“AZƏRİŞIQ” QURBAN BAYRAMINDA QAÇQIN AİLƏSİNİ QARANLIQDA QOYUB

23-09-2018, 09:54           
“AZƏRİŞIQ” QURBAN BAYRAMINDA QAÇQIN AİLƏSİNİ QARANLIQDA QOYUB
HƏLƏ DƏ QARANLIQDAN İŞIQ UCU GÖRÜNMÜR
Qərbi Azərbaycanın Masis mahalından Bakıya pənah gətirən Məmmədovlar ailəsinin pənahı 30 ilə yaxındır evsizlik, elsizlik, qaranlıqdır. Ailə indiyə kimi məskunlaşmayıb, “Qaçqınkom” məskunlaşmayan qaçqın ailəsini tam unudub. Bircə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi,ev 4, mənzil 44a həyət evi ünvanının qaçqın yiyəsi bu ailəyə sığınacaq verib. Ta 7 il öncəyə kimi ailənin başçısı Həbib Məmmədov Rusiyaya çörək pulu qazanmağa gedənə kimi sığınacağın qapısını hökumət nümayəndələri açmayıb. 2011-ci ilin sonlarında gecə vaxtı Bakı Elektrik Şəbəkəsinin üç əməkdaşı həyətə soxulub və 3 uşaqlı Təranə anadan “sayğac pulu” tələb ediblər. İmtina edəndə isə 800 manatlıq cərimə aktı yazıblar. Guya oğurluq xətt olub. Təranə Məmmədova ona yazılan cərimənin ləğv edilməsi ilə bağlı Sabunçu rayon məhkəməsində iddia qaldırıb. Hakim Elşən Kazımov cavabdehin təzyiqilə icraata götürdüyü işi 1 aydan sonra Nərimanov məhkəməsinə, oradan da Nəsimi məhkəməsinə göndərib. Nəsimi məhkəməsinin hakimi Xumar Mərdanovun qərardadı ilə iş 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə göndərilən iş “bumeranq” effekti ilə Nəsimi məhkəməsinə qaytarılıb . Bu dəfə Xumar xanım iddianı it-bata salıb. Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına çoxsaylı şikayətlərdən sonra hakim xanım iddia tərəfini çağırıb və qaçqın xanıma yazılan cərimənin qanunsuz olduğunu bildirərək ev yiyəsinin iddia qaldırmalı olduğunu izah edib. Hətta ev yiyəsinin etibarnaməsi ilə cəriməni ləğv etdirmək istəyi də gerçəkləşməyib. Elə o çağdan 6 ildir ki, qaçqın ailəsinə nə məhkəmə yolu ilə, nə də qanuna, Konstitusiyaya uyğun olaraq pozulmuş hüquqlarının bərpasına imkan verilmir. Mülki Məcəllənin 373-cü maddəsinə görə vaxtı keçmiş borcların tələb edilmə müddəti ən çoxu 3 ildir. Vergi və digər cərimə borclarının müddəti isə 1 ildir. Onu da vurğulayaq ki, qanunvericiliyin tələbinə görə, inzibati aktda göstərilən halları sübut etmək vəzifəsi həmin aktı tərtib edən orqanın üzərinə düşür. Sabunçu işıq idarəsi isə nəinki qanunvericiliyin tələblərinə əməl edir əksinə, məhkəmənin son qərarını verənədək işığın kəsilməməsi haqqında qərardadını da saymır.

Bu ilin 22 avqustunda -Qurban bayramı günü qaçqın ailəsini işığını dirəkdən xəttləri kəsib aparmaqla qaranlıqda qoyan “Azərişıq” hələ də qaranlıq işlərini davam etdirir. Ali dövlət hakimiyyəti orqanlarına, hüquq mühafizə qurumlarına edilən şikayətlər 1 aydır sonuc vermədiyindən, qaçqın ailəsi Bakı Şəhəri İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizova “Qaçqınkom”un və Sabunçu işıq idarəsinin qarşısında etiraz aksiyası keçirmələrini razılaşdırmağı xahiş edib. BŞİH -dən də digər qurumlar kimi “Qaçqınkom” sədrinin qəbuluna getməyi məsləhət görüblər.” Məsləhətli don gen olsa da “ , hələ ki məsləhətlə qaranlığa işıq düşməyib. Qaçqın ailəsi qaranlığın dağılacağı, işığa çıxacaqları günü gözləyir.

O gün gələcəkmi? Olduqca qaranlıq məsələdir. Tanrı heç kimi “Azərişıq”ın qaranlıq işləri ilə üz-üzə qoymasın.

Məğrur Bədəlsoy












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.