Məşhur türk müğənnisi: “Üzeyir Mehdizadə hocaların hocasıdır”

22-11-2019, 17:41           
Məşhur türk müğənnisi: “Üzeyir Mehdizadə hocaların hocasıdır”
“Üzeyir Mehdizadə hocaların hocasıdır. Təyyarə ilə gələndə onun mahnılarını dinlədim. O, böyük musiqi insanıdır”.
Bu sözləri tanınmış türk sənətçisi Pınar Eliçe musavat.com-a açıqlamasında bildirib.
Sənətçi digər azərbaycanlı müğənnilərdən də söz açıb: “Tərlan Novxanını son günlərdə çox bəyənirəm. Həmçinin müğənni Röyanı da tanıyıram. Natəvan Həbibini çox sevirəm. Biz əslində bir millətik.
Sizin mahnıları da çox sevirəm. Onların arasında “Nazəndə sevgilim yadıma düşdü”, “Sən gəlməz oldun”, “Əziz dost” mahnılarının adını qeyd edə bilərəm. Biz hər zaman eyni adət-ənənəyə, mədəniyyətə malikik, bir-birimizə yad toplum deyilik. Bu səbəbdən hər şeyimiz ilə birik və bütövük”.
Sənətçi bu gün iştirak edəcəyi konsertdən də danışıb: “İllər öncə, 1997-ci il, 2000-ci və 2002-ci illərdə Bakıda Heydər Əliyev Sarayında böyük konsert proqramı ilə çıxış etmişəm. Uzun illər sonra Novruz Bayramında da Bakıya gəldim, bayramı birlikdə keçirdik. Daha sonra Özbəkistan, Türkiyə, Azərbaycan bir millət, eyni dövlət olaraq, bu konsert layihəsini hazırladıq. Bununla da mənim də iştirakım ilə birlikdə Özbəkistanın ən məşhur müğənniləri bir araya gələrək, konsert proqramı təqdim edəcəyik. Bütün Bakı əhalisini konsertə dəvət edirik.
Bakı çox dəyişib, son 5-6 ildə inanılmaz dərəcədə möhtəşəm şəhər halına gəlib. Küçələrin çox gözəl şəkildə işıqlandırılması, mədəniyyət sarayları möhtəşəmdir. Bir sözlə, Bakı mənim şəhərimdir”.
Xatırladaq ki, bu gün Özbəkistanın əməkdar artisti, “Nixol” dövlət mükafatı laureatı Uluqbek Raxmatullayev, Yulduz Turdiyeva, türk sənətçisi Pınar Eliçe Heydər Əliyev Sarayında böyük konsert proqramı ilə çıxış edəcəklər.
Saat 19:00-da başlanması nəzərdə tutulan konsertdə xalq artisti Mənsum İbrahimovun da iştirak edəcəyi gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.