Adil Vəliyevin Sabunçuda tikinti pulyığanı Ramin Vəliyevdir

9-09-2015, 12:40           
Adil Vəliyevin Sabunçuda tikinti pulyığanı Ramin Vəliyevdir
Bu gün ölkədə işində məsuliyyətsizliyə imza atan, qanunsuz əməllər yol verən məmurların sayı kifayət qədərdir. Təəssüf ki, mətbuatda bununla bağlı informasiyalar getməsinə və bu cür məmurların tənqid olunmasına baxmayaraq, bu sahədə vəziyyət dəyişmir ki, dəyişmir. Baxmayaraq ki, ölkənin bir sıra sahələrində kadr islahatları həyata keçirilir. Lakin kadr islahatları uğurlu nəticə vermir. Bu gün Sabunçu rayonu Sabunçu qəsəbə nümayəndəsinin fəaliyyəti qəsəbə sakinlərinin ciddi narazılığına səbəb olub. Vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyən Ramin Vəliyev qəsəbə sakinlərinin ciddi qınağına tuş gəlib. Qeyd edək ki, bu şəxs əvvəllər Pirşağı qəsəbə nümayəndəsi idi.

Orada fəaliyyət göstərdiyi dövrdə qanunsuz olaraq torpaq satışını həyata keçirib. Pirşağı qəsəbəsində çalışdığı dövrdə də qəsəbə sakinlərinə olmazın problemlər yaratmışdı. Bundan başqa etibarlı mənbələrin verdiyi məlumata görə, Sabunçu icra başçısı Adil Vəliyevin gənc və yerli kadr olan Ramin Vəliyevi vəzifəsindən almasına səbəb, nümayəndənin tikinti üçün "icazə" şirinliklərini toplaya bilməməsi olub. Belə ki, Ramin Vəliyev qəsəbə sakinləri ilə münasibətləri gərginləşdirməkdən çəkindiyi üçün tikinti üçün "icazə"haqlarının toplanılmasında problemlər yaranıb. Buna görə də Adil Vəliyev Ramin Vəliyevin yerini dəyişib. Qeyd edək ki, Bakıda qanunsuz tikililərə icazə verilməsi üçün icra nümayəndələri, bələdiyyə sədrləri və xüsusi adamları vasitəsi ilə "iş" görürlər. Hətta qanuni olsa belə, "tikinti icazəsi" olmayan evlər xüsusi qrup tərəfindən sökülür. Bu qrupların hansı səlahiyyət sahibləri olmasını isə heç kim bilmir. Xatırladaq ki, Bakıda və xüsusən də şəhər ətrafında tikilən evlərin çoxu qanunsuzdur və bu qanunsuz tikililər icra başçılarının böyük gəlir yerinə çevrilib. Belə ki, Pirşağı qəsəbəsinin icra nümayədəsi olarkən Ramin Vəliyev tutduğu vəzifədən sui-istifadə edərək vətəndaşların hər bir işinə qarışıb.

Sakinlər daşı-daş üstə qoyan kimi Ramin Vəliyev bundan xəbər tuturmuş və vətandaşla hansısa formada sövdələşmədə razılıq olmayana kimi onun canını boğazına yığırmış. Deyilənə görə, Ramin Vəliyev Pirşağı sakinlərinin problemləri ilə heç maraqlanmırmış. Sakinlər də dəfələrlə onun bu əməllərindən təngə gələrək icra başçısına şikayətlər ediblər. Axırda səbr kasası dolan icra başçısı onun yerini dəyişərək problemləri həll olunmuş qəsəbəyə təyin edib. Ki, heç olmasa Sabunçu qəsəbəsində başını aşağı salıb bir müddət işləsin. Çünki bu qəsəbənin sabiq icra nümayəndəsinin zamanında vətəndaşların şikayətləri dərhal həll edildiyindən elə bir narahatlıq yaradan problem qalmamışdı. Buna görə də, Pirşağı qəsəbəsinin icra nümayəndəsini bura təyin etməklə bir növ Ramin Vəliyevə böyük jest edilmiş oldu. Amma maraqlıdır ki, yeni təyinatdan az müddət keçməsinə rəğmən, R.Vəliyevin fəliyyəti ilə bağlı şikayətlər eşidilməyə başlayıb. Sakinlər deyir ki, icra nümayəndəsi qəsəbədə yaşayanların heç bir problemi ilə maraqlanmır və ancaq öz şəxsi maraqlarına xidmət edir. Vətəndaşlardan çox özünü düşünür. Fürsət düşdükcə yaxınlarına yardımçı olur. Xüsusilə də torpaq alqı-satqısıyla məşğuldur. Ümumiyyətlə, torpaq satışı Sabunçu rayonunda ən gəlirli sahələrdən hesab olunur. Rayon ərazisində torpaq satışından qazanılan milyonlar isə təbii ki, icra başçısını bu sahəni daima "diqqətdə" saxlamağa vadar edir. Qəsəbədə xırda sahibkarlıqla məşğul olan insanlar icra nümayəndəsinin əlindən bezib.

Qəsəbə sakinlərinin icra nümayəndəsinin ünvanına səsləndirdiyi kəskin ittihamlarla bağlı Ramin Vəliyevin münasibətini öyrənməyə çalışdıq. Lakin əlaqə qura bilmədik. Buna baxmayaraq, qəsəbə icra nümayəndəsinin mövqeyini dərc etməyə hazırıq.

/Gunbakı/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.