İlbər Ortaylıya Azərbaycan tarixçilərindən cavab: "Əmir Teymur öz dövlətini Turan adlandırıb, bütün Türk dünyasının hökmdarı olub”

17-05-2019, 20:02           
İlbər Ortaylıya Azərbaycan tarixçilərindən cavab: "Əmir Teymur öz dövlətini Turan adlandırıb, bütün Türk dünyasının hökmdarı olub”
Dilavər Əzimli: “İlbər Ortaylının həmin dövr üzrə mütəxəssis olmaması dərhal özünü büruzə verir. Dünyanı silkələyən, İslam qaydalarına əməl edən, Türk törəsini müqəddəs sayan insan terror edərdimi?”
Faiq Ələkbərli:“ Ortaylının Qərb təfəkkürünün təsiri altında Əmir Teymuru aşağılaması qəbuledilməzdir. Özü də bunu “Türkün qızıl dövrü” adlı kitabda yazmaq əsl türk tarixçisinə yaraşmaz”
Bir müddət əvvəl Bakı Kitab Mərkəzində tanınmış Türkiyəli tarixçi-yazar, professor İlbər Ortaylının Azərbaycan dilinə tərcümə olunmuş “Türklərin qızıl dövrü” kitabının təqdimat mərasimi olub və müəlliflə görüş keçirilib. Professorun qələmə aldığı “Türklərin qızıl dövrü” kitabında türk dünyasının böyük fatehlərindən biri olan Əmir Teymuru “terrorçu” kimi təqdim edib. Kitabın “Əmir Teymur və Teymurilər” adlı bölməsində bu ifadələr yer alıb: “Osmanlının müharibə və fəth metodu ilə Teymurun hərbi fəaliyyəti arasında bir müqayisə aparıldığı zaman fərqlər açıq-aydın görünür. Məsələn, Teymurun terrordan istifadə edərkən bivec davranması…”.
İ.Ortaylının böyük türk hökmdarı Əmir Teymuru “terrorçu” adlandırması bir sıra tarixçilərin sərt etirazına səbəb olub.
Tarixçi-alim Dilavər Əzimli “Şərq”ə açıqlamasında bu adamın son çıxışları ilə özünü biabır etdiyini deyib. Tarixçinin sözlərinə görə, belə yanaşmalar ümumtürk birliyinə ciddi zərbə vurur:
“Hesab edirəm ki, bu cür ifadələr Türk dünyasının tanınmış tarixçisi kimi təqdim edilən İlbər Ortaylının nüfuzuna ciddi xələl gətirir. Kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri hüququ “TEAS Press” nəşriyyat evinə məxsusdur. Bəs bu nəşriyyat hara baxıb? Belə çıxır ki, Əmir Teymur həqiqətən də “terrorçu” olub?! Ayıbdır, vallah!. İlbər Ortaylının həmin dövr üzrə mütəxəssis olmaması dərhal özünü büruzə verir. Ortaylı daha çox osmançılıq mövqeyindən çıxış edir. Əmir Teymura qarşı bu cür ifadəni qəbuledilməz hesab edirəm”.
D.Əzimli vurğulayıb ki, dövr üzrə mütəxəssis olmayanlar belə yazıları və açıqlamaları ilə Turan ideyasına ziyan verirlər:
“Məsələn, bu yaxınlarda Türkiyədə yaşayan azərbaycanlı alim Nəsib Nəsibov öz çıxışında həmişəki kimi Şah İsmayılı hədəfə alaraq aşağıladı. Qəribədir ki, Türkiyənın nüfuzlu tarixçisi Tufan Gündüz Şah İsmayılı türk dünyasının böyük fatehi kimi təqdim edir, Nəsib Nəsibov isə onu aşağılayır. Məsələnin kökündə dayanan odur ki, Tufan Gündüz orta əsrlər üzrə tarixçidir, Nəsib Nəsibov isə XX əsrin əvvələrini tədqiq edib. Bu mənada İlbər Ortaylı da orta əsrlərə münasibətdə bu cür səhvlərə yol verməkdədir. Əmir Teymur haqqında mənfi yazanların hamısı ona nifrət edənlərdi. Əmir Teymurun tarixçilərinin, heç olmasa Cüveyninin xronikasını oxumaq lazımdır. Dövrün salnamələri var, məktublar var. Dünyanı silkələyən, İslam qaydalarına əməl edən, Türk törəsini müqəddəs sayan insan terror edərdimi?”.
AMEA-nın aparıcı elmi işçisi, türkoloq-alim Faiq Ələkbərli də “Şərq”ə açıqlamasında deyib ki, İlbər Ortaylının bu fikri nəinki yanlış, həm də çox təhlükəlidir:
“Bu onu göstərir ki, Türkiyəli tarixçilər hələ də Qərb təfəkkürlü tarixçilikdən qurtula bilməyiblər. XX əsrin əvvəllərində böyük Azərbaycan Türk mütəfəkkirləri Əli bəy Hüseynzadə, Hüseyn Cavid yazırdılar ki, avropalılar bəzi başkəsən, qaniçən, əxlaqsız krallarını, hökmdarlarını qəhrəman kimi qələmə verib heykəllərini ucaltdıqları halda, bizlər Əmir Teymuru, Atillanı, Çingiz xanı, Uzun Həsəni, Alp Arslanı və başqa Türk xaqanlarını vəhşi, qaniçən kimi təqdim etməyə davam edirik. Şübhəsiz, bu gün Əmir Teymur haqqında Ortaylının yazdığı Qərb tarixi təfəkkürünün məhsuludur. Ancaq artıq heç kəsə sirr deyil ki, Qərb tarixçiliyi Türk tarixinin təhrifi və inkarı üzərində qurulub. Belə ki, Qərb tarixçilərinə görə, Türk xalqları və onun hökmdarları barbardırlar. Belə olduğu təqdirdə, Ortaylının həmin təfəkkürün təsiri altında Əmir Teymuru aşağılaması qəbuledilməzdir. Özü də bunu “Türkün qızıl dövrü” adlı kitabda yazmaq əsl türk tarixçisinə yaraşmaz. Ortaylı bilməlidir ki, Türk tarixinin qızıl dövründən biri də Əmir Teymur dövrüdür, Teymurilər dövrüdür. Əmir Teymur öz dövlətini Turan adlandırıb, bütün Türk dünyasının hökmdarı olub”.
Alim əlavə edib ki, əgər Ortaylını bu məsələ ilə bağlı rahatsız edən Əmir Teymurun Osmanlı dövləti və onun sultanı İldırım Bəyazid üzərində qələbəsidirsə, o bilməlidir ki, bu hadisədə birtərəfli suçlama doğru deyil:
“Yəni bütün hallarda Əmir Teymuru “terrorçu”, “bivec” kimi qələmə vermək Türk ruhuna ziddir. O zaman Ortaylı, özbək qardaşlarımıza nə cavab verəcək? Bizə nə cavab verəcək? Ortaylı unutmamalıdır ki, Qərb tarixçiliyində bəzi Osmanlı sultanları haqqında da xoşagəlməz, qəbuledilməz fikirlər var. Ancaq biz Osmanlı sultanlarına qarşı atılan ittihamları rədd edirik. Eyni şəkildə Əmir Teymuru, Uluq bəyi, Şeybanini, Məhəmməd Xarəzmi, Sultan Mahmudu, Məlikşahı və başqalarını da özümüzə doğma hesab edirik. Türkün qızıl dövrünə yanaşma bunu tələb edir”.(moderator.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.