Hüseyn Dəryanın keçmiş həyat yoldaşı: “Vəd verənlər sözlərini tutmadılar” - VİDEO

25-04-2016, 22:41           
Hüseyn Dəryanın keçmiş həyat yoldaşı: “Vəd verənlər sözlərini tutmadılar” - VİDEO
Ötən gün rejissor Kənan M.M. mərhum reper Hüseyn Dəryanın iki ildir ki, işıq üzü görməyən repini sosial şəbəkədə paylaşıb.

Rejissor “Rep danışacaq” adlı rep ilə bağlı fikirlərini sosial şəbəkədə bölüşüb: “Hüseyn Dəryanın ”Rep danışacaq” repi heç yerdə səslənməyib. 2 il özümdə saxladıqdan sonra dinləyicilərlə paylaşmaq qərarına gəldim ki, H.Dərya unudulmasın. Sanki Dərya aramızdadır və yeni mahnısını bizə təqdim edir”.

Musavat.com mərhum reperin treki işıq üzü görəndən sonra H.Dəryanın keçmiş həyat yoldaşı Sona Muradovadan dinləyicilərin reaksiyası ilə bağlı fikirlərini öyrənib: “Hüseyn rəhmətə getməmişdən əvvəl albom üzərində çalışırdı. Onun yazdırdığı 12 mahnı studiyada qaldı, işıq üzü görmədi. Kənan Mahmudov repin birini dünən sosial şəbəkə paylaşdı və maraqla qarşılandı. İnsanların reaksiyası göstərdi ki, Dərya hələ də sevilir, unudulmayıb. “Rep danışacaq”dan əlavə 11 mahnı var. Mahnılardan birini tezliklə Namiq Qaraçuxurlu Dərya ilə virtual ifa edəcək. Ötən gün Namiq bəylə danışdıq, razılığını aldıq. Rep üzərində iş gedir, gözəl mahnı ərsəyə gətiriləcək. Bizim tək problemimiz puldur, Hüseyninin albomunu çıxartmaq üçün sponsora ehtiyacımız var. 12 gözəl mahnı studiyada qalıb. Düşünürəm ki, Dərya sevərlərin o repləri dinləməyə haqqı var. Albom işıq üzü görsə, həm rep dünyasına töhfə, həm də Hüseyninin ruhu şad olar”.

Reperin keçmiş həyat yoldaşı oğlu Cahangirin rep deməsi barədə də söhbət açıb: “Reper Dado Cahangirlə birlikdə rep deməyi təklif etdi. Cahangir uşaq olsa da, ilk repi uğurlu alınıb. Oğlumun oxuduğu rep sosial şəbəkələri “partlatdı”. Cahangirin damarlarında Hüseyn Dəryanın qanı axır, onun gözəl rep deməməsi mümkün deyil. Oğluma çox inanıram, gözəl musiqi duyumu var. İncəsənət üzrə karyera qurmaq istəsə, ona dəstək olaram. Hələ ki, musiqi təhsili almır, amma atasının yolunu davam etdirməsini istəyərəm”.

Sona Muradova H.Dərya rəhmətə gedəndən sonra onlara dəstək olacağını söyləyən şəxslərdən də danışıb: “O vədlər sözdə qaldı. Hüseyn vəfat edəndə çoxları özünü onunla reklam etdi. Bir müddət sonra isə yoxa çıxdılar. Maddi dəstək olacağını söyləyənlərin də vədləri boşa çıxdı. Rejissor Kənan M.M. prodüser Sayqa Cahid, reper Dado hər zaman yanımızdadır. Biz əsl dostları artıq tanıyırıq”.
[media=https://www.youtube.com/watch?v=vWK05e_xhPk]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.