Azərbaycanda xəstəliklər niyə bölgələrə “özəl” yayılır?

26-06-2015, 21:57           
Azərbaycanda xəstəliklər niyə bölgələrə “özəl” yayılır?
Azərbaycan vətəndaşları daha çox qeyri-infeksion xəstəliklərə yoluxur və ölüm faktları da bu zaman baş verir. Səhiyyə Nazirliyi də qan dövranı sistemi (ürək-damar), tənəffüs orqanları, endokrin sistemi (şəkərli diabet), bədxassəli yeni törəmələr (xərçəng şişləri) kimi xəstəliklərin üstünlük təşkil etdiyini açıqlayıb.

2014-cü ildə Azərbaycanda qan dövranı sistemi xəstəliklərinə 140433 nəfər, tənəffüs orqanları xəstəliklərinə 741198 nəfər, endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntularına 51099 nəfər, yeni törəmələrə 11011 nəfər yoluxub.

Məlumatda bildirilir ki, Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Tovuz, Sabirabad, Yevlax, Şəki, Ağdaş, Goranboy və Qobustan rayonlarında qan dövranı sisteminin xəstəliyi daha geniş yayılıb.

Tənəffüs orqanlarının xəstəliyinə isə daha çox yoluxanlar Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Masallı, Tovuz, Quba, Cəlilabad və Astara rayonlarındandır.

Naxçıvan, Sumqayıt, Mingəçevir, Bakı və Şirvan şəhərlərində, Quba, Qusar, Qax, Xızı, Göygöl və Neftçala rayonlarında endokrin sistemin xəstəliyi daha geniş yayılıb.

Yentörəmələrə yoluxanlar isə Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində, Abşeron, Xaçmaz, Kürdəmir, Şəki, Ucar, Lənkəran
və Qəbələ rayonlarında üstünlük təşkil edir.

Xəstəliklər və onların yayıldığı bölgələr hər zaman aktual mövzulardan olub. Məlumdur ki, burda iqlim faktoru, əhalinin əsas məşğuliyyəti önəm daşıyır və bir çox hallarda təbiət, daimi hava şəraiti, hətta təbii fəlakətlərin də rolu olur. Məsələn, bundan öncə xərçəng xəstələrinin yaşadığı bölgələr üzrə də maraqlı statistika açıqlanmışdı.

Ölkənin baş onkoloqu Azad Kərimli bildirmişdi ki, daha çox xərçəng xəstələri Bakıda yaşayır. Bunun da əsas səbəbi paytaxtda əhalinin sıxlığı və ekoloji durumun pis olmasıdır.

Baş onkoloq radiasiya faktorunu da xərçəngin yayılmasında mühüm amil hesab edir: "Bir akasiya ağacı 40 kvadratmetr ərazini zərərli maddələrdən təmizləyir, lakin indi bu ağacları qırırlar”.

Amma baş onkoloq Azərbaycanın cənub bölgəsində də xərçəng xəstələrinin sayının üstünlük təşkil etdiyini deyib. Onun bildirdiyinə görə, bu, ilk növbədə əhalinin məşğuliyyəti ilə əlaqədardır. Çünki bu bölgənin əhalisi daha çox tərəvəzçiliklə məşğuldur və ilin bütün fəsilləri gübrənin, kimyəvi maddələrin içindədirlər. Bundan başqa, onlar İrandan dəmir qablarda gətirilən yağlardan da çox istifadə edirlər, bu da xərçəngin yayılmasında mühüm rol oynayır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla musavat.com-a açıqlamasında yayılan son statistika barədə danışdı. Dedi ki, Azərbaycanda uzun müddət qohumluq nikahları olub və bu, genetik duruma neqativ təsir edir: “Nəticə etibarilə nəslin cırlaşması, anomaliyalar baş verir. Bunu konkret olaraq bir rayona aid etmək olmaz. Amma bu da bir faktdır ki, malyariyanın aran zonalarında yayılması, zob xəstəliklərinin yodun çatmadığı Şəki, Zaqataka, Balakən, Qaxda yayılması halları var. Orqanizmdə yod çatışmazlığı yaranır ki, bu da endemik zob xəstəliyinə səbəb olur”.

A.Qeybulla dedi ki, talassemiyanın özü də Azərbaycanın ocaqlarından biri sayılır. Daun, xromosom xəstəliklərinin də ölkəmizdə geniş miqyas aldığını xatırladan professor çıxış yolu kimi əhalinin dispanizasiyasını göstərdi.

Onun fikrincə, hazırda əhalinin bir hissəsi miqrasiyadadır. Köçüb gedənlər, iş məqdəsilə ilin bir neçə ayını ölkə xaricində keçirənlər var: “Bu isə bəzən real statistikanı əhatə etmir. Dispanizasiya aparılsa, hər bir vətəndaşa xəstəlik pasportu paylansa, burada onun keçirdiyi xəstəliklər də yer ala bilər. Monitorinq, xəstəliyin dinamikası kimi hallar bu zaman aydın olar. Çünki bu və ya digər xəstəlikdən əziyyət çəkən şəxs bunu ailəsinin digər üzvlərinə də keçirir. Bu isə genofonda hansı formada təsir edir, bunu da nəzərə almaq lazımdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.