Ermənilərdən yeni iddia: Camala bütün Avropanı aldadıb

21-05-2016, 01:04           

“Eurovision-2016” müsabiqəsində Krım tatarlarının deportasiyasına həsr olunan mahnının qalib gəlməsi həm Rusiyanı, həm də Ermənistanı qıcıqlandırıb. Ermənistan dünyanın ən məşhur mahnı müsabiqəsində nəqarəti Azərbaycan dilinə yaxın olan Krım türkcəsində ifa edilən mahnının qalib gəldiyi üçün, Rusiya isə Avropanın Ukraynanın əli ilə “kürəyinin yerə gətirilidiyini” düşündüyündən ukraynalı təmsilçisi Camalaya qarşı təxribatlarını səngitmir.

Ötən gün erməni mətbuatı Camala və komandasının bütün Avropanı aldadıb, müsabiqənin qaydalarını pozduğu barədə məlumatlar yayıb. Blognews.am erməni saytının yazdığına görə, Camala və komandası “Eurovision-2016”-da ötən il may ayında ifa etdiyi mahnısı ilə qatılıb. Saytın yaydığı məlumata görə, Ukraynanı qalib etmiş “1944” mahnısını Camala hələ bir il bundan əvvəl 18-də Kiyevdə Krım tatarlarının deportasiyasına həsr olunmuş xatirə gecəsində ifa edib. Bununla bağlı video internet resuslarında yayılsa da, sonradan video hər yerdən silinib. Lakin sayt həmin videonu əldə etdiyini və onun bir il bundan əvvəl çəkildiyini iddia edib.

Camala Avropanı aldadıb?

Erməni saytlarının yaydığı videodakı mahnı Camalanın oxuduğu mahnı ilə üst-üstə düşür. Lakin burdan bir sual ortalığa çıxır, Camalanın “Eurovision”da köhnə mahnı oxumaq şansı nə qədər ola bilərdi? Ümumiyyətlə, müsabiqənin şərtlərində bu məsələ necə tənzimlənir?

Əməkdar artist, "Eurovision” mahnı musabiqəsində Azərbaycanı ilk təmsil edən mahnının müəllifi Gövhər Həsənzadənin “Yeni Müsavat”a verdiyi açıqlamaya görə bir il əvvəl oxunan mahnının müsabiqəyə daxil olması mümkün deyil:

“Mahnının həm sözləri, həm də musiqisi tam yeni olmalıdır. Bu, mütləqdir. Lakin musiqiyə hansısa etnik elementlər, xalq musiqisi əlavə etmək olar. Bu müsabiqədə hər şey ciddi yoxlanılır. Müsabiqə heç də efirdən göründüyü qədər asan, adi deyil. Burda iştirak etmiş şəxs deyə bilər ki, efirdə görünən görüntülərin arxasında 10 dəfə artıq bədii, texniki protokol heyət var. Müsahibənin öz komandası var, keçirildiyi yerdən asılı olmayaraq həmin komanda ora gedir. Dünyada olan ən peşəkar insanları bu yarışmaya cəlb edirlər. İnsan bundan vahimələnir, sanki başqa bir şəhərə düşür.

Müsabiqəyə daxil olunan mahnılarla məşğul olan xüsusi şöbə var. Oktyabr, noyabr ayından mahnılar ora göndərilir, may ayında isə yarışma başlayır. Hər bir mahnı komissiya tərəfindən dinlənilir, təhlil edilir. Necə oldu ki, 6-7 ay ərzində bunun sirri açılmadı, bu bilgi verilmədi, hər şey bitəndən sonra onun köhnə olduğu üzə çıxdı? Əgər belədirsə, onda “Eurovision” təşkilatçıları tamaşaçılara açıqlama verməlidirlər ki, niyə bu məsələyə ciddi yanaşılmayıb, tənzimlənməyib.

Ancaq bir daha qeyd edirəm ki, bu cür hal ola bilməz, çünki təşkilatçılar hər bir mahnını dərindən araşdırır”.

Türklərin deportasiya edilməsini tərənnüm edən mahnını erməni şair yazıb?

