Bakıda yeni söküntü işlərinə başlanıldı - FOTOLAR

24-09-2015, 13:05           

Paytaxtın bəzi küçələrində vətəndaşlar tərəfindən yolun hərəkət hissəsinə qanunsuz olaraq süni maneələr, yəni tramplinlər quraşdırılır. Bu isə haqlı olaraq sürücülərin narazılığına səbəb olur.

Publika.az xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC bütün bunları nəzərə alaraq süni maneələrin sökülməsi işlərinə başlayıb.

İlk olaraq yolun hərəkət hissəsində qurulan süni maneələrin, yəni tramplinlərin sökülməsi işlərinə Nərimanov rayonundan start verilib. Bunu edən vətəndaşlara ilkin olaraq xəbərdarlıq edilib ki, bu cür süni maneə vasitəsi avtomobillərin sürətinin məcburi şəkildə azaldılması üçün tətbiq edilsə də, bu məsələ qanunvericilikə tənzimlənmir və yollarda nəqliyyat vasitələrinin hərəkətlərinə mane olan süni maneələrin quraşdırılmasına görə növbəti dəfə onları inzibati məsuliyyət gözləyir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 164.0.4 maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə, fiziki şəxsləri 80 manatdan 100 manatadək miqdarında, vəzifəli şəxsləri 400 manatdan 500 manatadək miqdarında, hüquqi şəxsləri isə 3000 manatdan 4000 manatadək miqdarında cərimə gözləyir.

Süni maneələrin, yəni tramplinlərin aşkarlanaraq sökülməsi Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərinin bütün rayonları üzrə davam etdiriləcək.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.