Damla, Şəbnəm Tovuzlu və digər məşhurların borcu üzə çıxdı - FOTOFAKTLAR

11-12-2018, 16:38           
Damla, Şəbnəm Tovuzlu və digər məşhurların borcu üzə çıxdı - FOTOFAKTLAR
“Naxçıvan Turizm” MMC ilə “AZSTUDİA” şirkəti arasında qalmaqal yaşanıb.
Yenicag.az xəbər verir ki, qalmaqala səbəb “AZSTUDİA” şirkətinin qarşı tərəfə olan borcudur.
Məsələ burasındadır ki, “AZSTUDİA”nın təşkilatçılığı ilə cari ilin mart ayının 15-də Rusiyanın paytaxtı Moskvada yerləşən “Crocus City Hall”da “Biz bir millət, iki dövlətik” adlı konsert təşkil olunub. Sözügedən konsertə Azərbaycanla yanaşı, Türkiyənin məşhur müğənniləri dəvət olunub. Bundan 6 gün sonra isə “AZSTUDİA” azərbaycanlı müğənnilərin iştirakı ilə “Triumph Event Hall”da daha bir konsert təşkil edib.
Konsertlərdə iştirak edənlər arasında Damla, Şəbnəm Tovuzlu, Vasif Əzimov, Pərviz Bülbülə, Türkan Vəlizadə, Samirə Əfəndi, Çingiz Mustafayev, Yaşar Yusub, Sevil və Sevinc bacıları, Cavid Gül, “DJ Roşka”, aparıcı Zaur Nəbioğlu kimi şou-biznes nümayəndələri olub. Türkiyəni isə İsmayıl YK, İlyas Yalçıntaş, Yusuf Güney, Adil Karaca, Banu Parlak təmsil edib.


Konsertdən öncə “AZSTUDİA” “Naxçıvan Turizm” MMC-yə müraciət ünvanlayaraq, Azərbaycandan olan şou-biznes nümayəndələrinin təyyarə biletlərini sifariş edib. Tərəflər arasında razılaşmaya əsasən, konsertin təşkilatçısı olan “AZSTUDİA” qısa müddət ərzində sifariş olunan biletlərin pullarını ödəməliydi. Lakin həmin sövdələşmənin üzərindən 9 ay keçməsinə baxmayaraq, qarşı tərəf turizm şirkətinə qalıq borc olan 12 min manatı ödəməkdən boyun qaçırır.
“Naxçıvan Turizm” MMC-dən verilən məlumata görə, borcun ödənilməsi üçün dəfələrlə “AZSTUDİA”nın direktoru olan Samirə Zeynalovaya müraciət olunub. Lakin, eyni zamanda Moskvada Azərbaycan Mədəniyyət və İncəsənət Evinin rəhbəri olan Samirə xanım müxtəlif bəhanələr gətirərək, məsuliyyətdən yayınıb. O, hər dəfə yalan danışmaqla məşğul olub. Zeynalova dəfələrlə Rusiyanın “Alfa-Bank”ı vasitəsi ilə şirkətə pul köçürdüyünü bildirib. Lakin şirkət işçiləri Bakıda yerləşən banka yaxınlaşan zaman göndərilən kodun səhv olduğunu anlayıblar.


Sifariş olunan təyyarə biletlərinin pulunu tələb edən “Naxçıvan Turizm” MMC Samirə Zeynalovanın yalanlarından bezərək, artıq konsertdə iştirak edən Azərbaycandan olan şou-biznes nümayəndələrinə borcların ödənilməsi üçün xəbərdarlıq məktubu göndərib. Qaydalara əsasən, təşkilatçı tərəf borcu ödəməkdən boyun qaçırırsa, bu zaman pulu biletlərdən istifadə edən şəxs verməlidir.
İddialara görə, Samirə Zeynalova öz sahəsində etibarlı şəxs deyil, belə ki, dəfələrlə xeyriyyə üçün yığdığı pulları öz məqsədləri üçün istifadə edib. Onun xəstə uşaqların şəkillərini sosial şəbəkə hesabında paylaşaraq xeyriyyə adı ilə pul mənimsədiyi iddia edilir. İş burasındadır ki, “AZSTUDİA”nın xanım direktoru turizm şirkətinə olan 27 min manat borcun müəyyən bir qismini məhz bu yolla ödəyib. Bu, şirkətə 2000 min manat civarında pul göndərilən zaman üzə çıxıb. Belə ki, pulu göndərən qadın banka yollanan şirkət işçisinə “Allah uşağınızın köməyi olsun” deyib. Bu da hər şeyin ortaya çıxmasına səbəb olub.


Məsələ ilə bağlı qarşı tərəflə də əlaqə saxladıq. Samirə Zeynalova “Naxçıvan Turizm” MMC-yə borcu olduğunu inkar etmədi: “Şirkətimizin “Naxçıvan Turizm” MMC-yə borcu var. Biz bunu öz aramızda həll edirik. Şirkətimiz hərtərəfli onların şikayətinə cavab verir. Onlara 7 min manat borcumuz qalıb. Elə bir şirkət yoxdur ki, onun verəcəyi, alacağı olmasın. Bizə “Naxçıvan Turizm” MMC-dən rəsmi müraciət daxil olmayıb. Yaxın müddət ərzində borcun qalan hissəsini də ödəyəcəyik”.
Samirə Zeynalovadan sonra yenidən “Naxçıvan Turizm”lə əlaqə saxladıq. Şirkət bir daha bəyan etdi ki, “AZSTUDİA”nın direktorunun verdiyi açıqlamanın heç bir əsası yoxdur: “Samirə Zeynalovanın bizə 7 min deyil, 12 min manat borcu var. Biz dəfələrlə həmin şəxsə borcun ödənilməsinə dair müraciət etmişik. Bununla bağlı əlimizdə yetərincə yazışmalar var. O, hər dəfə müxtəlif bəhanələr gətirərək, borcu ödəməkdən boyun qaçırır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.