Türk köşə yazarı:"CÜMHURİYYƏTDƏN DÖRDƏLLİ YAPIŞMASAQ, İNƏK OĞRULARINA MÖHTAC OLACAĞIQ"

8-05-2019, 00:03           
Türk köşə yazarı:"CÜMHURİYYƏTDƏN DÖRDƏLLİ YAPIŞMASAQ, İNƏK OĞRULARINA MÖHTAC OLACAĞIQ"
Erol Manisalı

“Cümhuriyet”, 07.05.2019



Bəlkə də, buna “Türkiyədəki siyasi İslamda ABŞ-Rusiya qarşıdurması” demək daha uyğundur.

R.T. Ərdoğanın AKP-sinə qarşı Abdullah Gül, Əli Babacan və Əhməd Davudoğlunun “yeni quruluşa meyl etmələri” istər-istəməz ağla bu dəyərləndirməni gətirir.

– Bu adlar, ən incə təbirlə, ABŞ-a “çox yaxın” şəxslərdir. Bəlkə də siyahıya Mehmet Şimşeki də əlavə etməliyik.

– Birləşmiş Ştatların bu gün terrorist siyahısına daxil etmək istədiyi “Müsəlman Qardaşlar”ı dünənə kimi Vaşinqton Yaxın Şərqdə “Böyük Yaxın Şərq Layihəsi”nin (BOP) aləti kimi istifadə edib. Bunun sayəsində Ankaranı (və AKP-ni) Şam (və Əsəd) ilə can dostu Əsəddən, can düşməni Əsəd halına gətirib.

Ankaranı xirtdəyədək Suriya bataqlığına soxub.

Bununla yanaşı, o, “strateji xəta”ya yol verərək və ixtiyarındakı Fəthullah Gülən hərəkatından (FETÖ) istifadə etməklə, onu 15 İyulda digər siyasi İslama, AKP-yə qarşı yönəldib.

Bu səhv AKP iqtidarını, “zorla Moskvaya yönəldib” və iş “S-400”-ə çatıb.

Üstəlik, o biri tərəfdən Kürdüstan cəhdi üçün “YPG-ni öz ordusu vəziyyətinə gətirərək silahlandırıb” və Ankaraya da istədiyi silahları verməyib.

R.T. Ərdoğan Moskva və “S-400” yolunda Trampla döyüşməyə başlayıb. Məhz bu anda AKP içində ABŞ-a “Ərdoğandan daha yaxın məsafədə olan bir çox əhəmiyyətli siyasi fiqurlar” yeni addımlar atıblar.

Əslində, Ərdoğan hər nə qədər CHP-ni “xarici mərkəzlərdən idarə olunan” hesab etsə də, ünvan səhvdir. Köhnə AKP-lilərin yeni cəhdləri oradan qaynaqlanmırmı? Bu, Ərdoğanı narahat edirmi?

Bundan başqa, “Müsəlman Qardaşlar”ın üstünən xətt çəkən Tramp, R.T. Ərdoğanın İslam dünyasındakı fonunu zəiflədib.

Ötən həftə də yazmışdım: “bu coğrafiyada siyasi İslam mərkəzli rejimlər ABŞ (və ya İngiltərə) ilə əməkdaşlıq olmadan yaşaya bilməz”.

Dini yönümlü rejimlər yalnız ABŞ imperializminin dəstəyi ilə ayaq üstə dayana bilər.

Hətta məsihçi dini liderlər də onsuz ayaq üstə dayana bilməzlər.

Makarios (Kiprin sabiq prezidenti, arxiyepiskop – tərc.) anti-ABŞ-çı idi. Tito və Nasir ilə “üçüncü dünya” zəmini yaranmışdı.

Birləşmiş Ştatlar hətta məsihçi olana belə dözüm göstərmədi. 1974-cü ildə Ecevit-Ərbakan koalisiyası haqlı olaraq Sülh Hərəkatına (Kiprə müdaxilə – tərc.) başladıqda, 6-cı donanma istəsəydi, TSK-nin müdaxiləsini, həqiqətən, əngəlləyə bilərdi.

Amma o, bir daşla iki quş vurdu:

– həm Makariosu ABŞ və İngiltərəyə ehtiyaclı hala gətirdi: keşiş Britaniya helikopteri ilə qaçırıldı və “xilas edildi”.

– Həm də Şərqi Aralıq dənizində Türkiyəni də, Yunanıstanı da ABŞ-a daha möhtac hala saldı. Gələcək üçün BOP hərəkatına zəmin hazırladı.

Qəribədir: TSK Kipr türklərini qorumuşdu və “Amerikanı da Makarios bəlasından xilas edirdi”!

Çox təəccüblüdür: Makariosu, yəni anti-Amerikan bir xristiandan qurtulma işini Ecevitin ortağı, anti-Amerikan bir siyasi islamçı Ərbakan icra edirdi!

Uzun illər sonra, 1997-ci il fevralın 28-də “yenə qərbyönlü hərbçilər və qərbyönlü islamçılar vasitəsilə” anti-Amerikaçı Ərbakan “qaçırıldı”.

Haradan haraya gəlib çıxdıq: hərbçi, dinçi heç fərqi yoxdur, əzilmək məcburiyətində qalırsınız.

Bu torpaqlarda imperializmə qarşı çıxa biləcək yeganə lider Atatürk və onun ardınca gələn inqilablar idi. Hətta bizim gözəl kənd institutlarını belə ABŞ imperializmi, torpaq ağaları və təriqətlər məhv etdi və biz bu günə düşdük.

İçimizdə milli maraqlarımız istiqamətində mütəşəkkil birlik və bütünlüyü saxlaya bilməsək, qısır iqtidar və mənfəət qovğalarını davam etdirsək, bizi heç kəs xilas etməyəcək. Nə ABŞ, nə də Rusiya, heç kim…

AKP, MHP və HDP də “Əkrəm İmamoğlunun niyə toplumun ümid işığı olduğu”nu düşünməli və dərk etməlidir. Hər kəs yerindən çıxarlmış olan “T.C.”-yə dörd əllə sarılmalıdır.

ABŞ və ya Moskvaya ehtiyaclı olmaq sonda bizi “inək oğrularına möhtac hala gətirəcək…”

Nəticə budur: “Nəyin bahasına olursa-olsun” İstanbul siyasəti.

Tərcümə: Strateq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.