Neftçalanın su təsərufatı ölüb ağlayanı yoxdur

21-05-2015, 09:55           
Neftçalanın su təsərufatı ölüb ağlayanı yoxdur
Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılovu iş yerində tapmaq müşkül məsələyə çevrilib. Səbəb isə idarə müdirinin başının daha «vacib» işlərə qarışmasıdır. Bu barədə JAM.AZ-a Neftçala rayonundan olan sakinlər məlumat veriblər.

Onların bildirdiyinə görə, əkinçiliklə məşğul olan əhalinin göz dikdiyi bu sahədə durum çox acınacaqlıdır. Bu acınacaqlı durumun yaranmasının bir səbəbi də hər il dövlət büdcəsindən milyonlarla manat vəsaitin ayrılmasına rəğmən, drenaj kollektorların təmizlənməsinin həyata keçirilməməsidir. Həmin pullar isə Azər İsmayılovla yerli iş adamlarının birgə «əməliyyatları» sayəsində mənimsənilir.

JAM.AZ-ın araşdırmalarına görə, Azər İsmayılov məhşur, eyni zamanda qalmaqallı iş adamı Hacı Qurban Abbasovla şərikli şəkildə hərəkət edir. Elə bu səbəbdəndir ki, Hacı Qurban Abbasovun “İlkin” MMC-nə 350.000 manatdan çox pul köçürülüb. Və sənədlərdə belə göstərilib ki, guya, həmin şirkət ehtiyat hissələri alaraq tabeliyində olan texnikaları təmir etdirib, daha sonra isə kollektor qazıb. Amma nə həmin texnikaları görən var, nə də qazılan kollektorları.

Bu tender əməliyyatları daha sonra başqa şirkətlərlə də həyata keçirilib. Məsələn, "Elektro Servis" MMC və "Samir A.Ə." MMC ilə görülən “işlər» 230 min manata başa gəlib. Kağız üzərində hər şey ideal olsa da, Neftçala əkinçilərinin mövcud vəziyyəti tam tərsini deyir. JAM.AZ xəbər verir ki, rayondakı drenaj kollektorlarının əksəriyyəti qrunt suları ilə doludur. Elə buna görədir ki, əkilən məhsulun mil kökü şor sulara dayanıb və inkişafdan kəsilib. Bu isə camaatın əziyyətinin zay olması, daha doğrusu, zay edilməsidir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.