Mərkəzi Nəbatat Bağının problemləri - su qıtlığı, natəmizlik...

7-09-2015, 16:35           
Mərkəzi Nəbatat Bağının problemləri - su qıtlığı, natəmizlik...
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağının işçiləri vətəndaşlardan, vətəndaşlar isə onlardan narazıdırlar. Hər iki tərəfin sözlərinə görə, səbəbləri var. Lakin əsas məsələ təmizlik və ayaqyolu probleminin üzərində cəmlənib.
Mərkəzi Nəbatat Bağında (Mərkəzi Botanika bağı-red.) su problemi yaşanır. Bu barədə musavat.com-a bağda istirahət məqsədi ilə ora yollanan Bakı sakinləri məlumat veriblər.
Nabatat bağı və Nəbatat İnstitutu üçün Dağüstü parkdan (indiki "Şəhidlər xiyabanı"ndan) başlamış "Qurd qapısı"na gedən yol arasında 80-100 hektar sahə ayrılması və buranın su ilə təchizatı ilə bağlı qərar hələ 1934-cü ildə verilib. O zamandan etibarən isə bağa müxtəlif növ ağac və bitkilər gətirilərək, bura Botanika bağı kimi olduqca zənginləşdirilib.

Botanika bağına bir nəfər üçün giriş haqqı 1 manat təşkil edir. Əlavə olaraq ərazidə avtomobil saxlamaq üçün də vətəndaşlardan 1 manat da alınır. Lakin bağın içərisindəki natəmizlik diqqət çəkir. Eyni zamanda orada olarkən şahidi olduq ki, ərazidə yeni tikilmiş ayaqyoluların da qapıları bağlanılıb. Elə bağda istirahət etmək istəyən şəxsləri də ən çox narahat edən bu faktordur. Ərazidə gəzdiyimiz zaman həmsöhbət olduğumuz Süleyman Quliyev adlı vətəndaş bildirdi ki, bura hər həftə sonu gəlir. Lakin bağın ortasında yeni tikilmiş ayaqyolunun qapısının açıq vaxtı olmur. Vətəndaş bildirir ki, əgər giriş ödənişlidirsə, burada heç olmasa bu kimi adi qaydalara əməl edilməlidir:
“İkinci bir məsələ su problemidir ki, bura gələndə əlimizi yumağa su tapmırıq. Bütün bu kimi hallar arzuolunmazdır”.

S.Quliyevlə birlikdə Botanika bağında olan krantlardan suyun gəlib-gəlmədiyini biz də yoxladıq. Krantlar təzə və təmiz olsa da, onlardan su gəlmədi.

Məsələni aydınlaşdırmaq üçün, ilk olaraq mühafizəçilərlə söhbət etdik. Özlərini təqdim etməyən mühafizəçilər ayaqyoluların qapısının bağlı olmasını su problemi ilə əlaqələndirdilər. Onlar bildirdilər ki, su olmadığı üçün vətəndaşlar natəmizlik yaradırlar. Ona görə də qapılar bağlı saxlanılır.

Mühafizəçilərlə söhbətimiz əsnasında bir nəfər yanımızda öz avtomobilini saxladı. O avtomobilindən düşən kimi mühafizəçilərin üzərinə qışqırıb, nə üçün ərazidə olmadıqlarını soruşdu. Özünü direktorun müavini kimi təqdim edən bu şəxs, adını söyləməsə də, bizimlə birlikdə ərazini gəzib, problemlər barəsində danışdı. Onun sözlərinə görə, bağda heç bir su problemi yoxdur:

“Problemlərin kökündə vətəndaşların məsuliyyətsizliyi dayanır. Hər bir yeni tikilən ayaqyolunun arxasında 2 tonluq çənlər quraşdırmışıq. Su gəldiyi zaman həmin çənləri doldururuq. Lakin vətəndaşlar çənlərdə suyun qalmasına imkan vermirlər. Onlar su krantlarını açıq qoyurlar ki, bu da bizim üçün əlavə problemlər yaradır. Eyni zamanda ərazidə 45 ədəd zibil qutusunun olmasına baxmayaraq, vətəndaşlar zibilləri xaricdən gətirilmiş bitkilərin diblərinə tökürlər. Mən şəxsən hər gün buradan pivə bankaları yığmaqdan yorulmuşam. Bağın girişində müşahidə kameraları qoyulub. Bundan əlavə, mühafizə xidmətimizin əməkdaşları da mütəmadi olaraq əraziyə baxış edirlər. Ancaq yenə də vətəndaşların qarşısını ala bilmirik. Ayaqyolunun krantını belə açıb aparırlar. Bir də görürük ki, su axıb tökülür yerə. Eyni zamanda ərazidə ayaqyolunun harada olduğunu göstərən nişanlar da var idi ki, onları da vurub sındırıblar. Bağın ərazisi həftə içi hər gün təmizlənsə də, insanların atdıqları zibillər tükənmir”.

Botanika bağının piknik üçün ayrılmış sahəsində gəzərkən, bir məqamın da şahidi olduq ki, bura bəzi gənclər ön qapıdan girmək əvəzinə, arxadan, çəpərin üzərindən aşmaqla daxil olurdular.

Məsələ ilə bağlı Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovla danışdıq. O musavat.com-a bildirdi ki, Botanika bağı Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olduğu üçün, burada baş verən hallara da akademiya cavabdehdir: “Bütün hallarda bu kimi ərazilərdə təmizlik qorunub saxlanmalıdır”.
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi Ramiz Babayev problemdən məlumatsız olduğunu və dərhal bununla bağlı bağın rəhbərliyi ilə əlaqə saxlayıb maraqlanacaqalarını bildirdi.

Botanika bağı ilə təkrar əlaqə saxlayıb direktorla görüşmək istədik. Bildirdilər ki, direktor məzuniyyətdədir. Onun əvəzləyicisi kimi direktorun elmi işlər üzrə müavini Eldar müəllim musavat.com-a açıqlamasında dedi ki, bağda işçilər hər gün çalışırlar:
“Təbii ki, ağacların sulanması üçün lazımı miqdarda su verilmir. Ancaq vətəndaşların əl yumaları üçün bağın daxilində çənlər quraşdırmışıq ki, o çənləri də hər zaman doldururuq. Bağda elə bir problem yoxdur. Sadəcə olaraq, cəmi 5 nəfər nəzarətçimiz var. Bura isə hər gün 100-dən çox insan gəlir. Hər kəsə nəzarət etmək olmur. Vətəndaşlar da bilməlidirlər ki, bura ölkəmiz üçün əhəmiyyətli ərazidir. Öz davranışlarına diqqət edib, ərazini təmiz saxlamalıdırlar. Əgər ortaya hər hansı bir problem çıxırsa, onunla məşğul olub lazımı tədbirləri görürük. Lakin hazırda bağda deyildiyi kimi, əsaslı problem yoxdur”.

Beləliklə də Botanika bağında vətəndaşlar bir sözü dedilər, əməkdaşlar isə başqa sözü. Ərazidəki yuxarıda söylənilən problemlərin isə həll olunub-olunmayacağını zaman göstərəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.