“Xalq artisti” və bənzər titullar kimlərə verilir?

11-11-2019, 10:18           
“Xalq artisti” və bənzər titullar kimlərə verilir?
Azərbaycanda elə totalitar sistem var ki, adamlara heç bir imtiyaz və tutul boşuna verilməz. O titul və fəxri adların üstünə çoxdan siyasi möhür vurulub. Özünüz şahidsiniz, ölkədəki ortabab müğənnilərdən tutmuş karyera tarixi on illərə dayanan sənət adamlarına qədər hamısını seçki qabağı səfərbər edirlər YAP-ın təbliğatına. “Xalq artisti”, “əməkdar artist” fəxri adları, orden və medallar da, əsasən, sənət göstəricilərinə görə deyil, hakimiyyətə xidmət səviyyəsinə əsasən verilir. Siz müxalif bir partiyanı təmsil edən və ya ona təəssübkeşlik edən bir sənətçinin mükafatlandırıldığını təsəvvür edirsiniz? Keçən il Milli Şuranın mitinqinə qatılan aktyorların – Ayşad Məmmədovla Abbas Qəhrəmanovun başına gətirilənləri unutmamısınız ki? İstedadlı sənətkar İlqar Cahangirin başına gətirilənləri necə? Kim məddahlığı daha peşəkarlıqla edirsə, “oğuldur İlham” tipli mahnıları daha həyəcanla oxuyursa, mükafat onundur. İstisnalar barmaqla sayıla bilər, sadəcə. O üzdən ölkədə sənət adına elə bir şey də qalmayıb artıq. Bu adlar, tutullar, təqaüdlər, imtiyazlar hamısı hakimiyyətə yarınan bir şoumen ordusu saxlamağa hesablanıb. Təqdimatda da birmənalı olaraq bu kriteriyalar nəzərə alınır, layiqlilik prinsipinin üstündən çoxdan xətt çəkiblər gedib. Vaxtı ilə “xalq artisti” fəxri adı alan Aygün Kazımova və Brilyant Dadaşova arasında gedən qalmaqala münasibət bildirən MM-in mədəniyyət komitəsinin sədri Nizami Cəfərov belə bir açıqlama vermişdi: “Fəxri adlar veriləndə yalnız istedad yox, həm də insanlıq, tərbiyə də nəzərə alınmalıdır… İnsanlar müraciət edə bilərlər ki, bu xarakterdə, xasiyyətdə, bu cür mənəvi pozuculuq işi aparan insan xalqın adını, titulunu öz üzərində daşımamalıdır…” YAP-ın tanınmış siması Nizami Cəfərov elə deyir ki, guya bu adı onlara mövcud hakimiyyət deyil, bədbəxt xalq verib. Xalqın sözünü eşidən, saya salan, onunla hesablaşanmı var?

Xalq onları, onlar xalqı qınayır

Yaxın günlərdə ölkə başçısı daha üç belə müğənniyə “Xalq artisti” adı verib. Röya Ayxan, Tünzalə Ağayeva və Miri Yusif. Sosial şəbəkələrdə yüzlərlə istifadəçi təltiflər haqqında mənfi rəy yazıb, “xalq artisti” adını bu dərəcədə ucuzlaşdırdığı üçün hakimiyyəti qınayıb. Müğənnilərin öz çevrəsindən gələn reaksiyalarda isə, qəribə olsa da, təqdimatı verənlər deyil, xalq ittiham olunur. Məsələn, Əməkdar artist Nuriyyə Hüseynova məsələyə münasibətini belə ifadə edib: “ Heç kimdə günah axtarmayın. Milli musiqiyə xidmət edən müğənnilərimiz, sizlərin xeyir işlərinizdə, 7-8 saat canlı ifaya görə bir az artıq pul istəyəndə deyirsiniz ki, çoxdur, endirim edin. Endirim etməyəndə də “sağ olun lazım deyilsiniz” deyirsiniz. Sual verirəm: ay mənim dəyərli millətim, 10 min manatdan yuxarı, fonoqram ifaya, özü də yarım saata gözünüzü qırpmadan xərcləyən, məclislərinizin başında otuzduran, şəkil çəkdirib paylaşım etmək üçün növbəyə dayanan da sizlərsiniz. İndi niyə təhqir edirsiniz? Bu, çox pis haldır. Ya layiq olanın qiymətini bilib, layiq olduğu yerlərə qaldırın, ya da layiq olmayanı göylərdə ulduza çevirməyin. Kimsəni müzakirə edib, artıq-əskik, təhqiramiz sözlər yazmayın. Günahı özünüzdə axtarın”. Məlum təltiflərdən sonra incikliyini üstüörtülü ifadə edən əməkdar artist Aybəniz Həşimova da sənətdən getdiyini bildirib. Hər iki sənətçi sovet vaxtında “Bülbüllər” ansamblının üzvləri olub. Səsləri, sənətləri indi fəxri alanlarla müqayisə olunmaz dərəcədə yüksək qiymətləndirilə bilər. Amma bir məqam var. Axı ölkədə sənətkarla şoumen arasındakı fərqin itməsində elə bu sənətçilər də az rol oynamayıb. Məqam düşən kimi TV çıxışlarında hakimiyyətdəkilərə minnətdarlıq edən, onları öyən, sənətə verdikləri dəyərdən ağızdolusu danışan xanımların indi küsüb gileylənməyə nə haqqı var? Axı bu sistem, bu baxış, bu dəyərləndirmə həm də sizin sayənizdə yaranıb. “Özü yıxılan ağlamaz” deyirlər axı.

Rüşvətlə alınan adlar və imtiyazlar

Azərbaycanda sənətin nə dərəcədə ucuzlaşdığını görmək üçün arada yerli telekanallara göz atmaq yetər. Səsi, səhnə mədəniyyəti, diksiyası, ifası heç bir sənət meyarına uyğun gəlməyən şəxslərin rüşvət müqabilində yüksək fəxri adlar alması da yer alan iddialar arasındadır. Belə proqramların birində müğənni Əli Mirəliyev demişdi ki, bəzi “bar müğənniləri” fəxri ad almaq üçün 30-40 min manat pul verirlər. Bənzər iddialar indiyədək təkcə onun deyil, çox ifaçıların dilindən eşidilib. Elə yaxın günlərdə muğam ifaçısı Nigar Şabanova canlı yayımda demişdi ki, “Leyli və Məcnun” operasında oynamaq üçün ondan 4 min manat pul istənilib. Başqa bir proqramda o, xalq artisti Gülyanaq Məmmədovadan da Leyli rolu üçün pul alındığını deyib.
Xülasə, görünən odur ki, ölkənin siyasi durumu necədirsə, mədəni durumu da elədir. https://storage.googleapis.com/qurium/azadliq.info/230249.html












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.