İki balası öldürülən anadan fəryad: “Ömürlük həbs Zaur Tərlanovun sevə-sevə haqqıdır” – Video

25-02-2019, 11:50           
İki balası öldürülən anadan fəryad: “Ömürlük həbs Zaur Tərlanovun sevə-sevə haqqıdır” – Video
İki oğlu qətlə yetirilən Niyar Rəhimova qatil Zaur Tərlanovun barəsində ömürlük hökmün 20 illik həbslə əvəzlənməsindən narazıydı.

Onun Bakı Apellyasiya Məhkəməsinin bu qərarından verdiyi kassasiya şikayətininyanvarın 17-də Ali Məhkəmədə təmin olunması və işin apelyasiyaya qaytarılması məhkumun yaxınlarını fəallaşdırıb.

Ömürlük dustağın vəkilləri bu günlərdə mətbuat konfransı keçirərək Z.Tərlanovun namus və özünümüdafiə üstündə qətli törətdiyini bəyan ediblər. Ona görə son qərardan narazılıqlarını bildiriblər.

Reportyor.info-nun xəbərinə görə, N.Rəhimova qarşı tərəfin ittihamlarına cavab verərək iki övladının qanına əli batan Z.Tərlanovu heç vaxt bağışlamayacağını bildirib.

Hadisə 2015-ci il yanvarın 8-də baş verib. Zaur Tərlanov Qaradağ rayonu, Sahil qəsəbəsində 1980-ci il təvəllüdlü Cahid və 1985-cı il təvəllüdlü Cavid Rəhimovları sonunculara məxsus “Lexus” avtomobilində odlu silahla qətlə yetirib.

“Apelyasiyada hakim Qalib Məmmədov ömürlük hökmü 20 illiklə əvəzləmişdi.Onu görüm ürəyimdən su içsin. Balalarımı ıgünahsız yerə öldürən adamdan əl çəkməyəcəyəm.

Zaur Tərlanov evlidir, üç övladı var. Amma qeyri-rəsmi yaşadığı ikinci qadın Xanım Aslanova oğlum Cavid Rəhimova ay yarım könüllü şəkildə gizli mesajlar yazıb. Guya Cavid onun arvadına sataşıb. Belə iş olmayıb.

Bu qadın heç onun arvadı deyil. Sadəcə, nikahdan kənar saxladığı bir imiş. Xanım Aslanovanın görüm anası ürəyimdən su içsin, nələr çəkdiyimi çəksin. Ona kim demişdi ki, Cavidimə mesajlar yazsın.

Bunun üstündə əziyyətlə böyütdüyüm iki balamı öldürüb, indi də azadlığa çıxmaq istəyir. Mən susan deyiləm, qanunun aliliyinə, dövlətə, prezidentimə və ədalətli hakimlərə sığınıram”, – deyə dərdli ana Niyar Rəhimova video müsahibəsində bildirir.

O, qeyd edib ki, haqqını tələb etməkdən geri çəkilən deyil: “Gedin görün qəbir qucaqlamaq nə deməkdir. O qız banka gedib-gəlirmiş, orda tanış olublar.

Cavidlə danışanda nənəsinin evində olub. İndi böhtan atırlar ki, oğlumda silah olub. Ay Allahsızlar, niyə yalan danışırsınız? Anası çıxmışdı ortaya, qıpqırmızıydı.

Mən ya öləcəm, ya da Zaur ömürlük yatacaq. Mən nəvələrimi gələcəyin qatili edə bilmərəm. Ya Zaur ömrünün axırına qədər həbsdə yatacaq, ya da mən özümü yandıracağam”.

N.Rəhimova 5 ildir mübarizə apardığını söyləyib: “Mən heç kimdən qorxmuram. Mənə hədə-qorxu gəlmə, Ənvər…Sənin oğlun ömürlüyə gedəcək. Mənə şərt atırlar ki, onları məhkəmədə təhdid eləmişəm.

Sənin oğlunun maşınının nömrəsi 10 min manatdır. Amma mən kreditlərdə idim. Allah sənin bəlanı versin. Zaur Tərlanovun hadisədən xeyli əvvəl silah alması, gəzdirməsi təsdiqlənib. Xanım Aslanova nə edibsə, necə yoldan çıxarıbsa, bilmirəm”.

Övladları öldürülən ananın sözlərinə görə, iki balasının qatilinin 15 il sonra azadlıqda gəzməsinə imkan verməyəcək:

“Bütün dəlil-sübutlar ortadadır. İki nəfəri qəsdən öldürüb və onun cəzası ömürlük həbsdir. Zaur Tərlanov Qobustan türməsindən çıxmamalıdır, necə ki, balalarım o məzarlıqdan çıxmayacaqlar. Mən ölərəm, buna imkan vermərəm.

Bu işdə nahaqqı müdafiə edən hakimlər, vəkillər də qoy ürəyimdən su içsinlər. Mən nə qədər bunlarla döyüşməliyəm? Artıq gücüm qalmayıb, məndən nə istəyirlər?

Prezidentə, Mehriban xanıma, Fuad Ələsgərova, Fikrət Məmmədova, Zakir Qaralova yazmışam. Dövlətə, qanunlara inanıram, Allahıma sığınmışam.

Buyurun baxın, mən yox, prokurorluq protest verib. Niyə? Çünki Zaur Tərlanov istintaqa ifadəsində deyir ki, əvvəlcə Cavidə atəş açmışam, sonra Cahidi vurmuşam, təzədən yenə atəş açmışam.

Balalarınızın canı belə çıxsın, daha məndən nə istəyirsiniz. Mən Avropa Məhkəməsinə qədər gedəcəyəm. Bu, Zaur Tərlanovun sevə-sevə haqqıdır. Bu qan yerdə qalmayacaq. Allah bu qanı yerdə qoymasın. Göydə Allah, yerdə dövlətimizə inanıram”.

N.Rəhimova bildirib ki, qarı tərəf özünü onun yerinə qoysun: “Onların iki övladını öldürənə hansı cəzanın verilməsini istəyərdilər? Məni və onların atasını ölənə qədər gözü yaşlı qoydular. Bəs nə etməliyəm, Zaurun azadlıqda gəzməsinə razılaşmalıyam?”

Baş Prokurorluğun yaydığı məlumatda bildirilirki, 2015-ci il, yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları qəsdən öldürüb, hadisə yerindən qaçıb.

REPORTYOR.info













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.