzində 6,2 faiz artıma səbəb olub. Karbohidrogen qiymətlərinin artması ixrac gəlirlərini demək olar ki, iki dəfə artırıb, cari hesabda və büdcədə böyük profisit yaradıb. Bununla belə, 2022-ci ildə Cənubi Qafqaz regionu üçün qeydə alınan güclü iqtisadi artım 2023-cü ildə azalacaq. Azərbaycan üçün qeyri-müəyyənlik həm enerji qiymətlərindən, həm də inflyasiyadan qaynaqlanır. Azərbaycan iqtisadiyyatının bu il 4,5 faiz artacağı, gələn il isə 2,5 faizə qədər yumşalacağı proqnozlaşdırılır: “İndi inflyasiya orta hesabla Cənubi Qafqaz regionu üzrə 10 faizə düşüb ki, bu, hələ də yüksəkdir, lakin ümumilikdə AYİB regionları üzrə orta göstərici - 16,5 faizdən əhəmiyyətli dərəcədə aşağıdır”.

Ukrayndakı müharibənin enerji qiymətlərinə artırıcı təsirinin qalması fonunda beynəlxalq analitiklər ən azı 2023-cü ilin birinci rübünə qədər neft bazarında qiymətlərin hazırkı səviyyədə - 90-100 dollar civarında qalacağını proqnozlaşdırırlar. Rusiya neftinə qiymət tavanının tətbiqinin də qiymətləri aşağı çəkəcək gücdə olmadığı hesab edilir. Belə ki, Rusiya tavan təyin olunarsa, ona əməl edəcək ölkələrə öz məhsulunun satışını dayandıracağı ilə hədələyir. Bundan əlavə, Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini tam ilham etmək qərarına gəlib ki, bu da beynəlxalq gərginliyin son dərəcə artmasını şərtləndirib. İlham formal olaraq rəsmiləşdikdən sonra Rusiyanın Ukraynaya nüvə zərbələri endirməklə hədələməsi yaxın həftələrdə müharibənin miqyaslarının bütün dünyanı təhdid edəcək qədər böyüməsinə gətirib çıxara bilər.

Hətta bunlar baş verməsə belə, yüksək enerji qiymətlərinin, müharibə və pandemiyanın səbəb olduğu yüksək inflyasiya bütün inkişaf etmiş ölkələrdə mərkəz bankların sərt monetar siyasətə keçərək faiz dərəcələrini kəskin qaldırmasına səbəb olub. Xüsusilə ABŞ Federal Ehtiyatlar Sistemi faiz dərəcələrini artırdıqdan sonra dünyanın bir saylı valyutası olan dolların məzənnəsində möhkəmlənmə sürətlənib. Bu isə dünyanın ən böyük iqtisadiyyatında - ABŞ-da resessiyanın sürətlənməsinə gətirib çıxara bilər. Çünki faiz dərəcələrinin artımı, dövriyyədəki pul kütləsinin məhdudlaşdırılması iqtisadiyyatım artım dinamikasını saxlamaq üçün vacib olan investisiya imkanlarını kəskin məhdudlaşdırır. Artıq bir çox ekspertlər dünya iqtisadiyyatının resessiya içərisində olduğunu, onun dərin böhrana keçməsi riskinin yarandığını bildirirlər. Belə böhran başlayarsa, xammal və qiymətli kağızlar bazarlarında ciddi enmələr baş verəcək.

FED-in uçot dərəcəsinə etdiyi dəyişiklik Azərbaycanda da hiss olunmaqdadır. Sentyabrın 28-də ölkədə avronun məzənnəsi 1,6236 manata enib. Bu isə sentyabr ayının 1-i ilə müqayisədə Avropa valyutasının 4,6 faiz, 2022-ci ilin əvvəlindən isə 17,7 faiz ucuzlaşması deməkdir. Qeyd edək ki, 2022-ci ilin əvvəlində avro 1,9191 manata ticarət edilmişdi. Federal Açıq Bazar Komitəsinin (FOMC) bəzi üzvləri FED-in 2022-ci ilin sonuna qədər uçot dərəcəsini 4,25-4,5 faizə qədər artıracağını gözləyirlər. Bu isə o deməkdir ki, bu ilin sonuna kimi avro və digər valyutalar dollar qarşısında, o cümlədən manat qarşısında ucuzlaşmaqda davam edəcək (APA).

Azərbaycanda manata nəzərən dolların məzənnəsinin artmamasının yeganə səbəbi valyuta bazarının Mərkəz Bank tərəfindən tam nəzarətdə saxlanmasıdır. Ölkədə milli valyutanın üzən məzənnə rejiminə keçilməyib, məzənnəni Mərkəz Bank tənzimləyir. Buna görə də ilin əvvəlindən bəri yüksək neft qiymətləri, həmçinin qeyri-neft ixracının artması fonunda milli valyutanın məzənnəsi dəyişməz qalın.

Dünya Bankının (DB) sentyabr ayı üzrə hesabatına əsasən Azərbaycanın bəzi ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması manatın nominal effektiv məzənnəsini 10,5 faiz artırıb. Bankdan bildirilib ki, manatın məzənnəsinin sabit qalması Azərbaycan Mərkəzi Bankının ehtiyatlarını artırıb: “Neft Fondunun valyuta satışları avqust ayında iki dəfədən çox artıb, baxmayaraq ki, bir il əvvələ nisbətən 4,6 faiz azdır. AMB-nin ehtiyatları avqust ayında nominal ifadədə 1,3 faiz artaraq 7,5 milyard ABŞ dolları təşkil edib. Belə ki, valyuta tələbinin zəifləməsi ehtiyatların yığılmasına imkan verib”.

