Mərhum nazirin şirkəti 7 milyonluq TENDERİ `UDDU` - TƏFƏRRÜAT

5-10-2022, 18:53           
Mərhum nazirin şirkəti 7 milyonluq TENDERİ `UDDU` - TƏFƏRRÜAT
Ədliyyə Nazirliyi 6,9 milyon manatlıq tenderə yekun vurub.

DİA.AZ dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, nazirlik məhkum edilmiş şəxslərə tətbiq olunan elektron nəzarət vasitələrinin və aidiyyəti avadanlığın, eləcə də elektron monitorinq sistemlərinin, “Cəza çəkən məhkumlar və həbs olunmuş şəxslər” informasiya resursunun, mövcud elektron nəzarət qurğuları və digər avadanlıq, lisenziyalar, proqram təminatı, habelə rabitə infrastrukturunun saxlanılması, inkişafı və texniki dəstəyin göstərilməsi üzrə xidmətlərin satınalınması üzrə tenderə yekun vurub.

Tenderin qalibi "Evrodizayn" QSC seçilib.

Qalib şirkətlə 6 milyon 895 min 794 manat həcmində müqavilə imzalanacaq.

DİA.AZ bildirir ki, "Evrodizayn" QSC ilk dəfə deyil ki, belə iri məbləğdə tenderi dövlət qurumundan qazanır.

Məlumat üçün qeyd edək ki, “Evrodizayn” QSC 10.08.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 000 manat olan QSC-nin hüquqi ünvanı “Nəsimi rayonu, Abbasqulu Bakıxanov, ev. 6”da yerləşir. “Evrodizayn” QSC-nin qanuni təmsilçisi Tağıyev Teymur Ramis oğludur.

Onu da qeyd edək ki, uzun illər mətbuatda “Evrodizayn” QSC-nin mərhum Gənclər və İdman naziri Azad Rəhimova məxsus olması ilə bağlı çoxsaylı məlumatlar yayılıb və bu günə kimi təkzib olunmayıb. Bildirilir ki, “Evrodizayn” QSC “İtaldizayn” şirkətlər qrupuna daxildir və Azad Rəhimovun rəsmi tərcümeyi halında da göstərilir ki, mərhum nazir 1998-2006-cı illərdə bu şirkətlər qrupunun rəhbəri olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.