Hansı deputatın mandatı şübhə altındadır - İcra başçıları ilə münaqişədə olan deputatlar...

27-08-2015, 21:01           
Hansı deputatın mandatı şübhə altındadır - İcra başçıları ilə münaqişədə olan deputatlar...
Bu gün bir sıra millət vəkillərinin seçildikləri bölgələrin icra başçıları ilə ciddi konfliktdə olduğu və bu üzdən seçicilərin də ziyan çəkdiyi kimsəyə sirr deyil. Bu barədə mətbuatda da vaxtaşırı məlumatlar yayılır. Seçki ilində isə icra başçısı-deputat münasibətləri daha da aktuallaşıb.

Editor.az-ın əməkdaşı araşdırma apararaq icra başçısı ilə deputatın "yola getmədiyi" bölgələri müəyyənləşdirməyə çalışıb.

Araşdırmanın nəticəsinə görə, icra başçısı-millət vəkili münasibətlərinin qaydasında olmadığı bölgələr arasında ilk yerlərdə Sumqayıt şəhəri gəlir. Məlumatlı mənbənin sözlərinə görə, şəhərin icra başçısı Eldar Əzizovun bu şəhərdən seçilən deputatların dördü ilə də münasibətləri yaxşı deyil. Hətta başçının həmin millət vəkillərindən birini şəhərdaxili tədbirlərdən uzaqlaşdırdığı bildirilir. Bu səbəb kimi, həmin millət vəkilinin ötən seçkilərdə Sumqayıtın keçmiş icra başçısı Vaqif Abdullayevin təşəbbüsü ilə YAP-ın namizədlər siyahasına daxil edilməsi göstərilir.

İcra başçısı-deputat münasibətlərinin kəskin olduğu rayonlardan biri də Sabunçu rayonudur. Rayonun icra başçısı Adil Vəliyevlə rayonun deputatı, Şeyx Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin yola getmədiyi demək olar ki, hamıya bəllidir. Rayondakı mühüm vəzifələr və gəlir yerləri uğrunda nüfuz savaşı icra başçısı ilə millət vəkili üz-üzə qoyub. Münasibətlər o qədər gərginləşib ki, hətta deputatla icra başçısı bir müddət öncə mətbuatda açıq söz savaşına çıxmışdılar.

Xaçmaz rayonu da başçı-deputat münasibətləri sarıdan yaramayıb. Rayonun millət vəkili Arif Əşrəfovla icra başçısı Şəmsəddin Xanbabayevin münasibətlərinin də kifayət qədər gərgin olduğu iddia olunur. Bildirilir ki, icra başçısı rayonda gücünü kimsəylə bölüşmək istəmir. Bu səbəbdəndir ki, Şəmsəddin Xanbabayevin rayonun keçmiş deputatı Lalə Abbasova ilə münasibətləri qaydasında da deyildi və bu söz-söhbətlər mətbuat səhifələrinə qədər gəlib çıxmışdı.

Masallıda icra başçısı olarkən rayonun o zamankı deputatı Əhəd Abıyevlə münasibətləri olduqca kəskin olan Qəzənfər Ağayevin Astaraya rəhbər gətirildikdən sonra bu rayonun deputatı ilə anlaşa bilmədiyi qeyd olunur. Q.Ağayevin rayonun deputatı, siyasətdə olduqca yeni olan Aslan Cəfərova ilk gündən "öz işləri ilə məşğul olmağı və rayonda onun fəaliyyətinə müdaxilə etməməyi" tövsiyyə etdiyi bildirilir.

Kürdəmir rayonunun icra başçısı ilə deputatı da anlaşa bilməyənlər sırasındadır. Deputat Fərhad Qəribov bir müddət əvvəl mətbuata açıqlamasında rayonda narkomaniya gücləndiyini, mübarizənin isə olduqca zəif getdiyini dilə gətirmişdi. O, "başqa narazılıqlar da var. Geniş danışmayacam"-deyə, rayon rəhbərliyini hədəf seçmişdi. Təsadüfi deyil ki, icra başçısı Ceyhun Cəfərov da deputat sərt cavab verərək, millət vəkilinin bu fikirlərinə münasibətinin mənfi olduğunu açıqlamışdı. Mənbələr iddia edir ki, deputatla icra başçısı arasında belə açıq münaqişənin səbəbi rayondakı vəzifələr və gəlirli yerlər uğrunda mübarizədir.

Siyəzən rayonunda da icra başçısı-deputat münasibətləri arzuolunan səviyyədə deyil. 15 ildir ki, Siyəzəni Milli Məclisdə təmsil edən Tahir Süleymanov bir neçə ildir rayona icra başçısı təyin olunan Arif Qasımovla "dil tapa bilmir". İcra başçısının Siyəzəndə deputat məxsus un dəyirmanları, toyuq fermaları və bu kimi digər biznes strukturlarının fəaliyyətinə əngəllər törətdiyi, onun yaxın çevrəsinə aid olan şəxsləri ya görəvdən aldığı, ya da ciddi şəkildə sıxışdırdığı iddia olunur. Bu səbəbdəndir ki, deputat Tahir Süleymanov artıq bir neçə ildir ki, rayonda təşkil olunan hətta rəsmi tədbirlərdə belə demək olarki, "gözə dəymir".

Bir sıra bölgələrdə icra başçısı-deputat münasibətlərinin gərgin olduğuna dair daha bir neçə nümunələr göstərmək olar. Ancaq şəxsi maraqları səbəbindən üz-üzə gələn icra başçıları və deputatlar bilməlidirlər ki, onların bu savaşından ən çox zərər çəkən seçicilər olur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.