"Nigar Şabanovaya “Leyli” obrazının verilməsini bir nüfuzlu şəxs xahiş etmişdi" - Şok açıqlama

26-10-2019, 00:00           
"Nigar Şabanovaya “Leyli” obrazının verilməsini bir nüfuzlu şəxs xahiş etmişdi" - Şok açıqlama
"İfaçı ittihamlarına davam etsə, barəsində ciddi addımlar atılacaq”
Əməkdar artist teatrın əməkdaşları ilə qarşı-qarşıya gələcək...

Xəbər verdiyimiz kimi, bu günlərdə Əməkdar artist Nigar Şabanova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyini rüşvətxorluqda ittiham edib.

"Yeni Sabah" xəbər verir ki, "Hər şey daxil” verilişinin aparıcı Tarix Əliyev (Tolik) qonaq qismində iştirak edən sənətçinin reklam arası ona söylədiklərini canlı yayımda səsləndirib: "Leyli və Məcnun” operasında Leyli obrazını oynamaq üçün Nigar xanımdan 4 min manat pul istənilib. Üstəlik də, Opera və Balet Teatrının kassasına min manat pul ödəməsi tələb edilib”.

Müğənni aparıcının sözlərini təsdiqləyib və o, rüşvət tələbindən sonra teatrın səhnəsində çıxış etmədiyini bildirib.

Qeyd edək ki, əməkdar artistin qalmaqallı açıqlaması mətbuatda, sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

Məsələ ilə bağlı , Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva "müsavat.com"a danışıb: "Biz ümumiyyətlə, Opera və Balet Teatrında gənclərə hər zaman meydan veririk. Xüsusən də son dövrlərdə muğam festivallarında iştirak edən ifaçılara şərait yaradırıq. Təxminən 5 il bundan əvvəl 2015-ci ildə bir nəfər nüfuzlu şəxs direktordan xahiş etmişdi ki, Nigar Şabanovaya "Leyli və Məcnun” tamaşasında "Leyli” obrazı verilsin. Akif Məlikov da buna etiraz etmədi və tamaşaya hazırlıq işlərinin başladılması ilə bağlı tapşırıq verdi. Beləliklə bir neçə ay ərzində konsertmeystrlər, instrumental ifaçılar, rejissor bu işlə məşğul olaraq, tamaşanı hazırlamağa başladılar. Lakin tamaşaya hazırlıq prosesində Akif Məlikova məlumat verilmişdi ki, vokal bacarığı olsa da, rolu təqdim etməkdə çətinlik çəkir. Bildiyiniz kimi "Leyli” obrazı çox çətindir və onu yaratmaq lazımdır. Yəni, səhnəyə çıxıb, onu mexaniki şəkildə ifa etmək o demək deyil ki, obrazın öhdəsindən gəlinib.

Bütün bunlara baxmayaraq Nigar Şabanovaya "Leyli” obrazını yaratmaq imkanı verildi və bir dəfə səhnədə çıxış etdi. Bizdə də adətən tamaşa təqdim olunarkən tamaşaçı qisminə həm də teatrın bədii şurasının üzvləri, teatrın təcrübəli muğam ifaçıları da dəvət olunur və onlar da tamaşanı izləyərək, dəyərləndirirlər. Beləliklə Nərminin çıxışı zəif dəyərləndirilmişdi. Qeyd olunmuşdu ki, ifaçılıq bacarığı olsa da, bütün tamaşanı xırıltılı səslə oxuyub. Nərmin Şabanovanın özü bunu onunla əsaslandırdı ki, həyəcan keçirib, ona görə ifası zəif və bərbad olub. Qeyd edim ki, bir hər zaman gənc ifaçılara şərait yaradırıq. Onların arasında uğurlu da, zəif də çıxış edənlər olub. Nigar Şabanovanın da çıxışı uğursuz alındı və biz onunla əməkdaşlığı dayandırdıq”.

Teatr əməkdaşı ifaçının ittihamlarının böhtan olduğunu bildirib: "Ondan pul istənilməsi məsələsi tamamilə absurd və yalandır. Əgər ifaçının istedadı səhnəyə yetmirsə, burada nə pul, nə də digər amillər rol oynaya bilmir. Səsi, istedadı olan, səhnə nizamlarını yerinə yetirən şəxslərə hər zaman önəm verilir”.

Şükufə Ağamirzəyeva onu da qeyd edib ki, teatrın bütün ifaçı əməkdaşları Əməkdar artistə qarşı gələcək: "Teatrın muğam ifaçıları onun açıqlamasını qəzəblə qarşılayıb və buna görə öz sözünü demək istəyirlər. Çünki teatra atılan hər iftira, yalan hər bir əməkdaşa toxunur və narahat edir”.

Şükufə Ağamirzəyeva sonda onu da qeyd edib ki, Nigar Şabanova ittihamlarına davam edərsə, teatr rəhbərliyi daha ciddi addımlar atacaq.

Xatırladaq ki, adıçəkilən teatrın direktoru da səslənən ittihamlara cavab olaraq müsavat.com-a açıqlama vermişdi: "Məlumatdan xəbərim var. Amma hazırda yanımda qonaqlar olduğu üçün geniş danışa bilmirəm. Qeyd edim ki, inşallah birinci gün teatrın bütün muğam ifaçıları, o cümlədən, "Məcnun” və "Leyli” obrazlarının ifaçılarının hamısı Tolikin verilişinə çıxıb, öz sözlərini deyəcəklər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.