Maraqlıdır ki, erməni mətbuatının iddialarından biri də Krım tatarlarının deportasiyasına həsr olunan mahnının sözlərinin erməni şairi tərəfindən yazılmasıdır. İddialara görə, mahnının sözlərinin müəllifi Amerikanın Moskvadakı səfirliyinin əməkdaşı, “Metro” ləqəbli şair Art Artonyandır. “Necə oldu ki, tatarların deportasiyasına aid şeir yazdız?”sualına Artyan belə cavab verib:
“Mən hazırda Rusiyada deyiləm, ona görə bu məsələ ilə bağlı şərh verə bilməyəcəm. Mən ümumiyyətlə ünsiyyətcil biriyəm, lakin bu mövzu haqda danışmaq istəmirəm”. Lakin buna baxmayaraq, erməni şair onu da qeyd edib ki, mahnının ilk sətirləri Camalanın, yəni müğənninin özünə məxsusdur:
“Mənə bir bənd Ukrayna şeiri verib onu ingilis dilində yazmağımı xahiş etdi. Bu mənə maraqlı gəldi və elə həmin gecə evdə işləyib şeiri ingilis dilində yazdım”.

Erməni mətbuatı Camalanın əslində kişi olduğunu desə də...

Qeyd edək ki, erməni və Rusiya mətbuatı “Eurovision-2016”nın nəticələri elan olunan andan başlayaraq az qala hər gün ukraynalı təmsilçi Camala haqqında heç bir əsası olmayan, qərəzli məlumatlar yaymağa başladı. İlk əvvəl erməni mətbuatı Camalanın qalib olmadığını, Krım tatarlarının 1944-cü ildə deportasiyasına həsr edilmiş mahnısının siyasi, Rusiyaya təzyiq edilməsi məqsədi daşıdığını, bunun üçün də gələn il də Rusiyanın 1943-cü ildə Krımda baş verən slavyanların “soyqırım”ı ilə bağlı mahnı oxuması təklifini irəli sürdü. Bundan ürəyi soyumayan erməni mətbuatı Camalanın əvvəllər kişi olduğunu, 2006-cı ildə cinsiyyətini dəyişmək üçün əməliyyat etdiyi barədə məlumatlar yayıldı. Təxribat xarakterli, heç bir əsası olmayan məlumatlarda bildirilirdi ki, guya Camala (əsl adı Susana Camaladdinova) əslində dünyaya kişi olaraq gəlib və adı Əbülxeyir olub. 10 yaşında başlayaraq özünü qadın kimi hiss edən Camala sonralar əməliyyatla cinsini dəyişib. Bu faktı isə müğənninin hülqumu olması ilə əlaqələndirilir. Lakin Rusiyanın bəzi mətbuatları orqanları Camalanın məhz bu detal ilə kişi olması fikrinin əsassız olduğunu, onun məktəbli formasında çəkdirdiyi şəkillərdə heç də oğlana bənzərliyi olmadığını, hansısa əməliyyatın izləri görünmədiyini yazdı.

Türk dünyasının sevimlisinə çevrilən Camala...

Anasının erməni olmasına baxmayaraq, Krım tatarlarının deportasiyasına həsr olunan mahnı ifa etməklə Camala həm Azərbaycan ictimaiyyətinin, həm də türk dünyasının sevimlisinə çevrildi. Krım tatarları vaxtilə deportasiya uğrayan millətlərinin haqq səsini dünyaya çatdırdığı üçün ona minnətdarlıqlarını bildirdilər. Rəcəb Tayyip Ərdoğan isə müğənni ilə telefon əlaqəsi saxlayaraq "1944" adlı mahnısı ilə Krım tatarlarının deportasiyasından bəhs edən sənətçini qalib olması münasibəti ilə təbrik edib, ona uğurlar arzulayıb.

Xatırladaq ki, anası erməni, atası isə tatar olan Camala (əsl adı Susana Camaləddinova) ikinci yarımfinalda çıxış edərkən Ermənistanın "Hayastan-1 TV" kanalı onun ifasını yarımçıq kəsmişdi. Səbəb isə müğənninin mahnısında nəqarətin tam Azərbaycan dilinə yaxın olan Krım türkcəsində ifa edilməsi olub. Nəqarət səslənən zaman ekran qaralıb və yalnız Norveç təmsilçisi səhnəyə çıxandan sonra yayım bərpa olunub. Qeyd edək ki, bu epizod Avropa Yayım Birliyinin (EBU) qaydalarına ziddir.


Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.