Qohumu acdır, o isə müğənniyə 100 min verir... - Etiraz

29-01-2020, 18:14           
Qohumu acdır, o isə müğənniyə 100 min verir... - Etiraz
Azərbaycanlı iş adamı Nigar Məmmədovanın Türkiyənin ən qalmaqallı müğənnilərindən olan Bülənd Ərsoya 100 min dollar dəyərində üzük hədiyyə etməsi birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri Bülənd Ərsoyun həm müğənnilik fəaliyyəti, həm də Azərbaycana neqativ münasibəti baxımdan bu cür yüksək diqqətə layiq olmadığını bildiriblər.
Bəs Azərbaycanın sənət cameəsi bu barədə nə düşünür?
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Kult.az-a açıqlamasında N.Məmmədovanın bu addımının gündəmə hesablandığını bildirib:
“Təəssüf ki, Azərbaycanda milli burjuaziyanın formalaşması prosesi çox ləng gedir. Buna görə də iş adamlarının çoxu primitiv təfəkkürə sahibdir. Məhz bu səbəbdən biz azərbaycanlı iş adamlarının daha çox müğənnilərə üzük bağışlaması, itinə toy eləməsi kimi səviyyəsiz səhnələrlə gündəmə gəldiyinin şahidi oluruq. İş adamı daha çox xalqın maariflənməsi, gənclərin yaxşı təhsil alması üçün məktəblər açmalı, gənc şair və yazıçıların kitablarının çapına dəstək verməli, gənclərin zövqünün formalaşmasına çalışmalıdır. Təcrübədən çıxış edərək deyə bilərəm ki, biz bunun əksinin şahidi oluruq. Bizdə iş adamları nəinki xalqın musiqi zövqünün formalaşmasına təkan verir, əksinə, bayağı mahnılarla məşhurlaşan insanları dəstəkləmək, onlara sponsorluq etməklə gündəmə gəlirlər. Mən Nigar adlı həmin iş adamının kim olduğunu bilmirəm, amma əminəm ki, onun dostları, qohumları, qonşuları arasında bir tikə çörəyə möhtac olan insanlar var. Məsləhət görərdim ki, Nigar xanım Bülənd Ərsoydan öncə belə insanların qeydinə qalsın. Çünki Bülənd Ərsoyun üzüyə və ya hər hansı bahalı bir hədiyyəyə ehtiyacı yoxdur”.
Bəstəkar Nailə Mirməmmədli isə əsasən Bülənd Ərsoyun ifası haqda danışıb:
“Mən türklərin xalq musiqisini bilmirəm, ona görə də analiz etməyim düzgün deyil. Amma bir bəstəkar kimi mən onu başqa istiqamətə yönəldərdim, başqa cür oxutdurardım. Amma Bülənd Ərsoy bu oxu tərzini seçibsə, yəqin ki, bu yaşdan sonra dəyişməyəcək.
Bir şeyi də qeyd edim ki, insanın şəxsiyyəti ilə sənəti üst-üstə düşməlidir”.
Yazar Mirmehdi Ağaoğlu Bülənd Ərsoyun müğənnilik fəaliyyəti haqda konkret bir qənaəti olmadığını deyib:
“Mən Bülənd Ərsoy sənətinin ciddi izləyicisi deyiləm. Sezən Aksu, Əhməd Qaya, Barış Manço, Cem Qaraca, İbrahim Tatlısəs və digərlərini dinlədiyim kimi onun musiqilərini dinləməmişəm. Ona görə də onun sənəti haqda şəxsi fikrim, daha doğrusu, qənaətim o qədər də geniş olmaya bilər.
Nigar adlı iş adamının Bülənd Ərsoya üzük bağışlaması haqda isə onu deyə bilərəm ki, o qadını tanımıram və bu hadisəni də saytlardan görmüşəm. Düşünürəm ki, həmin xanım öz cibinin puluna aldığı bir əşyanı kimləsə paylaşıbsa, bu məsələnin mən daxil, heç kimə aidiyyəti olmamalıdır”.
Qeyd edək ki, “Boomerang Label” şirkətinin rəhbəri, azərbaycanlı iş adamı Nigar Məmmədova türkiyəli müğənni Bülənd Ərsoya 100 min dollarlıq üzük hədiyyə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.