“Kimin milyonları var, onlardan danışırlar”

26-10-2019, 12:49           
“Kimin milyonları var, onlardan danışırlar”
“Özümlə bağlı bütün arzularıma çatmışam. Bundan sonrakı arzularım qızımla bağlıdır”.
Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva İTV-də yayımlanan “Fatehin divanı” verilişində deyib.
O, qızı Dənizlə bağlı istəklərindən danışıb:
“Tənbəllik edib, öyrənmədiyim şeyləri istəyirəm ki, qızım öyrənsin. İngilis dilində mükəmməl danışır, ispan və digər dilləri isə özü öyrənir. Ona zövqü aşılayıram. Hansı dili bilirsə bilsin, düşüncələri nə olursa olsun, Dənizdən tələbim və xahişim azərbaycanlı qızı olmağıdır”.

Sənətçi “Məşhurluq sizi narahat edir” sualına isə belə cavab verib:
“Kim desə ki, ulduz olmaq məni narahat edir, deməli, yalan danışır. Fikirləşin, səhnədə olmayan bir insana xoş söz deyəndə necə ürəyincə olur. Bizə nə qədər xoş sözlər deyilir. Bu dəqiqə yaşımın, statusumun elə bir zamanındayam ki, neqativ sözlərə fikir vermirəm. Sevilmək kimi bezdirə bilər? Elə zamanlar olur ki, harasa tələsirəm, biri tutur ki, selfi çəkdirək, “yox, mən burada pis düşdüm, bir daha çəkdirək” deyə, israr edir. Məni küçədə tanımaq asan deyil. Cəmiyyət içərisində olmağı sevirəm. Zənbilimi alıram, sürüyə-sürüyə bazarlığa özüm gedirəm. Sevirəm gedə-gedə seçim, özüm torbaya qoyum. Bir dəfə marketdə idim, kimsə mənə toxundu, qayıtdım ki, üzr istəyirəm. Baxıram ki, Murad Dadaşov. O, mənə, mən də ona deyirəm ki, sən burada neynirsən?”.

Zülfiyyə Xanbabayeva gənc ifaçılardan Çingiz Mustafayevi bəyəndiyini söyləyib:
“Çoxu deyir ki, şou-biznesin içində deyiləm, məni qatmayın. Sadəcə indi nə şousu qalıb, nə də biznesi. Bizim çox istedadlı gənclərimiz var. Çingizlə söhbətim oldu, onun başqa tərəfdən özünü tapması məni sevindirdi. Əfsuslar olsun ki, onları efirlər qabarıq sürətdə göstərmir. Kimin sosial şəbəkələrdə milyonları var, daha çox onlardan danışırlar”. (axşam.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.