Avqust ayında həmçinin Azərbaycan manatının dövretmə sürəti azalıb. Mərkəzi Bankdan bildirildiyinə görə, ötən ay manatın dövretmə sürəti 4,72 bənd təşkil edib. Bu isə iyul ayı ilə müqayisədə 0,12 faiz bəndi azdır: “Tədiyə balansı məlumatlarına görə, I yarımillikdə cari əməliyyatlar hesabında ümumi daxili məhsulun 27.6 faizi səviyyəsində profisit olub. Əsas ixrac məhsullarının yüksək dünya qiymətləri, qeyri-neft ixrac potensialının reallaşması, eləcə də ölkəyə daxil olan pul baratlarının artması iri həcmli cari hesabın formalaşmasına şərait yaradır. Qeyri-neft ixracı 7 ayda ötən ilin müvafiq dövrünə nəzərən 24.2 faiz artıb. Cari hesabın başlıca komponenti olan xarici ticarət balansının profisiti 7 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb. Proqnozlara görə, cari ilin yekunu ilə yanaşı, 2023-cü ildə də cari əməliyyatlar hesabı profisitli olacaq. Beynəlxalq təşkilatların proqnozlarına əsasən növbəti ildə də Azərbaycanın ixracının əsasını təşkil edən məhsulların dünya qiymətləri yüksək qalacaq”.

AMB-dən bildirilir ki, qurumda Dövlət Neft Fondunun iştirakı ilə təşkil olunan valyuta hərraclarında təklif tələbi üstələməkdə davam edir: “Ümumilikdə cari ilin əvvəlindən bəri (yanvar-avqust aylarında - red.) keçirilən hərracların 77 faizində təklif tələbi üstələyib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun satışları üzrə əhəmiyyətli qənaət var. Cari ilin aprel ayından başlayaraq dövlət büdcəsinin birbaşa valyuta xərclərinin əsasən dövlətin valyuta gəlirləri hesabına ödənilməsi də hərraclardakı tələb-təklif nisbətinə təsir edib. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmaqla yanvar-avqust aylarında 606.7 milyon dollar, o cümlədən aprel-avqust aylarında 473.8 milyon dollar olub”.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Dövlət Neft Fondu 3 milyard 392 milyon dollar məbləğində xarici valyuta satıb. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz azdır. Avqustda fondun xarici valyuta satışı 440,5 milyon dollar təşkil edib. Sentyabr ayında isə Mərkəzi Bankda 8 valyuta hərracı keçirilib. Bu hərraclardan valyutaya tələb 69,4 milyon dollar, 43,8 milyon dollar, 48,4 milyon dollar, 38,6 milyon dollar, 32,3 milyon dollar, 45,7 milyon dollar və 57 milyon dollar olmaqla, cəmi 335,2 milyon dollar satılıb. Bu, avqust ayı ilə müqayisədə 24 faiz, 2021-ci ilin sentyabrı ilə müqayisədə isə 40,7 faiz azdır.

Azərbaycan manatının məzənnəsinə olmasa da, alıcılıq qabiliyyətinə təsir edən əsas amil, əlbəttə, inflyasiyadır. Mərkəzi Bankın məlumatına əsasən, Azərbaycanda illik inflyasiya 2022-ci ilin avqustunda 14.2 faiz, orta illik inflyasiya isə 13.2 faiz təşkil edib. Baza inflyasiya isə illik 12.1 faiz, orta illik 10.2 faiz hesablanıb: “Ümumi inflyasiya səviyyəsinin yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib. Avqustda illik inflyasiyaya 9.1 faiz bəndi ərzaq, 2.1 faiz bəndi qeyri-ərzaq, 3.1 faiz bəndi isə xidmətlərin qiymət və tariflərinin dəyişimi töhfə verib. Aparılmış təhlillər inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amillərinin üstün rola malik olduğunu göstərir. Avqust ayında dünya ərzaq qiymətləri 1.9 faiz azalsa da onun illik artımı 7.9 faiz səviyyəsindədir və müəyyən zaman intervalı ilə daxili qiymətlərə ötürülür. Eyni zamanda təchizat zənciri ilə bağlı xərcləri xarakterizə edən indekslər son aylar azalsa da, ümumilikdə yüksək olaraq qalır”.

Getdikcə artan geosiyasi gərginlik və COVİD-19-a yoluxma hallarının artması fonunda daşınma-logistika xərclərinin yenidən artması və dünya əmtəə qiymətlərinin tədricən azalması proqnozlarının qarşıdakı dövrdə özünü doğrultmaması, nəticədə tərəfdaş ölkələrdə inflyasiyanın yüksəlməsini AMB ölkədə inflyasiyanı yüksəldə biləcək xarici risklər hesab edir: “Bu risklər hökumətin və Mərkəzi Bankın koordinasiya olunmuş antiinflyasiya tədbirləri, o cümlədən adekvat monetar şəraitin təmin edilməsi ilə idarə ediləcək. Mərkəzi Bank tərəfindən pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi monetar şəraiti daha effektiv tənzimləməyə imkan verir. 2023-cü il və orta müddətli dövrdə məcmu tələbin izafi artımına yol verilməməsi də dayanıqlı makroiqtisadi sabitliyi, o cümlədən qiymət sabitliyini dəstəkləyəcək”.

Dünya SAKİT,

“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.