“Bizdə yüz qərar çıxarsan belə toylardakı israfçılığın qarşısını ala bilməzsən...”

10-12-2019, 09:06           
“Bizdə yüz qərar çıxarsan belə toylardakı israfçılığın qarşısını ala bilməzsən...”

“Toy mənim aləmimdə öz çevrəmlə olmalıdır, hər yetəni toya çağıranda, belə bir yarışın içinə girəndə təbii ki, xilas yolu olmur”

Bunu Moderator.az-a açıqlamasında şair Əjdər Ol toylarımız haqda danışarkən deyib. Onun sözlərinə görə hər şey insanların özündən asılıdır və buna görə kimlərisə ittiham etmək düzgün deyil:

“Toy etmək könüllü bir şeydir. Hər şeyə gəlib çatmaq məsələsi var. Yəqin ki, başqa ölkələrdə də, Avropanın özündə də böyük toylar olub və sonradan buna son qoyublar. Toy mənim aləmimdə öz çevrəmlə olmalıdır, hər yetəni toya çağıranda, belə bir yarışın içinə girəndə təbii ki, xilas yolu olmur. Bu gün toya rəvac verən şəbəkələr var, reklam edirlər, dəbdəbəli məclislər təşkil edirlər, böyük şadlıq evləri tikilir. Bilmirəm dünyanın başqa ölkələrində də bizdəki qədər şadlıq evləri varmı? Bunu artıq biznesə çeviriblər. İnsanlar da təsirə düşüb “qanşudan geri qalma” prinsipi ilə bu işlərlə məşğul olurlar. Yəni demək istəyirəm ki, insanlar özü də buna darıxırlar. Çoxları öz dünyası olmayan adamlardı və onlar da istəyirlər ki, belə təmtəraqlı məclislər təşkil etməklə xoşbəxt olduqlarını göstərsinlər. Bu haqda çox danışmaq olar. Bu, bizim millətin mentalitetindən gələn bir şeydir və bunu yığışdırmaq üçün nə qədər təbliğat aparsan da çətindi. Bir sözlə, dediyimiz özümüzə qalır. Həmişə bu cür məsələlərdə qabağa ziyalılar düşüb, təkliflər verib və elə Sabir bəy də təklif edib ki, millət az incisin, çox xərc çəkməsin, özünə yaxın adamlarla oturub-dursun. Onun ürəyi yandığı üçün bunları deyir. Əlbəttə, ürək dostuyla oturanda ona elə böyük təmtəraq lazım deyil. Cəmiyyətin az bir faizi özünü dərk edir, həyata münasibəti normaldı, hüquqlarını, mənəvi üstünlüklərini bilir.

Keçən dəfə Misirdə maraq üçün soruşdum ki, sizdə toya nə qədər adam gəlir? Dedilər toya dörd min adam gəlir. Türkiyənin özündə də toya xeyli insan gəlir. Hindistanda bir neçə gün toy olur və 7-8 min insan iştirak edir. İkinci Dünya Müharibəsi zamanı Londonda insanlar öləndə onları dəfn etmək üçün çox sayda insanlar dəfnə gələrək küçələrin hərəkətinə mane olduqları üçün qərar qəbul edilib ki, hər ölünü altı nəfər adam dəfn edə bilər. Onlar bunu edə bilirlər, amma bizdə yüz qərar çıxarsan belə toylardakı israfçılığın qarşısını ala bilməzsən. Teatra gedəndə baxırsan ki, üç nəfər adam var və ya kitab təqdimatlarında, yubileylərdə, mənalı bir konsertdə 10-15 nəfər adam var. Bu gün hamı toylarımızdan narazıdır, amma özünə toy edəndə görürsən ki, xeyli sayda insanı toya çağırıb. Nümunə odur ki, sən özün balaca bir şənlik edib bunu göstərirsən. Bütün ziyalılar, qabaqcıl adamlar nümunə göstərməlidir. Amma onların da gücü çatmır, bəlkə də övladlarına bunu başa sala bilmirlər, amma onların heç birini nə günahlandırmıram, nə də qınamıram. Bəzən ata-ana doğrudan da bunu istəmir, amma övladlar buna imkan vermir. Valideyn də övladının xətrinə dəymir və məcbur olub toy bu şəkildə edir. Mən inanmıram ki, sən gedib yüz nəfərlə Avropada təbliğat aparıb deyəsən ki, gəlin böyük toy edək və sənə qoşulalar, çünki onlar çoxdan bu mərhələni keçiblər. Bizdə isə durub tanınmış bir adama bu haqda nəsə desən, onda sənə yelbeyin adam kimi baxır. Hər şey bizim təbiətimizdən gəlməlidir və fikirləşməliyik ki, min beş yüz nəfərlik toy etmək olmaz. Amma bu gün şadlıq sarayları tikirlər, getdikcə bu biznesi genişləndirirlər. Bir də ki, heç kimi məcbur etmirlər gedib orda toy etsin. Deməli dövlət qurumlarında da günah yoxdur.

Toylarımızın böyük keçirilməsinin ən böyük səbəbi respublikanın əhalisinin yarısının kənd əhalisi olması və şəhərdə yaşanların da otuz faizinin kənddən gəlməsidir. Çünki qohumluq əlaqələri Azərbaycanda çoxdur. Kəndlərdə daha çox adamlar qohumla evlənirlər və ona görə də xalqımızda qohumluq əlaqələri həddindən artıq genişdir. Bu səbəbdən də toylarımızdakı bu cür problemlərin qarşısını almaq mümkün olmayacaq. Böyük, inkişaf etmiş Avropa dövlətlərində isə qohumluq əlaqələri çox zəifdi”.

Qeyd edək ki, Xalq şairi Sabir Rüstəmxanlı Qobu kəndinin toy adətini misal çəkərək toylarımızdakı israfçılığa son qoyulmasını təklif edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.